17 Yanvar 2021 13:36

Baydenin qərarı Kremli sevindirdi – Rusiyaya xoş sürpriz

ABŞ-ın Rusiyadakı səfiri Anatoli Antonovun Prezident Co Baydenin andiçmə mərasiminə dəvət edilməsi Moskvada sevinclə qarşılanıb.

Turkustan.info xəbər verir ki, gözlənilməz təklif Rusiya hakimiyyətinə yaxın media qurumlarında Bayden dövründə Moskva ilə qarşıdurmaya gedilməyəcəyi iddiasını gücləndirib.

“Novosti” xəbər agentliyinin yazdığına görə, Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə Rusiyanın dəvəti yeni rəhbərliyin Moskva ilə gələcək münasibətlərində müsbət tendensiya kimi qəbul edilə bilər.

Siyasi ekspert Boris Mezuyev hesab edir ki, bu, Bayden rəhbərliyinin Rusiya ilə nümayişkaranə şəkildə gərginliyə getmək istəməməsinə işarədir: “Əlbəttə, yeni rəhbərlikdən Moskva ilə münasibətlərin mürəkkəbliyini və andiçmə mərasimindən əvvəlki şəraiti nəzərə alaraq Amerika tərəfindən bu inauqurasiyada Rusiya nümayəndələrinin olmasının arzuolunmazlığı barədə bir açıqlama gözləmək olardı. Amma bu, baş vermədi. Bu, müsbət bir əlamətdir, qarşıdurmanın rədd edilməsi deməkdir”.

Rusiyanın bəzi müstəqil siyasi ekspertləri isə hesab edirlər ki, seçkilərdən əvvəl Rusiya əleyhinə sərt vədlər verən Co Baydenin bu dəvəti əzəli rəqibindən çəkinən Moskvada yeni ümidlər yaradıb. Təsadüfi deyil ki, açıqlama verildikdən dərhal sonra Rusiya hakimiyyətinə yaxın media qurumları eyni tezisə – “Baydenin Moskva ilə açıq qarşıdurmaya getməyəcək” fikrinə fokuslanıb.

Rus mənbələri bunun ölkə rəhbərliyi üçün xoş sürpriz olduğunu gizlətmir.

Rusiyanın Vaşinqtondakı səfirliyi bundan əvvəl Baydenin andiçmə mərasiminə dəvət edildiyini açıqlayıb. Diplomatik nümayəndəlik tədbirə Rusiya səfiri Anatoli Antonovun qatılacağını bildirib.     /teleqraf.com/

Paylaş: