17 Yanvar 2021 19:19

Beynəlxalq Vizyon Universiteti, Azərbaycan şairi Həbibi və Türkcə təhsil bayramı

““Ərbabi-hünəri tanımaq da bir hünərdir”, – demişlər”. – Azərbaycan ədəbiyyatşünaslığında şair Həbibi haqqında qiymətli mənbələr əsasında ilk  dəyərli məlumat verən görkəmli alim Salman Mümtaz “Sultanüş-şüəra Həbibi” (1921) adlı məqaləsini bu deyimlə başlayır. Bu məqalənin yazıldığı vaxtdan artıq yüz il keçməkdədir. Bu yüz ildə Həbibi barədə bildiklərimiz  onun həyat və yaradıcılığını tam əks etdirməsə də, “Füzulini heyran edən şairimiz”in (Əzizağa Məmmədov)    klassik Azərbaycan  poeziyasının görkəmli nümayəndəsi olduğunu söyləməyə kifayət edir.

“Həbibi, gər dilərsən ömri-baqi,

 Özünü fani et, darül-fənadə”,

deyən şair əbədiyaşar şeirləriylə bu gün artıq 550 ildir ki, həyatdadır.

 19 dekabr 2020-ci ildə Şimali Makedoniyanın Qostivar şəhərində Beynəlxalq Vizyon Universitetində Azərbaycan şairi Həbibinin 550 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib. Beynəlxalq Vizyon Universitetinin ELGER Beynəlxalq Elm-Tədris Mərkəzi ilə birgə təşkil etdiyi,  Balkan Araştırmaları İnstitutunun rəhbəri  dos.dr. Atilla Jorma (Beynəlxalq Vizyon Universiteti, Qostivar) və  dos.dr. İlkin Qulusoyun (Qafqaz Universiteti, Kars) moderatorluğu ilə həyata keçirilən  “East and West: a dialogue of cultures” (Şərq və Qərb: mədəniyyətlər dialoqu) adlı IX Beynəlxalq elmi-praktik konfransda Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Gürcüstan və Ukraynanın müxtəlif universitetlərində, elm, təhsil və mədəniyyət sahələrində çalışan  alim və tədqiqatçılar maraqlı məruzələrlə çıxış edib. Konfransda  açılış nitqi ilə çıxış edən Beynəlxalq Vizyon Universitetinin qurucu-rektoru prof.dr. Fadil Hoca iştirakçıları Azərbaycan şairi Həbibinin 550 illik yubileyinə həsr olunan bu elmi konfransda salamlamaqdan böyük məmnuniyyət duyduğunu bildirdikdən sonra konfransın elmi əhəmiyyətindən söz açaraq, rəhbərlik etdiyi universitetin yarandığı gündən indiyədək keçən qısa bir müddət ərzində gördüyü işlərdən, çoxsaylı konfrans və simpoziyumlara təşkilatçılıq etdiyindən bəhs edib. Universitetin nəzdində fəaliyyət göstərən Balkan Araşdırmaları İnstitutunun təşəbbüsüylə  Qostivarda keçirmək istədikləri  “Nəsimi” konfransının məlum pandemiya səbəbindən baş tutmadığını qeyd edən prof.dr. Fadil Hoca, inşallah, hər şeyin normallaşacağı yaxın gələcəkdə bu arzunun da gerçəkləşəcəyini vurğulayaraq, alim və tədqiqatçıları Beynəlxalq Vizyon Universitetində qonaq etməkdən məmnun olacaqlarını bildirib.

 Qeyd edək ki, fəaliyyət göstərdiyi yeddi ildə Avropada türkcə təhsil verən ilk və tək universitet olaraq olduqca böyük  uğurlara imza atan, məlum pandemiya səbəbiylə onlayn təhsil sisteminə keçərək  tədris prosesini müvəffəqiyyətlə  davam etdirən Beynəlxalq Vizyon Universiteti dünən – 21 dekabrda üçüncü məzuniyyət mərasimini də onlayn keçirib. 7 il öncə məhz həmin gündə, Şimali Makedoniya türkləri üçün ən önəmli günlərdən biri olan Türkcə təhsil bayramında –  21 dekabrda fəaliyyətə başlayan universitet  Balkanlarda və Avropanın mərkəzində (artıq bir ildir ki, Vyanada da şöbəsi açılıb) türk dilini, türk mədəniyyətini yaşatmağa və dünyaya tanıtmağa çalışır. Builki Türkcə təhsil bayramının qeyd olunması çərcivəsində  isə TÜRKSOY-un baş katibi prof. Düsen Kaseinov  Beynəlxalq Vizyon Universitetinin  ziyarət edib. Görüş zamanı TÜRKSOY-la  BVU arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin gələcək inkişafı yolunda görüləcək yeni işlərdən də söz açılıb.

 Türk dünyası üçün mühüm işlər görən, türklük naminə Avropada tarix yazan Beynəlxalq Vizyon Universiteti yarandığı gündən etibarən, zənnimizcə, yalnız hər ilin 21 dekabrında deyil, ilin hər günü Şimali Makedoniya türkləri üçün  türkcə təhsilin bayramıdır. Və bu universitet, onu qurub-yaradanların və orda çalışan insanların Türkcə təhsil bayramına ən gözəl hədiyyəsidir! Evladi-fatihana və Türk dünyasının hər tərəfindən gələn gənclərə  doğma türk dilində ali təhsil verən, adına layiq işlər görən Beynəlxalq Vizyon Universitetinə daha böyük uğurlar arzulayırıq.

 Dos.dr. Şəlalə Ana Hümmətli

Açıklama yok.

 

Açıklama yok.

Paylaş: