25 Yanvar 2021 23:55

“Biz Qarabağa şəkil çəkdirməyə yox, əkib-becərməyə gedəcəyik“ – Qarabağlı jurnalistlər

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının vacibliyi haqqında fikirlər səsləndirib. Azad olunmuş ərazilərdəki yenidənqurma planlarından danışan ölkə başçısı “xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”, – deyə bildirib.

Turkustan.info xəbər verir ki, əslən azad edilmiş rayonlardan olan jurnalistlər Modern.az-a bildiriblər ki, təmsil etdikləri bölgələrin sakinləri doğma torpaqlarına qayıtmaq arzusundadırlar.

Əslən Kəlbəcərdən olan tanınmış jurnalist, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın sözlərinə görə, prezidentin müşavirədə qeyd etdiyi kimi, bütövlükdə Azərbaycan dövləti məcburi köçkünlərin daha böyük kütlələrini işğaldan azad olunmuş ərazilərə köçürmək istəyir:

“Eyni zamanda 30 illik işğal müddətində həmin ərazilərdən məcburi köçkün düşən insanlar da zaman-zaman torpaqlarına, öz rayonlarına, öz işlərinə getməklə bağlı arzularını, istəklərini ifadə ediblər. Bu gün həmin o arzuların, istəklərin reallaşması imkanları var. Dövlət də büdcədən vəsait ayırıb ki, qarşıdaki illərdə həmin rayonlarda infrastruktur yaradılsın və yerli əhali yavaş-yavaş oralara köçürülsün. Mən ümid edirəm ki, insanlarımız kütləvi şəkildə geri qayıdcaqlar. Onların arzuları reallaşacaq.

Sadəcə, burada müəyyən həyat şərtləri ilə bağlı məsələlər var. Bu gün Azərbaycanın başqa rayonlarından öz evini bağlayıb, Bakıya gələn, paytaxtda  işləyən ailələr var. Həmin ailələr öz yaşadıqları rayonda həyatlarını təmin edə bilmədiklərinə görə Bakıya gəliblər. Bu mənada məcburi köçkünlər yalnız yaşayış şərtləri ilə bağlı tərəddüdləri ola bilər ki, Bakıda qurduqları həyatı orada yarada bilsinlər. Bu, təmin edildikdə getmək daha da kütləviləşəcək. Hesab edirəm ki, ilk növbədə yerlərdə infrastruktur qurulmalı, iş yerləri açılmalıdır. Ətrafımda olanlar. mənim qohumlarım, valideynlərim yolların nə vaxt açılacağını gözləyirlər. Gedib hamılıqla Kəlbəcərdə yaşamaq istəyirik”.

Doğma yurda qayıtmaq, ata ocağının çırağını yandırmaq cəbrayıllı jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin də ən böyük arzusudur:

“Təbii ki, bu arzuyla yaşayan mənim kimi yüz minlərlə insan var. Məcburi köçkünlər doğma torpaqlara köçürüləndə, karvanın önündə mən və əzizlərim də olacaq. Hər kəs buna əmin ola bilər. Biz 30 ilə yaxındır ki, Qarabağ həsrəti ilə yatıb-qalxırıq. Bu illər ərzində Qarabağı hər gecə yuxularımızda görmüşük. İndi yuxularımız çin olub. Qarabağ vətəndir. Qarabağ bizə yaşamaq üçün lazımdır. Biz Qarabağa İsmayıllıya, Şəkiyə getdiyimiz kimi şəkil çəkdirməyə yox, yurd salmağa, əkib-becərməyə, o torpaqları cənnətə çevirməyə gedəcəyik. Axşamüstü Xanın nəvələrinin səsinin havalanacağı gün çox uzaqda deyil”.

Paylaş: