26 Yanvar 2021 00:30

Prezidentin çıxışında bəhs etdiyi HƏMİN FOTO: Köçəryan, Ağdam, təhqiramiz rəsmlər və yazılar, iyul 1993-cü il

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib.

Ölkə və beynəlxalq ictimaiyyətə ünvanlanan çoxsaylı mesajlarla, tarixi həqiqətlərlə dolu olan bu çıxış dövlətimizin başçısının hər bir sahə üzrə aydın baxışlar sisteminə malik olduğunu bir daha aşkara çıxardı. Bir daha məlum oldu ki, Prezident sosial-iqtisadi məsələlərin həlli, xarici siyasət, regional məsələlər, dövlətlərarası münasibətlər, ölkənin müdafiə qabiliyyətinin artırılması, Müzəffər Ali Baş Komandan kimi vəzifələrinin ləyaqətlə yerinə yetirilməsi ilə yanaşı Azərbaycan dili, dilimizin saflığının qorunması, zəngin Azərbaycan ədəbiyyatı, zəngin musiqisi, aşıq sənəti, xalçaçılıq, memarlıq əsərlərimiz, dini abidələrimiz və onların konservasiyası, gələcək nəsillər üçün qorunub saxlanılması kimi məsələlərlə də kifayət qədər məşğul olur. Bu məsələlər dövlət başçımızın gündəlik gərgin iş rejimində mühüm yerlərdən birini tutur.

Prezident İlham Əliyevin çıxışı zamanı bir məqam da xüsusi diqqət çəkdi. Dövlət başçımız Dağlıq Qarabağda dinc azərbaycanlı əhalinin qətlə yetirilməsində bilavasitə iştirak etmiş, əli Azərbaycan xalqının qanına batmış erməni cəllad Robert Köçəryanın vaxtilə Ağdam məscidi önündə çəkilmiş və bu yaxınlarda yayılmış fotosu ilə bağlı dedi:

“O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər”.

Turkustan.info teleqraf.com-a istinadla həmin fotonu təqdim edir. Fotonun həqiqiliyinə heç bir şübhə yoxdur. Araşdırmamız fotonun 23 iyul 2020-ci ildə (Ağdamın işğalının 27-ci ildönümü günündə) Ermənistanın zham.am saytında yerləşdirildiyini aşkara çıxardı. Ermənilər özləri bildirirlər ki, bu foto Ağdamın işğalından dərhal sonra – 1993-ci ilin iyulunda çəkilib. Robert Köçəryan həmin vaxt qondarma “dqr”in “baş naziri” idi. O, bu vəzifələri 15 avqust 1992-ci ildən 24 dekabr 1994-cü ilədək tutub. Onun düz yaxınlığındakı (solundakı) isə Samvel Babayandır. Samvel Babayan 1993-cü ilin aprelindən noyabrınadək (yəni bu foto çəkilən vaxt) qondarma rejimin “dövlət müdafiə komitəsi”nin sədri səlahiyyətlərinin icraçısı idi.

Fotoda Ağdam məscidinin divarlarına qraffiti ilə təhqiramiz foto çəkildiyi aydın görünür. Fotoda məscid minarəsi, əstağfirullah, fallosa bənzədilib. Divarda isə aydın oxunacaq şəkildə rus dilində “Molla x..olla” yazılıb.

Zənnimizcə, bu foto Azərbaycandakı, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki xristian dini abidələrinin vəziyyəti ilə bağlı əsassız hay-küy qoparmış, o cümlədən Azərbaycana missiya göndərmək istəyən UNESCO üçün də görk olmalıdır. UNESCO əgər siyasiləşmiş təşkilat deyilsə, bu fotodan özü üçün ibrət götürməlidir. UNESCO-ya da ən tutarlı cavabı elə dünən cənab İlham Əliyev verdi. Dövlətimizin başçısı dedi:

“Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik.

Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.

Onu da xüsusilə vurğulamaq yerinə düşər ki, Ağdam Cümə məscidi Ağdam ərazisində dağıdılmayan yeganə binadır. Məscidin dağıdılmaması isə hərbi məqsədlərə bağlıdır. Belə ki, yaxınlıqda başqa hündür tikili qalmadığına görə ermənilər minarələrdən koordinatları təyin etmək üçün istifadə edirmişlər. Ona görə də uçurmayıblar. Bu fikri də 18 dekabr 2020-ci ildə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Prezidenti İlham Əliyev açıqlamışdıb. “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib” – deyə dövlət başçımız qeyd etmişdi.

Paylaş: