Niyə qondarma rejimin “bayrağı” Qarabağdan yığışdırılmır?

Niyə qondarma rejimin “bayrağı” Qarabağdan yığışdırılmır?

Özünü qondarma “Dağlıq Qarabağ Respublikasının” “prezidenti” kimi tanıdan Arayik Arutyunyan müxtəlif görüşlərdə hələ də qondarma rejimin “rəmzlər”indən istifadə edir. Diqqət çəkən məqam odur ki, bu halların daha çox terrorçuların rusiyalı sülhməramlılarla bərabər keçirdikləri tədbirlərdə təkrarlandığını görürük.
Ancaq Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdükdə ətrafda təkcə Ermənistan bayrağı olur.
Belə olduqda isə ortaya haqlı suallar çıxır. Məsələn, rusiyalı sülhməramlılar Paşinyandan daha artıqmı ermənidirlər? Sülhməramlı terrorçunun bayrağı altında durmaqdan niyə zövq alır? Rusiyanın bu tip davranışları nədən xəbər verir?
Mövzu ilə bağlı “BakuPost”a danışan politoloq İlqar Vəlizadə bildirdi ki, bayraq məsələsi ilə yanaşı, Arayik Arutyunyan adlı bu şəxsin fəallığı da sual altındadır:
“Arayik hər hansı bir şəxs qismində rusiyalı sülhhməramlılarla, yaxud digərləri ilə danışıqlar apara bilməz. Çünki onun buna səlahiyyəti yoxdur və olmamalıdır. Hələ də bu məsələ ilə bağlı beynəlxalq müstəvidə siyasi qərar verilməyib. Arayik də bundan istifadə edərək fəallıq göstərir, kimlərləsə görüşür, bəyanatlar verir, özünü separatçı qurumun “prezidenti” kimi qələmə verir. Ümumiyyətlə, sülhməramlılar tərəfindən separatçı qurumun fəaliyyətinə tamamilə son qoyulmalı idi. Ancaq təəssüf ki, onun bəzi strukturları qalıb və fəaliyyətdədir. Bunun özü də sual doğurur ki, nəyə görə fəaliyyətdədir, fəaliyyətləri nədən ibarətdir? Axı, məlumdur ki, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlar Azərbaycan ərazisidir. Belə halda bu erməni qurumu torpaqlarımızda fəaliyyət göstərməməlidir. Bu azmış kimi terrorçular sülhməramlılara medallar, ordenlər verirlər. Onlar bu medalları almamalı, götürməməlidirlər.
Sülhməramlılar tərəfindən müxtəlif bəyanatlar səsləndirilir. Onlara təlimlər keçmək lazımdır ki, sosial şəbəkələrdə təxribatçı bəyanatlarla çıxış etməsinlər, hansısa ermənipərəsət mövqe nümayiş etdirməsinlər. Biz onlardan tələb etmirik ki, azərbaycanpərəst olsunlar. Tələbimiz budur ki, ermənipərəstlik də etməsinlər və neytrallığı qorusunlar. Bu məsələlərlə yanaşı, qondarma qurumun müxtəlif tədbirlərdə, görüşlərdə öz “bayrağından” istifadə etməsi halı da tez-tez təkrarlanır. Düşünürəm ki, yaxın günlərdə, həftələrdə bu problemlər öz həllini tapacaq. Sülhməramlıların olduğu yerlərdə, müəyyən ictimai tədbirlərin keçirildiyi ərazilərdə qondarma rejimin “bayrağı” olmamalıdır. Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Həmçinin, Arutyunyan, Vitali Balasanyan barədə müəyyən qərarlar qəbul olunmalıdır. Çünki cinayətkardırlar. Bunların nəinki çıxış etməyə, hətta, ictimaiyyət arasında görünməyə belə haqları yoxdur. Yəni məsələyə kompleks şəkildə baxılmalıdır”.
Politoloq N.Paşinyanla Arayikin görüşlərində qondarma rejimin “bayrağından” istifadə olunmamağına da diqqət çəkdi:
“Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hələ də qondarma rejimi və onun “prezidenti”ni tanıyır. Rəmzin yığışdırılmasının bir çox səbəbləri ola bilər. Məsələn, güman ki, Paşinyan indiki şəraitdə, beynəlxalq vəziyyəti nəzərə alaraq Türkiyə və Azərbaycanı qıcıqlandırmamağa çalışır. Üzümüzə gələn aylarda Paşinyan hakmiyyətinin Türkiyə və Azərbaycana barışdırıcı təkliflər edəcəyi istisna olunmur. Ola bilsin ki, buna zəmin yaradılır. Yəni burda ehtimallar çoxdur.
Vəziyyətdən belə anlaşılır ki, ermənilər regionda yeni status-kvo yaratmağa çalışırlar. İstəyirlər ki, bu status-kvoda onların qondarma respublikası müəyyən yer alsın. Lakin Azərbaycan buna yola verməməli və bu tendensiya ilə mübarizə aparmalıdır. Bunun üçün bütün əlimizdə olan imkanlardan istifadə etməli, lazımlı tədbirlərə əl atmalıyıq”.

Paylaş:

Share