17 Yanvar 2021 12:50

Moskva görüşündən sonra…

Qəzənfər Həmidoğlu
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada yumurtavari masa arxasında keçirilən 4 saatlıq üçtərəfli qapalı görüşündə nələrin müzakirə edildiyindən hələlik xəbərsizik.
Görüşün yekun bəyanatı gözlənildiyi kimi, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı oldu. Sənəddə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının reallaşdırılması məqsədilə Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirləri müavinlərinin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması qərara alınıb və həmin işçi qrupunun görəcəyi işlər müəyyənləşdirilib.
Nəqliyyat kommunikasiyalarının açılması xalqlar arasında etimadın və işgüzar mühitin bərqərar edilməsinin mühüm elementi kimi dəyərləndirilir.
Təbii ki, kimlərinsə Moskva görüşündən başqa gözləntiləri vardı, amma konyunktura başqadır, realpolitik başqa şeyləri diqtə edir. Təəssüf edilir ki, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və Rüsiyanın hərbi kontingentinin “sülməramlı missiyası”na sığmaması, səlahiyyət hədlərini aşmaları ilə bağlı heç nə deyilmədi, etiraz edilmədi.
Amma Azərbaycan bu məsələrlə bağlı mövqeyini, etirazını görüşdən əvvəl ən yüksək səviyyədə dilə gətirmişdi və Moskvadakı qapalı danışıqlarda onların müzakirə edilmədiyini düşünmək sadəlövhlükdür. Hər iş aşkarda çığırıb-bağırmaqla olmur…
Azərbaycan Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılmasına nail olacaq, bu məsələ elə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı işlərin gedişatı fonunda həllini tapacaq. Hər bir halda, erməni silahlı qüvvələrinin Azərbaycana müqavimət göstərmək üçün heç bir imkan və resursu yoxdur. Ya başlarından vurulacaq, ya da terrorçu kimi tutulacaqlar.
Azərbaycanın əlində 69 nəfər erməni əsir-terrorçusu var: 62-si Ermənistan vətəndaşıdır, qalan 7 nəfər Qarabağ ermənisidir. Paşinyan Moskva görüşündə bu məsələni alver predmeti etmək istəyirdi və görüşdən əvvəl Facebook-dakı postunda Azərbaycandan Naxçıvana nəqliyyat yolunun açılması üçün əsirlərin mübadiləsini vacib şərt kimi irəli sürmüşdü.
Amma Paşinyanın istədiyi olmadı – həm görüşdən sonrakı brifinqdə, həm də Putinlə təkbətək görüşündə bundan gileyləndi və məyusluğunu gizlətmədi. Azərbaycan prinsipial mövqeyində qaldı: 10 noyabr üçtərəfli Bəyanatına əsasən, tərəflər bütün hərbi əsirləri azad etmək öhdəliyi götürüblər və artıq azad ediblər. Amma sonradan Ermənistandan Azərbaycan ərazisinə keçənlər (62 nəfər) hərbi əsir statusuna düşmür və qaytarılmalı deyillər.
Bu, Ermənistan tərəfinin Dağlıq Qarabağa hərbçi keçirmək iştahını küsdürür. Yeri gəlmişkən, Ermənistanda hərbçilərin valideynləri övladlarını Qarabağa göndərməmək tələbi ilə hərbi komissarlıqlara hücum edirlər.
Brifinqdə Paşinyan həmçinin münaqişənin hələ həll olunmadığını bildirdi: “Hələ də bir çox sual var, bunlardan biri də Dağlıq Qarabağın statusudur. Ermənistan danışıqları ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində davam etdirməyə hazırdır” .
Azərbaycan Prezidenti isə son iki ayda dəfələrlə bəyan edib ki, artıq “müharibə başa çatdı və biz istədiyimizə nail olduq”.
İrəvanın Minsk qrupuna ümidləri status məsələsi ilə bağlıdır. Bakı üçün isə status məsələsi bitib, odur ki, Minsk qrupunu yaxına buraxmaq niyyətində deyil – ən azı, məsələn, Fransanın sözdə deyil, əməldə ermənipərəst mövqeyinə korrektə edənə kimi.
Rusiyanın Ermənistanda hərbi bazası, Qarabağda hərbi kontingenti var və bunlara lojistik dəstək üçün Azərbaycan üzərindən keçməklə Ermənistanla dəmir yolu bağlantısının qurulması və ya Bakı-Ağdam dəmir yolunun bərpa edilərək Xankəndiyədək uzadılması Moskvanın maraqlarına cavab verir. Bu, Rusiyanın regionda mövqelərini gücləndirir. Amma Rusiya onsuz da dolayı yollarla xaricdəki hərbi birliklərini təchiz edə bildiyini nəzərə alsaq, açılacaq nəqliyyat xətlərinin Azərbaycanın nəzarəti altında olması Bakının maraqlarına cavab verəcək və manevr imkanları yaradacaq ciddi faktordur.
Azərbaycan Rusiyanın “moderatoluğu”ndakı üçtərəfli formatdan məmnun deyil, amma regiondakı geosiyasi konyunktura uyğun oynamağa məcburdur. Eyni zamanda, rus faktorunu perspektivdə neytrallaşdırmaq üçün geosiyasi konfiqurasiyalarla fərqli imkanlar da tükənməyib. Türkiyənin regionda hərbi iştirakı artır. Pakistan Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xan Bakıda səfərdədir və iki ölkənin HHQ-ləri birgə təlim keçirəcəklər.
Hazırda ilkin hədəf hərb meydanında qazandığımız Zəfəri danışıqlar masasında uğurlu sona çatdırmaqdır. Hələ çox görüşlər olacaq, proses az sürməyəcək: sülhə gedən yol uzun və ziqzaqlıdır.
Politoloq Ramiz Yunus İkinci Qarabağ müharibəsi sonrası ilə Birinci Dünya müharibəsindən sonrakı danışıqlar arasında maraqlı paralel aparıb. Həmin paraleli kiçik əlavələrlə təqdim edirəm:
Kompiyen atəşkəsi -1918-ci il noyabrın 11-də Kompiyen meşəsində Almaniyanın Antanta ilə atəşkəs imzalaması ilə Birinci Dünya Müharibəsi başa çatmışdı. Üçtərəfli Bəyanat – 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs sənədi ilə İkinci Qarabağ müharibəsi başa çatıb.
Paris Sülh Konfransı – Birinci Dünya müharibəsinin udan və uduzan tərəfləri 1919-cu il yanvarın 18-dən bir araya gələrək münasibətlərini dəqiqləşdirməyə başladılar.
Moskva görüşü və bəyanatı – İkinci Qarabağ müharibəsinin udan tərəfi Azərbaycanla məğlub Ermənistan 2021-ci il yanvarın 11-də Rusiyanın vasitəçiliyi ilə bir araya gələrək münasibətlərini dəqiqləşdirməyə başladılar.
Versal Sülh Müqaviləsi – Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il iyunun 28-də imzalanıb və 1920-ci il 10 yanvarda qüvvəyə minib.
Ola bilər ki, yayda Qarabağla bağlı yeni bir “Versal müqaviləsi” oldu…

Paylaş: