17 Yanvar 2021 19:57

Hüseyn Cavidin dünyagörüşündə milli-dini maarifçilik və turançılıq məsələləri

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

III Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

27 aprel Sovet Rusiyası işğalından sonra Hüseyn Cavidin dinlərə, o cümlədən islam dininə münasibəti bir qədər də dəyişmiş, bizcə, daha çox elmi-fəlsəfi xarakter daşımışdır. Xüsusilə də, o, “Azər” poema­sında insanları dindən imtina etməyə çağırmasa da, ancaq ümumilikdə “həyat dini”ni təbliğ etməklə, buna işarə etmişdir. Hər halda əsərin qəhrəmanı Azər (Azər adlı obraz Cavidin özüdür) 30 illik tərəddüdlərinin, bilgilərinin, ziddiyyətlərinin yekunu olaraq yeni bir həyat fəlsəfəsini (“dini-həyat”ı) ortaya qoymaq istəyir. Cavid yazırdı:

Azər düşünür… Bəlkə otuz yıldır o hər an

Düşkün bəşərin eşqini, fəryadını inlər.

Yaqdıqca yaqar beynini bir kölgəli böhran,

Əflaka sorar dərdini, yıldızları dinlər. [1]

Azər kimdir? Azər, sevgi yolu izləyən, barış istəyən, əbədi azadlıq sevdalısı birisidir. Ancaq o yeri gələndə barış üçün qovğa da edir, əbədi azadlıq üçün mübarizə də aparır, bəzən mərhəməti dayaqda, bəzən də yardım etməkdə görür, ilahi sevgi üçün qurbanlar da verir. Ən əsası odur ki, Azərin yeni həyat fəlsəfəsində ikiüzlülüyə, riyakarlığa, saxtakarlığa yer yoxdur. O, bu məsələdə riyakar ruhaniləri də, yaltaqları da, rüşvətxor məmurları da, dini və siyasi fanatikləri də, yaxın dostlarını da qarşısına alır:

Rəqsi təlim ediyor aqsaqlar,

Əzəmət düşkünüdür alçaqlar.

Zevqə biganə səfillər bol-bol

Şerü sənətdə arar bir yeni yol.

Sadədil, hissə uyan abdallar

Həp siyasi kəsilib at nallar.

Bir yığın kor qılavuzluq yaparaq

Göstərir zülməti aydın, parlaq.

Hər gülər yüzdə ölüm, qan görürəm,

Pək yaqın dostları düşman görürəm.

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq. [2]

Cavid açıq şəkildə deyirdi ki, dini və siyasi anlamda simasızlaşdırılan bir cəmiyyətin gələcəyi yoxdur. Ona görə də, hər şeyi yenidən başlamaq, artıq insanların şüurlarına yerimiş cəfəng, çürümüş əfsanələrdən, ideyalardan əl çəkib elmi, maarifpərvər yol tutmaq lazımdır. O, yazırdı:

Ən gözəl dindir iştə dinihəyat,

Başqa yol yox: ya fənn, ya mövhumat.

İstər uy dinə, istər uy fənnə,

Çağırır xalqı kəndi cənnətinə.

Biri nəqd iştə, nisyədir birisi,

Çoq olur bəlli, nəqd müştərisi.

Artıq əfsanə devri keçdi, yetər!

Oqşamaz ruhu əski bilməcələr.

Can çəkişdikcə köhnə zevqü şüar

Yeni bir cilveyi-dəha parlar.

O da yoq şübhə sarsılır bir gün,

Başqa bir ictihad olur üstün.

Əski dahilər “iştə haq” dedilər,

Çırpınıb bir həqiqəti izlədilər,

O həqiqət bu gün xəyal oluyor,

Dünkü şən bağçalar bu gün soluyor.

Dəyşirkən, əvət bəşər qafası,

Dəyişir Tanrının siması. [3]

İlk baxışda, zahirən Cavidin “Yeni həyat”, yeni “dini-həyat” dedikdə, Sovet kommunistlərinin “sovet həyatı”nı nəzərdə tutduğunu güman etmək olar. Çünki həmin dövrdə məhz bu cür təbliğat aparılır, imperiyanın hər tərəfində olduğu kimi, Quzey Azərbaycandan, onun aydınlarından da bu tələb olunurdu. Bu prosesə Caviddə cəlb olunmuşdur ki, o da, “Azər” poemasında zahirən yeni “sovet həyat”ını, əslində isə özünün istədiyi, arzuladığı “yeni həyatı” ortaya qoyurdu. Başqa sözlə, Cavid əslində Sovet Azərbaycanından öncə yeni bir həyatın təbliğatçısı idi, ancaq o dönəmin şərtləri altında düçüncələrini ifadə edirdi. Artıq Sovet Azərbaycanında 27 aprel işğalınaqədərki şərtlər olmadığı üçün, indi də yeni şərtlərə görə eyni həyat fəlsəfəsini yazırdı. Bizcə, Cavid üçün yeniləşmə, yeni həyat fəlsəfəsi şərtlərə görə, zahirən dəyişsə də mahiyyət etibarilə dəyişməz olaraq qalırdı. Başqa sözlə, Cavid üçün Tanrı nə ruhanilərin, nə  kommunistlərin, nə də liberalların anladıqları Tanrı deyildi. Bunu, o, əvvəllər də dəfələrlə ifadə etmişdir. Sadəcə, yeni şərtlərlə dinlərdəki Tanrını tamamilə inkar edən sovet cəmiyyətinin özü yeni Tanrı, yəni fəhlə-kəndli cəmiyyətinin istədiyi “Tanrı” formalaşdırırdı ki, Cavid belə bir Tanrını qəbul edə bilməzdi. O, dinlərdəki Tanrını özəlləşdirən ruhanilər kimi, kommunistlərin də  “kommuna” adlı “Tanrı”sını qəbul etmirdi. Çünki riyakar ruhanilərlə riyakar kommunistlərin istədikləri əsas hədəf gözəgörünməz Tanrı, ya da “Kommuna-Tanrı”” adları altında yağmaçılıqdır, qəsbkarlıqdır. Bu baxımdam Azərin üzünü tutub allahlı “Şeyx”ə dedikləri, eyni ilə allahsız “Kommunist”ə (əslində isə Kommuna “Tanrı”lı ateistə) də aid idi:

Yaşatan varsa iştə xilqətdə,

Mədə… həp mədə… həzrəti-mədə…

Baq, həqiqət də, bəlkə haq da budur,

Səni hər kim doyursa Tanrın odur.

Din için, firqə, ya siyasət için

Nerdə bəslənsə bir ədavət, kin,

Nerdə qan, ya ölüm, ələm görsən,

Buna yalnız sənin mədən… [4]

Azərin dili ilə Cavid açıq şəkildə deyirdi ki, artıq “göylərin hekayəsi”ni bir qırağa qoyub yerin gerçək “hekayəsi”ni öyrənmək lazımdır. Ona görə yerdə, yerdəki cəhənnəm və cənnətdə daha gerçəkçidir, çünki onları özümüz öz əllərimizlə yaradırıq. Cavid yazırdı:

Şeyxim, aldatma xalqı, dinlə bəni,

Bütün əfsunlu sözlərin xülya…

Gəl bıraq göylərin hekayəsini,

Enəlim kəndi doğma yurdumuza.

Burda cənnət də var, cəhənnəm də,

Onu, yoq şübhə, bizləriz yaratan.

“Cifə” zənn etdiyin şu aləmdə

Başqa zevq almaq üzrə insan hər insan.

Kimi cəhl atəşində qavrularaq,

Həp yanar, qəhr olur səfalətdən.

Kimi irfanla şadkam olaraq,

Dəm vurur nəşədən, səadətdən. [5]

Beləliklə, Cavid belə qənaətə gəlirdi ki, könülü cənnət istəyən cəmiyyət dini əfsanələri bir kənara qoyub bu dünyanın özündə məscidləri, kilsələri, sinaqoqları məktəblərə, kitabxanalara çevirməli­dir. Onun fikrincə, yaınız mərifətli, bilikli bir cəmiyyətdə cənnəti yaratmaq; şərəf və qürurla yaşamaq mümkündür. [6] Əlbəttə, Cavidin bu dediklərində xeyli dərəcədə həqiqət olmaqla yanaşı, elmlə, biliklə yəni maariflənməklə hər şeyin öz həllini tapacağına ümid etmək də doğru deyil. Biz bunu, maariflənmiş sovet cəmiyyətində də gördük. Deməli, əsas problemi yalnız hərf tanımaqla, ya da müxtəlif kitablardan müxtəlif biliklər almaqla həll etmək çox zordur. Bu, yəni bütün cəmiyyətin hərf tanıyıb maariflənməsi ən yaxşı halda, insanlıq yolunda gediləcək yolun başlanğıcı ola bilər. Ancaq işin çox çətin olanı insanlıq fəlsəfəsinin bütün insanlar tərəfindən qəbul edilməsidir. Yəni müharibə yox sülh olsun, şər deyil xeyir olsun, nifrət deyil sevgi olsun deməklə, insanlıq fəlsəfəsi olmur. Çünki insanlıq fəlsəfəsinin özü elə bütün bunları: sülh üçün savaşmağı, sevgi üçün nifrəti öldürməyi, xeyir üçün şəri dəf etməyi tələb edir. Bu zaman da məlum olur ki, insanlar da, cəmiyyətlər də Tanrılardan, dinlərdən, Ədalətli cəmiyyətdən, Demokratiyadan, Sosializmdən çıxış edərək bu ikili mübarizələrdə məhz özünün doğru yolda olduğunu iddia edirlər. Caviddə bu cür ziddiyyətləri göstərərək, bir çox hallarda sülh deyənlərin əslində müharibə üçün, müharibə deyənlərin isə əslində sülh üçün çalışmaları kimi qəribəlikləri ifadə etmişdir. Cavid yazırdı:

…Əvət, insan olursa insanlar,

Şübhəsiz, parlayıb da vicdanlar

Sevgi nurilə kainatı bəzər,

Bıraqıb kini, qurt qoyunla gəzər.

Bəlli… Ta əskidən böyük başlar

Sülh üçün uğraşıb çalışmışlar.

Çıqaraq hərbə qarşı ürəfa,

Əbədi sülh içində buldu şəfa.

Kimi “qan-qan!..” deyib də çıldıraraq,

Sülhə düşman kəsildi, iştə məraq… [7]

Bir sözlə, Cavidin təbrincə desək, “insan olursa insanlar” kainatda sevgi, ədalətlilik, bərabərlik hökm sürər. Bu isə heç bir zaman olmamışdır, bu gün də gerçək deyil və görünən odur ki, gələcəkdə də olmayacaq. Ən yaxşı halda ayrı-ayrı cəmiyyətlərdə bu olmuşdur, indi də bəzi cəmiyyətlərdə az-çox var, gəlcəkdə də hansısa toplumlarda olacaqdır, deyə bilərik.  Ancaq yenə də Cavid ümid edir ki, ağıl insanın rəhbəri olsa, nə zaman müharibə, nə zaman sülh etməyin yerini bilsə insanlıq qalib gələcək. Başqa sözlə, qüvvəti ağıl ilə idarə etməklə digər yalançı, zərərli ideyaları aradan qaldırmaq mümkündür. O, yazırdı:

Bən derim: “Həpsi laf, inanma saqın!

Rəhbər olsun da qüvvətin, ağlın.

Yeri gəldikdə sülh üçün çabala,

Öylə yer var ki, hərbi alqışla.

Quzu gördünmü sev, o, kin bilməz;

Canavar qarşı gəlsə parçala, əz.

Qüvvət üstündə varsa əqli-səlim,

Sana kainat olur təslim”. [8]

Cavidə görə, ağıllı insan üçün önəmli olan “yaşatmaq” ideya­sıdır,  “yaşatmamaq” yox. Onun fikrincə, insanın yonulmuş heyvan, meymun hesab olunmasında müəyyən həqiqət payı olsa da, ancaq bunu tam eyniləşdirmək də doğru deyil. Çünki insanın zəkası var, ancaq bu zəkanı hansı məqsədə xidmət etməsi məsələsi də istisna olunmamalıdır. Cavid yazırdı:

İnsan yonulmuş bir heyvan olsa da,

Endirilməz hiçə ondakı zəka.

O yalnız düşünməz, düşündürər də,

Kəşf edər gündə bir qaranlıq pərdə.

Hər gün beynində bir yıldırım çaqar,

Dilərsə bir anda bir cihan yıqar.

İnsan pək tuhafdır, o hər şey yapar,

Onda yaşatmaq da, yaşatmaq da var.

“Yaşatmam, yaaşrım” deyən səfillər

Qan içən vəhşilər yolunu izlər.

Sən nə mələksən, nə də bir qaplansın:

Nə gülsün, nə dikən… yalnız insansın.

Çalış, parla, yüksəl! Unutma ancaq,

Yaşamaq bir haqsa, yaşatmaq da haq!.. [9]

 

[1] Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005, s.146

[2] Yenə orada, s.154

[3] Yenə orada, s.155

[4] Yenə orada, s.156

[5] Yenə orada, s.156

[6] Yenə orada, s.157

[7] Yenə orada, s.160

[8] Yenə orada, s.161

[9] Yenə orada, s.195

Paylaş: