17 Yanvar 2021 13:10

113 il bundan öncə dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilk dəfə nümayiş etdirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva
“Leyli və Məcnun” Ü.Hacıbəylinin 1907-ci ildə yazdığı ilk milli Azərbaycan operasıdır. Opera, dahi Məhəmməd Füzulinin XIV yüzildə yazdığı, yüzillər öncədən Yaxın Şərq, Mərkəzi və Güney Asiyada, nəhayət dünyada ün qazanan “Leyli və Məcnun” faciəsinin motivləri əsasında yazılıb. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk opera olma özəlliyini daşıyır.
“Leyli və Məcnun” operasının ilk səhnələşdirilməsi 12 yanvar 1908-ci ildə Bakı şəhərindəki “Tağıyev Teatrı”nda baş tutub. Klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biridir.
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan “Leyli və Məcnun”un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilib.
Bəli, 1908-ci il yanvarın 12-də, soyuq bir qış axşamında “Tağıyev Teatrı”nda Şərqin ilk operası “Leyli və Məcnun” 22 yaşlı Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycan xalqına bəxş edilib. Əsərə zaman-zaman müraciət olunub, o, bu gün də Azərbaycan milli sənət əsəri olaraq böyük səhnələrdə oynanılır. Üzeyir bəy Hacıbəyli ilə yanaşı, Ceyhun Hacıbəyov (liberettoçu), Hüseynqulu Sarabski (Məcnun), Mirzə Muxtar Məmmədov (Əbülqeys, Məcnunun atası), Mirmahmud Kazımovski (Ümmilqeys, Məcnunun anası), Əbdürrəhman Fərəcov (Leyli, Məcnunun sevgilisi), İmran Kəngərli (Fəttah, Leylinin atası və Zeyd (Məcnunun dostu), C.Vəzirov (Ümmilleyli, Leylinin anası), C.Dağıstani (İbn-Salam), Əbdürrəhim bəy Haqverdiyev (drijor), Məmmədov, Səfərov, V.Vəzirov, İsmayılov, Əliyev və b. (yeddi ərəb), Qurban Pirimov və Şirin Axundov (tarda solo partiyalar), Bəhram Vəzirov (xoreoqraf), A.Rzayev (suflyor), Balabəy Aşurbəyov (məsul idarəçi) kimi aydınlarımı da rəhmətlə anırıq. İlklər həmişə çətin olur, 113 il öncənin çətinlikləri isə daha çoxdu; o çətinlikləri dəf edən, sənətin estetik dəyərləri ilə cəhalətə qarşı çıxan Üzeyir bəy Hacıbəyli başda olmaqla, “Leyli və Məcnun” operası ilə ilkə imza atmış bütün aydınlarımızın ruhu şad olsun!

Paylaş: