16 Yanvar 2021 06:25

Gürcüstanda hökumət əhalinin işıq, qaz və su pulunu yenə ödəyəcək: Bəs Azərbaycan?-“Tezliklə bitəcək” – Millət vəkili

Pandemiyanın vurduğu sosial-iqtisadi təsirlərin aradan qaldırılması məqsədilə ölkələrdə müxtəlif dəstək paketləri həyata keçirilir.

İnkişaf etmiş ABŞ və Avropa ölkələrində bu cür dəstək proqramları xüsusilə əhatəli olması ilə diqqət çəkib.

Qapadılan sahələrdə həm sahibkarlara, həm də işçilərə dəstək verilib ki, bu da həm əhalinin pandemiyanın iqtisadi təsirlərindən əziyyət çəkməsinin qarşısını nisbətən alıb. Həm də kiçik və orta sahibkarlığın sıradan çıxmasını əngəlləyib.

Region ölkələri də müxtəlif dəstək paketləri həyata keçirir. Məsələn, Gürcüstanda koronavirusun yayılmasına görə elan edilən məhdudiyyətlər çərçivəsində 2021-ci ilin ilk 2 ayında da əhaliyə kommunal xidmət haqlarının ödənilməsinə görə dəstək göstəriləcək. Hökumətin anti-böhran planına uyğun olaraq koronavirusun təsirinə məruz qalan vətəndaşlara noyabrdan başlayaraq tətbiq edilən bu güzəştlər daha 2 ay qüvvədə olacaq.

“Bu köməyə ehtiyacı olmayan vətəndaşlar ərizə ilə müraciət edərək ondan imtina edə bilərlər“,- deyə hökumətin məlumatında vurğulanıb. Ölkədə koronavirusun 3-cü dalğasının başladığı da elan olunub və dəstək proqramı bunun təsirlərini azaltmaq üçün nəzərdə tutulub. Hökumətin planı aylıq 200 kv.s elektrik enerjisi və 200 kubmetr qaz istehlak edən abonentlərə şamil olunur. Bu abonentlərin həmçinin su və kanalizasiya haqları da dövlət tərəfindən ödənilir.

Aylıq 200 kv.s elektrik enerjisi istehlak edən abonentlərin sayı ölkədə 1,2 milyondur. Dövlət onların borcunu ödəmək məqsədilə 5,3 milyon dollar vəsait ayırıb. 670 min abonent isə ayda 200 kubmetr təbii qaz istehlak edir. Onların borclarının silinməsi üçün isə 8,4 milyon dollar ayrılıb. Qeyd edək ki, qonşu ölkədə pandemiya ilə bağlı digər dəstək tədbirləri də görülüb ki, burada turizm obyektlərinin dəstəklənməsi də xüsusi yer tutub.

Xatırladaq ki, Azərbaycanda pandemiyanın təsirlərini qarşılamaq məqsədilə 600 min nəfər işsiz hesab olunan şəxsə 190 manatlıq müavinət verilsə də, COVID-19-un gətirdiyi problemlərin təsir dairəsi qat-qat genişdir.

Belə bir şəraitdə kommunal xidmətlərlə bağlı ölkəmizdə də güzəştlər tətbiq edilə bilərmi?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki,c Azərbaycanda fərqli formada yanaşma ortaya qoyulub:

“Azərbaycanda işləməyən və qeyri-formal işləyən vətəndaşlara 6 dəfə müavinət verildi. Digər qrupların- şəhid ailələri, məcburi köçkünlərin kommunal xərclərinin ödəməsi üçün kompensasiya ayrıldı. Hər ölkənin özünün yanaşması var. Burada əhalinin sayı, təlabatı nəzərə alınır. Gürcüstan da fərqli yanaşma ortaya qoyub. Hesab edirəm ki, inşallah yaxın vaxtlarda koronavirus pandemiyası başa çatacaq və bu kimi tədbirlərə də ehtiyac qalmayacaq”.

 

Paylaş: