23 Yanvar 2021 20:39

Komitə sədri uşaqlar üçün maraqlı nağıllar müəllifi, yazıçı-ssenarist Günel Əsgərova ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva uşaqlar üçün maraqlı nağıllar müəllifi, yazıçı-ssenarist Günel Eldar qızı Əsgərovanı Mədəniyyət Komitəsində qəbul edib, yazarın ədəbi fəaliyyəti, uğurları və ədəbi planları ilə bağlı onunla ətraflı söhbət edib.
Komitə sədri məmnuniyyətlə vurğulayıb ki G.Əsgərova artıq on ildir təhsil sahəsində fəaliyyət göstərir, son 6 ildə isə nüfuzlu ADA Universitetində çalışır və pedaqoji fəaliyyəti, məktəb mühiti ona gənclərin davranışlarını, psixologiyasını öyrənməyə imkan verib: “Siz bir neçə nağılın müəllifisiz, çox şadam ki ilk nağılınız “Sülh tütəyi” Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olub və Torontodakı festivalda təqdim edilib.
Elə həmin il “Sülh tütəyi” nağılının ssenarisi ilə Hollivudda təmsil olunmusuz, nağılınız burada da yüksək qiymətləndirilərək “Üzüklər hökmdarı”, “Malefisenta” kimi məşhur “blokbaster”lərlə bir sıraya qoyulub.
Siz, yalnız nağıl yazmır, həm də Qərb nağıl sənayesinin nəhənglərindən olan “Disney”, “Universal”, “Warner Brothers” və digər studiyaların iş prinsiplərini, bu sahənin inkişafının təfərrüatlarını öyrənirsiniz. Beləliklə, bu araşdırmalarınıza əsaslanaraq, respublikiamızın nağıl sənayesi modelini yaratmaq üzərində işləyirsiz.
Siz Azərbaycanda nağıl janrını dirçəldib, onu həm ölkəmizdə, həm də dünyada tanıtmaq fikrindəsiz. Sizə bu nəcib işinizdə uğurlar arzulayıram”!
Səmimi qəbul üçün təşəkkür edən G.Əsgərova, Komitə sədrinə yenicə işıq üzü görən “Xanın üç qızı” nağıl kitabını təqdim edib. Bu nəfis kitabı o, doğma Azərbaycana, gözəl Qarabağımıza həsr edib. Bu nağılda gerçək həyat – Azərbaycan xalqının məkrli düşmənlərlə qəhrəmancasına mübarizəsi əks olunub. “Xanın üç qızı” xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, iradə gücü və şərəfi haqqında yazılmış özünəməxsus qəhrəmanlıq əsəridir.
Şəkildə bunlar ola bilər: 2 nəfər

Paylaş: