22 Yanvar 2021 13:56

SON DƏQİQƏ: Putin son danışıqlarla bağlı Ərdoğanı bilgiləndirdi

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

İki lider arasında bu gün telefon danışığı olub.

Məlumatda qeyd olunur ki, telefon söhbətində Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşmasının bəzi aspektlərinə xüsusi olaraq toxunulub.

Anadolu Agentliyinin bildirdiyinə görə Rusiya Prezidenti Vladimir Putin Moskovada keçirilən üçlü görüş barədə Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanı bilgiləndirib.

Ərdoğan bildirib ki, Qarabağda birlikdə yaşamaq şərtləri həyata keçiriləndən sonra bütün dünyaya Türk-Rus əməkdaşlığının qurucu nəticələrini göstərmək mümkün olacaq.

Liderlər qarşılıqlı ticarət əlaqələrinin artırılması, mühüm istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin vaksinin birgə istehsalı və tətbiq olunması planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə məsələlərini də müzakirə ediblər.

Politoloq Elxan Şahinoğlu iki lider arasındakı təması şərh edib:

– Rusiya prezidenti Vladimir Putin 2 gün gecikmə ilə gərəkəni etdi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü barədə türkiyəli həmkarını məlumatlandırdı.
Kremldən yayılan məlumatda deyilir ki, Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.
İkinci cümlə önəmlidir. Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir. Türkiyənin masada olması vacibdir, bunu həm Bakı, həm də Ankara istəyir. Kremlə də aydındır ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və onun tərkib hissəsində Qarabağda artıq mövcuddur. Buna görə də Ankara ilə hesablaşmaq lazımdır.
Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə türkiyəli həmkarını məlumatlandırması İrəvanda narahatlıqla qarşılanacaq. Mızıldanacaqlar, ancaq ağalarına “niyə bu məsələləri Ankara ilə müzakirə edirsiniz” deyəcək cəsarətləri yoxdur.

Paylaş: