16 Yanvar 2021 06:14

Moskva bəyanatından sonra yayılan xəritə – Foto

Ermənistan və Azərbaycan münasibətlərin sərhədlərini müəyyənləşdiriblər. Qarabağ münaqişəsi isə ölkə liderlərinin müzakirəsindən kənarda qalıb.

Turkustan.info xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin məqaləsində qeyd edilib.

Qəzet yazır ki, 11 yanvarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü Bakıda və İrəvanda tam fərqli qiymətləndirilib:

“Bakı danışıqları uğurlu sayır, İrəvan isə Paşinyanı günahlandırmaqdan əl çəkmir. Bəyanatda üç ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi işçi qrupunun yaradılması barədə razılıq əldə edilib və bu, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğul olacaq.

Söhbət iki əsas istiqamətdən gedir. Birincisi, bu, Ermənistanın Sünik vilayətindən keçib Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdir. İkincisi isə İrəvandan Sünik bölgəsinə çəkilən dəmiryoludur ki, bu da Naxçıvandan keçəcək. Hər iki marşrut sovet dövründə fəal istifadə olunsa da, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə fəaliyyətini dayandırdı.

Həmin nəqliyyat yollarının bağlanmasına görə vaxtilə Rusiya da zərər çəkib. Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiya-Gürcüstan qatarlarının hərəkəti dayandırıldı və Ermənistan əsas müttəfiqinə gedən etibarlı yolu, Rusiya isə Türkiyənin dəmiryolları ilə əlaqəsini itirdi.

Yanvarın 11-də Moskvada imzalanmış sənəd nəzəri cəhətdən hər üç tərəfi qane etməlidir: Azərbaycana Naxçıvan və Türkiyə, Rusiyaya Türkiyə və Ermənistan, Ermənistana isə Rusiya və İranla yol lazımdır. Danışıqların yekununda İlham Əliyev özünü de-fakto qalib kimi hiss edirdi. Nikol Paşinyan isə çıxışında əldə olunan nailiyyətlərə deyil, həll olunmamış məsələlərə – ilk növbədə, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsinə, həmçinin hərbi əsirlərin taleyinə diqqət çəkdi”.  /Axar.az/

Paylaş: