16 Yanvar 2021 06:43

100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər – AÇIQLAMA

“Artıq bir ildən çoxdur ki, bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə qarşılaşıb. Ölkənin pandemiya şəraitindən az itki və minimum ziyanla çıxması istiqamətində bir çox əhəmiyyətli və sosial tədbirlər həyata keçirilib. Müəyyən dönəmlərdə artma və azalmalarla bərabər, ümumilikdə Azərbaycan, həqiqətən, bu problemin öhdəsindən gələ bilmişdir”.
Turkustan.info xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, hazırda dünya pandemiya ilə mübarizədə vaksinlərin tətbiqi mərhələsinə başlayıb. Vaksinlərin tətbiqi böyük bir ölçüdə yaxşılaşmaya doğru aparacaq:
“Rəqəmlər azaldıqdan və ya virus tamamilə yox olduqdan sonra digər dünya ölkələri kimi, Azərbaycan da pandemiyadan əvvəlki həyat tərzinə qayıdacaq. Lakin artıq azalmalar böyük ölçüdə olduqdan sonra bu günə qədər tətbiq edilən məhdudlaşma və sərtləşmələr aradan götürülməlidir. Zamanla biz bununla artıq rastlaşmışıq.
Pandemiyadan əziyyət çəkənlərin sayı azaldığı zaman yumşalmalara, çoxaldığı zaman isə sərtləşməyə getmişdik. Bu isə tamamilə adekvat addım idi. Bundan sonra da bu tədbirlər görüləcək. Əhalinin sərbəst hərəkəti, iş yerlərinin açılması, insanları daha çox düşündürən toy mərasimlərinin və yas məclislərinin keçirilməsi qaydalarına bir daha baxıla bilər və baxılacaqdır”.
Deputat əlavə etdi ki, bu istiqamətdə qərarları, əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Burada gündəlik statistika və epidemioloji vəziyyət nəzərə alınır: “Hələlik hansısa konkret addım barədə danışmaq tezdir. Amma gözlənilən budur ki, yumşalmalara gediləcək. Bir vacib məsələni qeyd edim ki, pandemiyadan əvvəl də bizim ziyalılarımız və söz sahibi olan insanlarımız mərasimlərimizlə bağlı tənqidi fikirlər səsləndirib. Həddindən artıq ifrat və israfçılığa yol vermək daim tənqid olunub. Adət və ənənələrimizə yad olan elementlərin mərasimlərə daxil edilməsi qəbuledilməz sayılıb. Yəqin ki, bir il ərzində həyata keçirilən məhdudlaşma və tam qadağalar bundan sonra həmin mərasimləri nəzərdən keçirib məhdud formada reallaşdırmağımıza şərait yaradacaq.
Pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar. Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq.
Əgər azalma olarsa, virus tamamilə yox olmağa doğru gedərsə, 400-500 nəfərlik saylarla toyların keçirilməsi məqsədəuyğun deyil. Çünki əsasən yoluxmalar yas mərasimləri və çox sayda insanların birgə olduğu yerlərdən baş vermişdi.
Düşünürəm ki, pandemiyadan sonra 50, 70, 100 nəfərlik məclislərin qurulması daha məqsədəuyğun olacaq. Verilən qərardan asılı olaraq bu say daha çox və ya nisbətən çox da ola bilər”.

Paylaş: