26 Yanvar 2021 00:57

Türkiyə Xocavənddəki erməni təxribatına görə bəyanat verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Xocavənd rayonunda erməni qruplaşmalarının törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, Ermənistan bölgədə sülhün bərqərar olması üçün reallıqla barışmalıdır:

“Dağlıq Qarabağda silahı yerə qoyub və geri çəkilməyi rədd edən erməni ünsürlərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla təsis edilən atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır”.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda onu da vurğulayıb ki, atəşkəs imzalandığı gündən bu günə qədər Ermənistan tərəfi bir neçə dəfə təxribat yaratmağa cəhd edib:

“Daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son olaraq da 27 dekabr günü yaşanan erməni silahlı ünsürlərinin hücumları nəticəsində hərbi və mülkilər arasında ölən və yaralananlar olub. Üçtərəfli bəyanatın tərəfi olaraq, ərazidən erməni silahlı ünsürlərin geri çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin əsil məsuliyyəti Ermənistanın üzərindədir. Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin təxribatlarına qarşı özünü müdafiə haqqından istifadə edərək layiqli cavabı verib. Bölgədə sülhün yaradılmasında paya sahib olmaq üçün Ermənistan gerçəkləri qəbul etməli və üçtərəfli bəyanatda qəbul etdiyi şərtləri yerinə yetirməlidir. Hücumlarda dünyasını dəyişən azərbaycanlı qardaşlarımıza allahdan rəhmət, yaralılara şəfa, Azərbaycan xalqına başsağlığı diləyirik”.

Paylaş: