22 Yanvar 2021 19:50

İrandan nüvə anlaşması üçün 70 milyard dollarlıq şərt

Uranın zənginləşdirilməsi səylərini davam etdirən İran ABŞ-ın sanksiyaları üzündən neft ixracatındakı azalmanın səbəb olduğu 70 milyard dollarlıq zərərin ödənməsini istəyir.

Turkustan.info xəbər verir ki, bunu Ayətullah Əli Xomeyninin müşaviri və Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Harazi açıqlayıb.

O bildirib ki, ABŞ-ın yeni Prezidenti Co Baydenin Donald Trampın 2018-ci ildə tərk etdiyi nüvə sazişinə qayıtması üçün İranın bir şərti var: “Neft ixracatının dayanması səbəbindən yaranmış 70 milyard dollarlıq zərəri ABŞ ödəməlidir”.

Qeyd edək ki, ABŞ İran neftinin satın alınmasına icazə verən sanksiyaları 2019-cu ildə ləğv edib. 2017-ci ildə gündəlik 2,6 milyon barel olan İranın neft ixracatı, keçən ilin dekabr ayında 355 min barelə qədər geriləyib. İranın ixrac etdiyi neftin demək olar ki, hamısı indi Çinə gedir.

Prezident Həsən Ruhani keçən ay bildirmişdi ki, sanksiyaların vurduğu zərərin əvəzinin nüvə anlaşmasını canlandırmaq üçün sərt bir şərt kimi təqdim edilməsinə ehtiyac yoxdur.

İran BMT-nin nüvə nəzarət mexanizminə uranın 20 faiz zənginləşdirməyi planlaşdırdığını bəyan etmişdi. Bu səviyyələrdə zənginləşdirmə sonuncu dəfə 2015-ci ildəki razılaşmadan əvvəl həyata keçirilmişdi. (teleqraf.com)

Paylaş: