17 Yanvar 2021 18:59

Kərə yağın qiyməti bahalaşa bilər – QİYMƏTLƏR

Dünya bazarlarında kərə yağının qiyməti yenidən yüksəlişə keçib. 

Turkustan.info xəbər verir ki, bu ayın 5-nə olan sonuncu məlumata görə dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 4526 dollar (1 kq – 4,53 dollar/7,7 manat) olub. Qeyd edək ki, bu qiymət sonuncu dəfə 2019-cu ilin iyun ayının ortalarında qeydə alınıb. Həmin tarixdən sonra kərə yağının qiyməti davamlı olaraq azalıb. Hətta ötən ilin sentyabr ayında kərə yağının 1 tonu 3 280 dollara (1 kq – 3,3 dollar/5,6 manat) kimi ucuzlaşıb. Lakin, sentyabr ayından etibarən kərə yağı yenidən bahalaşmağa başlayıb. Son 4 ay ərzində kərə yağının qiymətində 38% həddində bahalaşma qeydə alınıb.

Onu da bildirək ki, dünya bazarında kərə yağının qiymətində baş verən dəyişiklik ölkəyə idxal olunan kərə yağının qiymətinə də təsir edir.

Ötən ilin əvvəlində dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 4000 dollar (1 kq – 4 dollar/6,8 manat) olub. Həmin ay ölkəyə idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,98 (8,5 manat) dollar olub.

Sentyabr ayında isə dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 3 300 dollar (1 kq – 3,3 dollar/5,6 manat) olub. Həmin ay ölkəyə idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,7 (8 manat) dollar olub.

Belə görünür ki, dünya bazarında kərə yağının yenidən bahalaşması yaxın zamanlarda idxal olunan kərə yağının da qiymətinin artmasına gətirib çıxaracaq.  /yeniavaz.com//

Paylaş: