Hüseyn Cavidin dünyagörüşündə milli-dini maarifçilik və turançılıq məsələləri   

Hüseyn Cavidin dünyagörüşündə milli-dini maarifçilik və turançılıq məsələləri  

No description available.

 

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

V Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

Hüseyn Cavid Turan ideyasını Azərbaycanın Sovet Rusiyasının işğalından sonra daha əzmlə davam etdirmişdir. O, Sovet Azərbaycanı dövründə milli mədəniyyəti, milli ruhu və onun bariz nümunəsi olan türkçülüyü-turançılığı beynəlmiləl-proletar mədəniyyətinə və müstəmləkəçiliyə qarşı müdafiə etmişdir. O, Sovet Rusiyasının Quzey Azərbaycanı əsarət altında saxladığı dönəmdə hər bir şeirində, dramında, poemasında turançılığı yaşatmağa çalışmışdı.

Buna ən bariz nümunə H.Cavidin 1920-1930-cu illərdə qələmə aldığı “Topal Teymur”, “Səyavuş” əsərləridir. Bu əsərlər milli məzmununa görə, SSRİ rəhbərlərini çox məşğul etmişdir. Cavid bu əsərlərində açıq şəkildə milli və dini dəyərləri müdafiə edirdi. Xüsusilə, Azərbaycan türkləri bu dövrdə səhnəyə qoyulan “Topal Teymur”da türklüyün ümumi qəhrəman tipi Teymurun obrazından fövqəladə dərəcədə razı qalmışdır[1]. Çünki Cavid bu əsərdə Teymuru türklüyün və islamın böyük bir türk oğlu kimi tərif etmişdir. O, Teymurun dilindən bir Türk-Turan hökmdarının hansı xüsusiyyətlərə malik olmasının başlıca əlamətlərini göstərmişdir: “Fəqət unutmamalı ki, hər səciyyə və şəxsiyyət birər qanun deməkdir. İştə bu gün şəsiyyətim bana nə əmr edərsə, onu yapmaqdan çəkinməm. Bununla bərabər bən şimdiyə qadar qurultaysız, şurasız bir şey yapmadım, çünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər həp nədamət və fəlakət doğurur. Bən daima həkim və aqil şəxsləri dinlədim, böyük sərdarlarla müşavirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh mənafeyini də düşündüm”[2].Cavid Türk hökmdarı Teymurun dilindən daha sonra yazırdı: “Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir” [3].

O, yazırdı ki, türklər müharibədə olduğu kimi, siyasətdə, elmdə və mədəniyyətdə də hiyləgərlik nədir bilməzlər. Ona görə də, hərb meydanında yenilməslər də, siyasətdə yenilmişlər. Cavid yazırdı:

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonda siyasətdə basılmış da bunalmış.

İdraki sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıcdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət… [4].

Cavidin fikrincə, millətin həyatında özəlliklə, elm və mədəniyyət elə bir anlayış, ünsürdür ki, bu sahədə görülən hər iş irəliyə doğru bir addımdır. Hər kəs mədəniyyət və elmin təməlinə bir daş atmalıdır ki, gələcək nəsillər ondan qidalansın. Başqa sözlə, elm və mədəniyyətdə geridə qalmaq bir millətin gələcəyi üçün çox təhlükəlidir. Ona görə də, bir millətin savaşda məğlub olması deyil, elm və mədəniyyətdə geridə qalması fəlakətdir. Cavid Əmir Teymurun dilindən yazırdı: “Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru, bir addım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək… ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir” [5].

O, bu əsərində iki Türk hökmdarının müharibəsinin əleyhinə çıxış edirdi. Onun fikrincə, Turan adlı Vətəndə iki Türk böyüyünün savaş açmaları yalnız Turanı parçalayacaqdır. Bu baxımdan, Divanbəyinin dilindən Teymura deyilmiş sözlər çox dəyərlidir: “Fəqət mən biləkis, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm. Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birilə çarpışırsa, ortada fəlakətli bir uçrum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi dövlətlər Türk dünyasına saldırma­ğa fürsət bulur”[6]. Ona görə də, Cavid bu əsərində Teymurla İldırım Bəyazid arasındakı tarixi döyüşü sonuncunun dilindən bir tərəfin deyil, bütün Türk millətinin məğlubiyyəti kimi qələmə almışdır: “Bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. Ah doğrusu, İslam aləmini başsız qoydu”[7].

Fikrimizcə, Cavidin “Səyavuş” əsərində də milli istiqlal və turançılıq ideyası təbliğ olunmuşdu. Bir növ o, M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” siyasi-fəlsəfi əsərini bədii dillə ifadə etmişdi. H.Cavid də M.Ə.Rəsulzadə kimi bir türk qəhrəmanının – Səyavuşun ölümünü, yəni Azərbaycanın Rusiya tərəfindən işğalını Turan üçün zərbə hesab etmişdir. Bunu, Cavid Turan elinin vəziri Piranın dilindən belə ifadə etmişdir: “Sağın, öylə şanlı bir gəncə qıymaq. Qəlbindən yaralar bütün dünyanı. Anıldıqca ağlar qoyar Turanı”[8]. Bu baxım­dan hər iki mütəfəkkirin fikrincə, Səyavuşun-Azərbaycanın mücadiləsi millilik və müstəqillik uğrunda mübarizədir[9]. Beləliklə, bu əsərində də H.Cavid göstərmək istəmişdir ki, Türk-Turan birliyi gerçəkləşsə, heç bir millət ona üstün gələ bilməz. Bunu nəzərə alaraq M.Ə.Rəsulzadə yazırdı ki, Cavidin “Səyavuş”unda dərin mənalı fəlsəfi fikirlər vardır[10]. Şübhəsiz, bu fikirlərin əsasında isə Turan ülküsünün yaşadılması dayanırdı. Bunu, sonradan başa düşən beynəlmiləlçi bolşeviklər bir tərəfdən pyesin göstərilməsini qadağan etmiş, digər tərəfdən “panturanist tiplərini realizə etməyə cəsarət edən” H.Cavidin əleyhinə təbliğat aparmağa başlamışlar.

Doğrudur, çox sonralar sovet ideoloqları və müəllifləri “proletkultçular”ın deyil, Cavid-Cavad ədəbi məktəbinin doğru yol tutduğunu bu və ya digər formada, etiraf etmək məcburiyyətində qaldılar. Sovet ədəbiyyatında yazılırdı ki, vaxtilə “proletkulti” deyilən xətt leninizmə zidd hərəkət kimi, [11] milli mədəni irsi tamamilə inkar etmişdi. Bundan çıxış edilərək həmin dövrün bir sıra ədəbi tənqidçiləri, o cümlədən Əli Nazim, Cəfər Cəfərov, Mikayıl Rəfili, M.Quluzadə və başqaları kosmopolitizm, nihilizm, burjua estetizmi və vulqar sosoligizmində ittiham olunurdular. [12] Bununla da, dolyasıyla da olsa, vaxtilə milli mədəniyyətdə “proletkultçuluq”dan deyil, millilik-türkçülük mövqeyindən çıxış edən mütəfəkkirlər, o cümlədən H.Cavidin əslində düzgün yol tutduqları etiraf olunurdu.

Onun ictimai-siyasi görüşlərində Şərqlə Qərbin müqayisəsi, hərb və sülh məsələləri də mühüm yer tutmuşdur. Xüsusilə də, davakar, savaşçı, tərəqqipərvər Qərbin ağlağan, məzlum, gerilikçi Şərq üzərində ağalığı Cavidi çox narahat etmişdir. Şərqin “aman bilməz Qərbi hər gün mərhəmətə dəvət etməsi” qarşılığında çoxdan bəri Şərqin sazının inləyib, ağlamasın doğru hesab etməyən Cavidə görə, ancaq mübarizə mənlik verə bilər hər millətə. Çünki soyuq­qanlı, amansız Qərb qarşısında ağlamaq, sızlamaqla deyil, yalnız mübarizə aparmaqla milli azadlıqlar əldə etmək mümkündür.[13]

Cavid Qərbin bu cür amansız, soyuqqanlı olmasını qərblilərin yeni həyat fəlsəfəsi, praqmatizmi ilə bağlayırdı. Xüsusilə də, ingilis-amerikan praqmatizminin Qərbdə, o cümlədən Avropada hökmran olmasını ifadə edən Caviddə bütün bunlar nifrət oyadırdı. Çünki bir zamanlar Asiyada, Afrikada qızların alıb-satılmasını doğru bulmayan Qərbdə, bu gün həmin qitələrə aid qadınlar azad şəkildə özlərini qərblilərə satırlar. Cavid yazırdı:

Mədəniyyətdə çırpınan vəhşət

Daha yaldızlı, şairanə, əvət.

Burada öz istəgilə cariyələr

Sana şaqraqca ninnilər söylər. [14]

Cavid açıq şəkildə yazırdı ki, Qərblilər dünyanın digər qitələrindəki xalqları, insanları böyük ölçüdə özlərinin müstəmləkəsi halına salıblar. Guya, başqa xalqlara azadlıq, demokratiya verərək, əslində isə öz ağalıqlarını genişləndiriblər. Məsələn, guya, Misiri Osmanlının əlindən qurtarıb ona “milli azadlıq” vermiş, Qərb digər tərəfdən misirliləri sömürgə altına salmışdır. Bir sözlə, Qərb öz səadətini səfil, ağlar Şərq üzərində qurmuşdur. Cavid yazırdı:

Çoq düşündüm bunu dəmindən bəri,

Hər zevqi bir acı bəslər düşünsən!

İştə Qərbin azğın səadətləri

Alır qida Şərqin fəlakətindən. [15]

Cavid çox doğru deyirdi ki, Qərb kimi mübarizə aparmaq, inkişaf etmək əvəzinə ağlamaq, xəyallarla yaşamaq Şərqi yormuşdur. Bununla da, Qərb yalnız maddi-fiziki anlamda deyil, yavaş-yavaş mənəvi cəhətdən də Şərqi ələ keçirmişdir. Cavid yazırdı:

Şərq elləri irişilməz “xəyal” için yaşarkən,

Qərb aləmi az da olsa “həqiqət”dən xoşlanır.

Şərqin sönük duyğusunu afyon ruhu oqşarkən

Onlar yeni bir silah kəşfini səadət sanır.

Şərq uğraşır yalnız “ölməyim” deyə,

Qərb elləri maildir öldürməyə.

Ya o, ya bu qoşar durur həp bir dilək peşincə,

Məqsəd ancaq yarını yoq, bir həyatı xoş bulmaq.

Şərqə görə o diyarda azad ikən düşüncə,

Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtulmaq

Artdıqca bilgilər artar ehtiras,

Hiç fərqi yoq, əski hamam, əski tas…[16]

Cavidə görə, Şərqin tək çıxış yolu gəncliyin hər cür xurafat və mövhumata qarşı mübarizə aparıb yeniləşmək ideyasını müdafiə etməsidir. O, yazırdı:

Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var: ancaq yeniləşmək!

Onlardakı himmət və mətanət

Qırbaclayacaq Şərqi nihayət.

Onlardakı qüdrət və məharət

Er-gec verəcək xalqa səadət.

Onlar mədəniyyətlə günəşlər yaqacaqlar,

Keçmişlərə üstdən baqacaqlar.

Onlar güləck, yüksələcəklər,

Həp yüksələcək, həp güləcəklər. [17]

Ümumilikdə, Cavidin dini-fəlsəfi görüşlərində Tanrının birliyi və Onun dərkinin mürəkkəbliliyi məsələsi dayanmışdır. Doğrudur, Cavidə görə, tanrının dərki əslində Kainat, Təbiət və İnsan üçlüyünün özünün nə dərəcədə dərki ilə bağlıdır. Bu isə o deməkdir ki, Kainat, Təbiət və İnsan sirrlərini dərk edən müdrik, səlində bu dərkdən asılı olaraq Yaradanı dərkə addım-addım yaxınlaşır. Ancaq Yaradanı dərkin əsas pilləsi İnsan üçün çox həssasdır. Bizcə, bu da İnsanın son pillədə, yəni Yaradanı dərk etməyin bir addımlığında qalarkən, Onunla İnsan arasındakı məsafəni son cizgidə aşmaq heç də asan deyildir.

H.Cavidin ictimai-siyasi görüşlərində isə türkçülük və islamçılıq mühüm yer tutmuş, o, bu ideyalarla bağlı bir sıra yeni fikirlər səsləndirmişdir. O, islamlıq və türklüyün bir-birinə əsrlərboyu  çulğalaşmış olımasına inanır və onların qarşı-qarşıya qoyulmasının əleyhinə idi. Biz görürük ki, bu milli-dini ruhu Cavid Azərbaycanın Sovet Rusiyasının işğalından sonra da davam etdirmişdir. Bu baxımdan Sovet Azərbaycanı dövründə də islam mədəniyyəti ilə yanaşı, milli mədəniyyəti, milli ruhu və onun bariz nümunəsi olan Azərbaycan türkçülüyünü beynəlmiləl-proletar mədəniyyətinə qarşı qoyanlar arasında H.Cavid xüsusilə fərqlənmişdir.

Bütövlükdə, isə Cavid XX yüzildə Turançılıq ideyasını əsərlərində yaşadan böyük Türk aydınlarımızdan biridir. Onun yaradıcılığında Türk dünyasının sütunları sayıla biləcək Türk tarixi, Türk fəlsəfəsi, Türk dili və Turan ideyası bir bütündür. Cavid ən kiçicik şeirində belə bu ideyaları, özəlliklə Turançılığı yaşatmağa çalışmışdır. Çağımızda da Cavidin həyatı bahasına yaşatdığı bu ideyalar aktual olaraq qalmaqdadır.

 

[1] Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu… Bakı, 1990, səh.62

[2] Cavid H. Əsərləri. Beş cilddə III cild. Bakı, «Lider nəşriyyat», 2005, səh.261

[3] Cavid H. Əsərləri. Beş cilddə III cild. Bakı, «Lider nəşriyyat», 2005, səh.265

[4] Yenə orada, s.27

[5] Yenə orada, s.265

[6] Yenə orada, s. 266

[7] Yenə orada, s.302

[8] Cavid H. Əsərləri. Beş cilddə IV cild. Bakı, «Lider nəşriyyat», 2005, səh.251

[9] Yenə orada, s.247

[10] Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu…  Bakı, 1990, səh.68

[11] Azərbaycan sovet ədəbiyyatı tarixi. İki cilddə, 1 cild. Bakı, Azərnəşr, 1967, s.51

[12] Həsənli Cəmil. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959). Bakı, «Adiloğlu», 2008, s.27, 41

[13] Cavid H. Əsərləri. Beş cilddə I cild. Bakı, «Lider nəşriyyat», 2005, s.162

[14] Yenə orada, s.167

[15] Yenə orada, s.183

[16] Yenə orada, s.194

[17] Yenə orada, s.241

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al