22 Yanvar 2021 20:40

Qriqoryan kilsəsi ilə Ermənistan dövləti üz-üzə: 100 illik ideologiya darmadağın olur

Ermənistanda kilsə ilə hökumət arasında münasibətlərin gərginliyi ortaya çıxıb. Əslində münasibətlərin gərginləşməsi erməni kilsəsini Baş nazir Nikol Paşinyanı istefaya səsləməsindən sonra yaranmışdı. Ancaq müşahidələr kilsə ilə hökumət arasında gərginliyinin davam etdiyini və daha da dərinləşdiyini göstərir. Bunun bir göstəricisi də Sünikə (tarixi Zəngəzur) səfər edən Paşinyanın Sisiyan rayonu kilsəsində üzləşdiyi vəziyyət olub. Həmin zaman kilsənin keşişi baş nazirlə əllə görüşməkdən imtina etmişdi. Bu, faktiki hökumət başçısının kilsə tərəfindən təhqir edilməsi idi.

Turkustan.info xəbər verir ki, bu gün paytaxt İrəvandakı Yerablur hərbi panteonunda bütün ermənilərin Katolikosu II Qaregenin keçirdiyi anım mərasimində erməni hökumət üzvlərindən heç kimin təmsil olunmaması bu gərginliyin dərinləşməsinin növbəti əlaməti sayılmalıdır.

Yeri gəlmişgən, bu gün baş tutan dini ayinlərdən sonra Eçmədzin kilsəsinin baş idarə rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın son açıqlamaları da bu baxımdan ciddi siqnal sayıla bilər

Arxiyepiskop kilsənin ötən gün keçirdiyi Milad mərasimində hakimiyyət nümayəndələrinin iştirak etməməsinin səbəblərini bilmədiyini deyib: “Kilsə Ermənistandakı vəziyyətlə əlaqədar xüsusi dəvətnamələr göndərməyib. Bu, onların qərarı idi. Kilsə hər kəs üçün açıqdır. Bu məsələyə onların özləri cavab versə daha yaxşı olar”.

Baş yepiskop əlavə edib ki, bəzi dövlət məmurlarının kilsəyə qarşı düşmən münsibəti çılpaq gözlə nəzərə çarpır.

Kilsəyə hücumların Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan tərəfindən əlaqələndirildiyi barədə yayılan məlumatların doğru olub-olmamasına gəldikdə arxiyepiskop deyib ki, bəzi dövlət rəsmiləri öz şəxsi səhifələrində bütün ermənilərin katolikosuna qarşı hərəkətlərə çağırırlar: “Bu prosesin mərkəzləşdirilmiş şəkildə aparıldığına dair heç bir dəlilim yoxdur, ancaq bu məmurların heç birinin məsuliyyətə cəlb olunmaması faktını nəzərə alaraq yaranan təəssüratdır. Kilsə ilə dövlət arasında əlaqə rəqabətçil olmamalıdır, daha çox münasibət ortaqlığının məntiqinə əsaslanmalıdır. Üstəlik belə böhranlı vəziyyətdə kilsə ilə dövlət arasında münasibətlər institusional xarakter daşıması lazımdır”.

Arşak Xaçatryan Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyini bildirib: “Bu, Ermənistandakı böhran vəziyyətə görə, əsas məsuliyyət daşıyan şəxsin səhvləri konteksində nəzərə alınmalıdır. Mövcud vəziyyətdə kilsənin müşahidəçi rolunda qalması çox qəribə olardı”.  (teleqraf.com)

Paylaş: