Əliyev Moskvada hansı tələblər qoyacaq? – Zülfüqarov

Əliyev Moskvada hansı tələblər qoyacaq? – Zülfüqarov

Turkustan.info Axar.az-a istinadən sabiq xarici işlər nazirt, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

– Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də Moskvada görüş gözlənilir. Bəzi erməni politoloqlar iddia edir ki, görüş zamanı Əliyev Paşinyandan Minsk Qrupunun buraxılmasına razılaşmağı tələb edəcək. Onun yerində üçtərəfli (Rusiya, Ermənistan və Azərbaycan) və ya dördtərəfli (Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan) naanışıqlar formatı yaradılmalıdır. Necə düşünürsünüz, belə bir ehtimal mümkündürmü?

– Rəsmi İrəvanda bu görüş, əlbəttə ki, narahatlıqla gözlənilir. Çünki Azərbaycan Prezidentinin iradəsini yaxşıca gördülər. Anlayırlar ki, bundan sonra da onların xeyrinə nələrinsə olmaması üçün tələblər olacaq.

Azərbaycan 44 günlük müharibə zamanı beynəlxalq hüquqla tanınan torpaqlarını öz gücü hesabına 27 illik işğaldan azad etdi. Bu, həm də BMT-nin keçmiş Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin icrası demək idi. Nə 44 günük müharibədən əvvəl, nə də müharibə zamanı Minsk Qrupunun aktiv fəaliyyətini hiss etdik. Bundan sonra da bu format bizə lazım deyil. O ki qaldı onun yerində üçtərəfli (Rusiya, Ermənistan və Azərbaycan) və ya dördtərəfli (Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan) danışıqlar formatı yaradılmasına, deyə bilərəm ki, heç bu da bizə lazım deyil. Məsələ ondadır ki, Ermənistan artıq münaqişənin tərəfi deyil. Dolayı yolla onun adı keçən heç bir formata bizim ehtiyacımız yoxdur. Hazırda rus sülhməramlıları regiondadır və rus-türk müşahidəçiləri də işlərini görürlər. Bundan sonra aparılacaq danışıqlar yalnız Rusiya, Türkiyə və Azərbaycan arasında ola bilər. Azərbaycanın razılığı olmadan heç bir ölkə onun daxili məsələsinə müdaxilə edə bilməz.

– Erməni mediasının iddiasına görə, Prezident Əliyev tələb edəcək ki, Paşinyan bir daha Dağlıq Qarabağın statusu məsələsini qaldırmasın, çünki Azərbaycan bu məsələni həll edib və ermənilər, ən yaxşı halda, Azərbaycanın tərkibində mədəni muxtariyyətə ümid edə bilərlər. Hansı ki, burada keçmiş Dağlıq Qarabağ heç bir halda inzibati ərazi vahidi də olmayacaq.

– Beynəlxalq qanunlara, həmçinin BMT nizamnaməsinə görə, Azərbaycan Qarabağın erməni əhalisi ilə bağlı qərar vermə səlahiyyətinə sahib tək ölkədir. Çünki Qarabağ Azərbaycanın qanuni torpağıdır və orada yaşayan insanlarla bağlı qərar vermək hüququ da rəsmi Bakıya aiddir. Yəni Azərbaycan erməni vətəndaşlarına mədəni muxtariyyət verə də bilər, verməyə də bilər.

– Erməni politoloq və müxalifətçilərin səsləndirdiyi digər iddiaya görə, cənab Prezident Paşinyandan Ermənistandan rəsmi şəxslərin Qarabağa səfərlərini dayandırmağı tələb edəcək…

– Bu tələb deyil, açıq xəbərdarlıqdır. Xüsusilə də Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə gəlməsindən sonra cənab Prezident bu xəbərdarlığı etdi. Əgər bənzər səfərlər təkrarlansa, Azərbaycan sərt tədbirlər görəcək. Ümumiyyətlə, bu xəbərdarlıq təkcə Ermənistan rəsmilərinə aid deyil, həmçinin digər ölkələrdən də ediləcək rəsmi səfərlərə aiddir.

– Daha bir iddia sərhədlərin müəyyən edilməsi prosesində daha 16 kəndin Azərbaycanın nəzarətinə qaytarılmasıdır və bu prosesin yanvarın 11-də xüsusi razılaşmanın imzalanması ilə möhkəmləndiriləcəyi iddia edilir…

– Sərhədlərin müəyyənləşməsi prosesi gedir və sülhməramlıların iştirakı ilə artıq yekunlaşmaqdadır. Tərəflərin iddiaları, narazılıqları, anlaşmazlıqları mövcuddur. Düşünürəm, bu da təbiidir. Lakin erməni tərəfinin bütün narazılıqlarına baxmayaraq, proses uğurla gedir. Yəni erməni tərəfinin narazılıqları faydasızdır. Sərhədlər sovet dövründə olduğu kimi bərpa ediləcək.

– Bu gün erməni ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də cənab Prezidentin keçmiş Dağlıq Qarabağda hərbi xidmətə çağırış və silahlı dəstələrin olmamasını tələb etməsidir.

– Sülhməramlı və müşahidəçilər olan bir ərazidə başqa bir silahlı və ya başqa hərbi ünsürlər necə ola bilər? Bəyanatın şərtləri açıq və qətidir. İşğaldan azad edilən qanuni Azərbaycan torpaqlarında bir nəfər də olsun silahlı erməni qalmamalıdır.

Prezident heç bir təmas xəttinin artıq mövcud olmadığını da elan edib. Mən təklif edirəm ki, gələcəkdə yeni “təmas xətləri”nin yaranmaması üçün üçtərəfli patrul xidməti formalaşdırılsın. Hansı ki, idarəetməsində bir sülhməramlı, bir Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, bir nəfər də Azərbaycan dövlət büdcəsi ilə yaradılmış kommersiya təhlükəsizlik şirkətinin nümayəndəsi olsun. Xüsusilə bu şirkətdə erməni mənşəli insanlar olmalıdır ki, patrul xidməti zamanı erməni vətəndaşlarla ünsiyyət problemi yaranmasın. Hesab edirəm, bu model uğurlu ola bilər.

– Daha bir nüans 10 noyabr razılaşmasından sonra tutulan ermənilərin heç birinin hərbi əsir statusuna malik olmaması məsələsidir…

– Bu, çox doğru bir mövqedir. Çünki Ermənistan vətəndaşı olan əsirlərin hazırda geri qaytarılması prosesi davam edir. Bəli, müharibə vaxtı əsir düşənlər hərbi əsir sayılır. Lakin 10 noyabr Bəyanatından, yəni müharibənin bitməsindən sonra bizə qarşı təxribat törətmiş və antiterror əməliyyatı zamanı tutulan şəxslər heç bir halda əsir və ya hərbi əsir statusuna malik deyillər. 10 noyabrdan sonra ələ keçirilən silahlı şəxslər heç bir halda hərbi əsir ola bilməzlər, onlar terrorçudur və Azərbaycan məhkəmələri tərəfindən mühakimə edilməlidir.

Paylaş:

Share