25 Yanvar 2021 23:57

Kərki kəndi nə vaxt Azərbaycana təhvil veriləcək? – FOTO

1990-cı ildə Naxçıvanın Ermənistan tərəfindən işğal edilən Kərki kəndinin qaytarılması gündəmdədir.
Turkustan.info
 xəbər verir ki, Ermənistanda Tiqranaşen adlandırılan kəndlə bağlı müzakirələr qızışıb.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan iddia edir ki, Azərbaycan Kərkini boşaltmağı tələb edir.
“Onlar tələb edirlər ki, qarşıdakı bir neçə gün ərzində kənd təhvil verilməlidir. Tiqranaşenin təhvil verilməsindən sonra biz Sünikdə (Zəngəzurda) hərəkət edə bilməyəcəyik”, – Baqratyan bildirib.
Ararat (Vedi) rayonunun qubernatoru Razmik Tevonyan isə Baqratyanı təkzib edib.
“Məşhur müxalifət dairələri o haqda informasiya yayır ki, Tiqranaşen yaxın günlərdə Azərbaycana təhvil veriləcək. Bu, doğru deyil. Məlumdur ki, hakimiyyətə qayıtmaq istəyən bu qüvvələr gərginlik yaratmaq üçün bunları edir”, – Tevonyan bildirib.
Lakin Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan ərazisidir və qaytarılmalıdır.
“Google Maps” artıq Kərkini Azərbaycan Respublikasının ərazisi kimi təqdim edir. (publika.az)

Paylaş: