17 Yanvar 2021 20:14

Hüseyn Cavidin dünyagörüşündə milli-dini maarifçilik və turançılıq məsələləri

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

IV Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Hüseyn Cavidə görə, ağıllı insan həyat və ölümün mənasını vaxtında anlamalı, heş bir şeydə ifrata varmamlıdır. Bir sözlə, insan bilməlidir ki, bəzən yaşamaq kimi, ölmək də xoşbəxtlikdir. Sadəcə, hər bir şeydə anlam olmalıdır. O, yazırdı:

Ölüm var ki, həyat qadar dəyərli,

Həyat var ki, ölümdən də zəhərli…

Yaşamaq da xoşdur, ölmək də xoşdur,

Qayəsiz həyatda ölüm də boşdur.

Hər sönük eşq üçün üzülmək fəna,

Dar gəlməsin dünya genişkən sana.

Er-gec məzar alır bizi qoynuna,

Uyma, saqın, vaqtı gəlmədən ona. [1]

Cavidə görə, insan ancaq böyük bir eşq üçün hər şeyi gözə ala bilər. Bunun üçün insan ali bir idealın daşıyıcısı olmalı, nəfsinə xor baxan qəhrəman olmalıdır. Cavid yazırdı:

“Ölüm də xoş…” dedim, qapılma hissə,

Böyük bir eşq üçün lazım gəlirsə,

Nəfsinə xor baqan bir qəhrəman ol,

Haqq çin başından keçən insan ol!

“El için ağlayan göz kor” olsa da,

İnanma, arqadaş! O, boş bir səda!

Xayır, xudkam olub sapma dar yola,

Həp el için ağla, el için sızla!

Ağla demək – çarpış, vuruş deməkdir,

Ağlamaq insana miskinlik verir.

Bir eyilik yapsan ıssız yurduna,

Haq da, həqiqət də göz önündədir,

Yer altında deyil, yer üstündədir.

Bəxtiyarsan, əgər çəkdiyin əmək

Cihan sərgisinə versə bir çiçək. [2]

Cavid bir tərəfdən hər adətin köhnəlmiş, çürümüş hesab olunub atılmasının da, hər yeniliyə də mədəniyyət deyilib qəbul olunmasının da əleyhinədir. Bir sözlə, köhnə adətlərlə yeni adətlər məsələsində ifrata varmamaq üçün insan doğru seçim etmək iqtidarında olmalıdır. O, yazırdı:

Dəmin güləşməyə “əski adət”dedin,

Bən şaşırdım, bəlkə onu fərq etmədin.

Əski olsun, bu xoş adət ən mədəni,

Ən yaldızlı adətlərdən daha yeni..

Cahil-alim həp çarpışır, həp güləşir,

Meydanda tək qalmaq için pənəcələşir.

İnsan var ki, gülüb durukən qüvvətə,

Qarşı gəlsə məcbur olur itaətə. [3]

O, belə bir qənaətə gəlirdi ki, hər hansı təhlükələrə üstün gəlmək üçün bəşər övladı qorxusuz olmalı, mücadilə aparmalıdır. Çünki qorxu içində yaşamaq insanı da, cəmiyyəti də yavaş-yavaş öldürür. O, yazırdı:

Hər qüvvətə üstün gəlir ancaq qorqusuz bəşər,

Cihan yigit ərlərindir, qorqaq gözə çöp düşər.

Qorqu-sinsi bir mərəz ki, azar-azar öldürür,

Nəşəsiz bir ömrü ancaq mübarizə güldürür. [4]

Sadəcə, burada incə bir məsələ var ki, qüvvətli kim isə, haqlı da o çıxır. Deməli, zəifsənsə haqsızsan və ölməyə, köləliyə məhkumsan. Cavid yazırdı:

Hər şey qüvvətdədir, qalan həp yalan…

Gücsüzlük ən böyük qüsurdur, inan!

Bütün cahan qüvvət tərəfdarıdır,

Qəvi iblis olsa belə Tanrıdır.

Acizlərin haqqı ölümdür ancaq… [5]

H.Cavidin ictimai-siyasi görşülərin­də türkçülük və turançılıq mühüm yer təşkil etmişdir. Cavidin yaradıcılığında Türkçülüklə bağlı olaraq, bu gün üçün də aktual olan məsələlərdən biri ortaq Türk tarixinin yaradılması ideyasıdır. Cavid doğru yazırdı ki, ortaq Türk tarixi olmadığı üçün Türk hökmdarlarına (Atilla, Çingiz xan, Əmir Teymur, İldırım Bəyazid, Şah İsmayıl, Sultan Səlim və b.) sahib çıxa bilmərik. Eyni zamanda türklər tarixlərini doğru bilmədikləri üçün vaxtilə Türk sultanlarının bir-birləri apardıqları müharibələrdən bu gün də nəticə çaxara bilmirlər. Bu mənada, türklük qürurunu, şərəfini hər şeydən vacib hesab etmiş H.Cavid üçün Çingiz xan, Əmir Teymur və başqa türk hökmdarları türk tarixinin ən şanlı qəhrəmanlarıdır. Onun fikrincə, avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerlilərini böyük sərkərdə adlandırıb heykələr yapdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi isimlər verib ləkə­ləmələri haqsızlıqdır: “Əcnəbilər böyük İskəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor, heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara  xunxar, canavar deyə ləkələmək istiyoruz!”[6].

Beləliklə, Cavid Türk tarixinin obyektiv öyrənilməsinin və Türk böyüklərinini doğru dəyərləndirilməsinini vacibliyini bəyan etmişdir. Azərbaycan Türk filosofunun fikrincə, Türk hökmdarlarına başqa millətlərin alimlərinin deyil, millətimizin öz alimlərinin gözü ilə baxıb qiymət verməliyik. Eyni zamanda, Cavid türklərin həmişə törələrinə sahib çıxmalarını və milli şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir. Türk xalqlarının şanlı tarixindən söz açan Cavid yazırdı ki, beş-altı əsr bundan əvvələ qədər türkün atı kişnəyən­də bütün ölkələr, onların kralları, prensləri, şahları təslim olarmışlar:

Bir zamanlar şərəfli Turanın

O cihani ğəyuri qavğanın

Qəhrəman, bərguzidə evladı,

Türklərin adlı-şanlı əcdadı

Saldırıb titrədirdi yer yüzünü,

Hökm edər, dinlətirdi hər sözünü.

Nə zaman kişnəsəydi türkün atı,

Qırılırdı bir ölkənin qanatı. [7]

Vaxtilə türklərin mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim kəsilməsini tarixin acı istehzası adlandıran Cavindin fikrincə, artıq türklər zamanın dəyişməsini görməli, oyanmalı, özünü tanımalı və yüksəlməlidir:

Qalx, oyan, gör nə fikrə xadimsən?

Kimlərin oğlusan? Nəsin? Kimsən?

Sürünüb durma böylə, bir yüksəl!

Bir düşün, gör beş-altı əsr əvvəl

Nə idin? İndi nərdəsən? Bu nə yəs?

Əcəba yoxmu səndə izzəti-nəfs.[8]       

Cavidə görə istiqbala, ideala çatmaq üçün isə milli-dini birlik məfkurəsi lazımdır:

İdealsız nicat ümidi məhal…

“İttihad!” İştə ən böyük ideal!

Səni qurtarsa, qurtarır birlik,

Çünki birlikdədir fəqət dirilik!… [9]

“Qoca bir türkün vəsiyyəti” şeirində də Cavid yazırdı ki, 20-ci əsrdə ilk vəzifəmiz Türk millətinin şanlı tarixini, mədəniyyətini və mənəviyyatını öyrənmək olmalıdır. Yəni ilk növbədə, milli mənsubiy­yətimizi tanımalı və türk olmağımızla fəxr etməliyik. Cavid yazır:

Namus, vicdan insanlarda  iki böyük qanatdır,

Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.

Namus, vicdan bizlər üçün daimi bir həyatdır,

Türk eli həp o hiss için doğmuş,onunla yaşar.

 

Bir millətin tarixidir kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əksik olmasın.

“Altay” dağı, “Makan” çölü, “Yasın” ovası,

Birər aydın səhifədir, hər türk gərək anlasın. [10]

Bu baxımdan Cavidə görə, artıq yatmaq vaxtı deyil, bütün qonşu millətlər kimi XX əsrə üzüağ çıxmaq lazımdır. Bunun üçün isə, türkün keçmiş şanlı və şərəlfi tarixini öyrənib fəxr etməklə iş bit­məz, türkün şərəfini və şanını XX əsrdə də qorumaq, yaşatmaq lazımdır. O, yazırdı:

Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı

Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər.

Bilməli ki, tez məhv edər zaman nankor evladı,

Öz nəslini unutanlar çoqdan sönüb getmişlər.

 

Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,

Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.

Baqın, görün tarixiniz sizə nələr göstərir,

Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz…

 

Əvət, arslan yavrularım! Türk eli həp çanlıdır,

Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.

Əsr, iyriminci əsrdir! Vəzifəsi pək ağır… [11]

Bu cür milli duyğuların təsiri altında H.Cavid “Şeyda” pyesində də yazırdı ki, millətin milli azadlığı, onun birliyində, oyanışında, bütövlüyündə və mübarizliyindədir. Millət öz haqqını almalı və geri verməməlidir.  Bir sözlə, H.Cavid Türk xalqlarını oyanmağa, birləşib əsarətdən xilas olmağa çağırırdı:

Çox əzildin yetər, haydı doğrul, ər ol!

Haq sənindir bu gün arkadaş! Hazır ol!

Haq sənin, çünki zəhmət sənin…

Güc sənin, səyü qeyrət sənin…. [12]

Fəlsəfə tarixçisi Müstəqil Ağayevin fikrincə, H.Cavid bu çağırışları edərkən moizə və nəsihət yolunu tutmur, öz sözünü qəti və birbaşa söyləyir. Çünki Cavidin ruhunda ruh düşkün­lüyü, şübhə yoxdur, əksinə mübarizə və inqilab yolu vardır. [13]

Cavidin mühüm milli əməllərindəın biri də Türk dili ilə bağlıdır. O, elə aydınlarımızdandır ki, ortaq Türk dili ideyasını sözdən əmələ keçirməyə çalışmış, bütün əsərlərini (“Səyavuş”, “Şeyda”, “İblis” və b.) Türk dünyasının anlayacağı  bir dildə qələmə almışdır. Bu gündə Cavidin yolunu davam etdirərək sözdən işə keçmək lazımdır. Ortaq Türk dilinin yaradılması Türk dünyasının bu günü və gələcəyi üçün çox önəmlidir.

H.Cavid də M.Ə.Rəsulzadə və Ə.Hüseynzadə kimi hesab edirdi ki, Türk xalqlarının dil birliyi digər birliklərdən daha önəmlidir. Bu mənada, Cavid əsərlərini qələmə aldığı ilk illərdən etibarən ortaq Türk dilini özü üçün bir yol seçmişdir. Belə ki, Azərbaycan Türk aydını istər şeir və dramlarında, istərsə də publisistik yazılarında bütün Türk dünyasının anlaya biləcəyi bir Türk dilindən istifadə etmişdir:

Çocuqkən, iştə xatirəmdədır, gecələr

Öyüb də cənnəti təsvir edərdilər.. daim

Maraqlanır, düşünürdüm: nədir şu bilməcələr?

Yalanmı? Doğrumu – derkən yanardı idrakım[14].

Türkiyədə H.Cavidin irsini araşdıranlardan Mustafa Haqqı Türkəqul doğru qeyd edir ki, Azərbaycan Türk aydınının ortaq türkcə­dən çıxış etməsində İstanbul türkcəsini incəliyinə qədər mənimsəməsi mühüm rol oynamışdır: “Yaradıcılığının ilk dövründə, bilxassə şeirlərində İstanbul şivəsini məharətlə işlədən şair sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmışdı və demək olar ki, bu işdə müvəffəq olmuşdur. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi demək qabildir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə şivə arasında bir körpü yaratmışdı və bu iki şivə arasındakı məsafəni qısaltmışdır”[15].

Hüseyn Cavidin türkcəsi demək olar ki, bütün Türk xalqlarının anlayacağı bir türkcədir. Başqa sözlə, Cavidin dilini Türküstanda, Qafqazda, Türkiyədə, Qazanda, Krımda, Uyğurustanda və başqa Türk ellərində onu öz ana dili kimi anlayaraq oxuyan türklər vardır. Görünür, Cavid Türk dünyasının bu gününü düşünərək əsər­lərinin imlasına toxunulmamasını vəsiyyət etmişdir. Bu, böyük Türk oğlunun fani dünyadakı ölümündən sonra belə ulu Türk millətinin gələcəyini düşünməsinin bariz örnəyidir.

 

 

[1] Yenə orada, s.210

[2] Yenə orada, s.212

[3] Yenə orada, s.220

[4] Yenə orada, s.213

[5] Yenə orada, s.230

[6] Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşriyyat», 2005, səh.70

[7] Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005, s.52

[8] Yenə orada, s.54

[9] Yenə orada, s.54

[10] Yenə orada, s.128

[11] Yenə orada, s.128

[12] Cavid H. Əsərləri. Beş cilddə II cild. Bakı, «Lider nəşriyyat», 2005, s.272

[13] Ağayev M.B. Hüseyn Cavidin dünyagörüşü. Bakı, «Təknur», 2005, s.56

[14] Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005, səh.55

[15] Türkəqul M.H. Azərbaycan Türk şairi Hüseyn Cavid. Bakı, 2002, səh.53

Paylaş: