23 Yanvar 2021 21:04

Bakıda yaşayanlar peyvənd üçün qeydiyyatda olduğu rayona gedəcək? – TƏBİB qaydanı açıqladı

Azərbaycanda yaxın zamanda koronavirusa qarşı peyvəndləmə prosesinə start veriləcək. İlk növbədə peyvənd tibb işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulacaq.

Hazırda insanları ən çox düşündürən məsələlərdən biri də peyvənd vurulması zamanı bu qruplar üzrə şəxslərin qeydiyyat, yoxsa faktiki yaşayış yerinin əsas götürülməsi olacaq. Məlumdur ki, hazıda ölkədə sərtləşdirilmiş karantindir, Bakıya, eləcə də bir neçə rayon və şəhərə giriş-çıxış bağlıdır. Bu qərar yanvarın 18-dək qüvvədə olsa da, uzadılması mümkündür.

Digər tərəfdən, koronavirusa yoluxma təhlükəsi nəzərə alınaraq, səfərlərin riskili olduğu bildirilir. Xüsusən də 65 yaşdan yuxarı şəxslər üçün bu, daha risklidir.

Turkustan.info xəbər verir ki, TƏBİB bu məsələyə aydınlıq gətirib.

“Peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistemi olacaq. Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər”,- deyə qurumdan bildirilib.

Başqa sözlə desək, peyvənd vurulması zamanı şəxsin istəyi nəzərə alınacaq, qeydiyyat yerinə getməyə ehtiyac yoxdur.    /Cebhe.info/

Paylaş: