20 Yanvar 1990 və bugünkü Rusiya

20 Yanvar 1990 və bugünkü Rusiya

Azər HƏSRƏT, @azerhasret

Bu gün 20 Yanvar 1990-cı ildə Sovet İttifaqının Azərbaycan xalqına yaşatdığı qanlı haqsızlığın – Bakının işğalının növbəti ildönümünü qeyd edirik. Aradan 31 il keçib. Azərbaycan xalqı belini dikəldib, özünə gəlib və hətta illər sonra nəhayət ki, torpaqlarımızı Ermənistanın işğalından azad edib. İlk dəfədir ki, biz 20 Yanvar şərəf tariximizi belə alnıaçıq, üzüağ qarşılayırıq. O günlərin şahidi və iştirakçısı kimi tam məsuliyyətimlə deyirəm – heç ağlımıza gəlməzdi ki, günün birində belə bir Azərbaycan dövlətinin vətəndaşı olmanın qürurunu yaşayacağıq!

Bu gün biz həqiqətən də qürurluyuq. Özümüzə güvənimiz, dövlətimizə inamımız olduqca yüksəkdir. Dünyanın 200-dək dövləti arasında olan Azərbaycan təkcə bizim deyil, 50 milyondan çox dünya Azərbaycanlısının, 300 milyonluq Türk dünyasının qürur qaynağıdır. Elə bir dövlətimiz var ki, bizi hətta dünyanın ən güclü dövlətləri də öz yanlarında görmək, bizimlə eyni sırada olmaq istəyirlər.

İndi biz geri dönüb baxanda o günləri həm də qürurla xatırlayırıq. Ona görə qürurla ki, həmin günlərdə əliyalın xalqımız bir yumruq kimi birləşib qanlı imperiyanın ən ağır texnika və silahının qarşısında mətinliklə dayana bilmişdi. O xalqın bir fərdi olaraq şəxsən özümün də bütün proseslərdə fəallığım şəxsimi də qürura boğmaqdadır. Hər keçən il o olayları xatırlayıb göz önünə gətirəndə həmişə sevinmişəm: nə yaxşı ki, millətimin taleyinə biganə qalmamışam, ölümün gözünün içinə dik baxaraq işğalçı Sovet-rus tanklarının qarşısına canımı sipər etmişəm.

O olaylar haqqında geniş yazmaq istəməzdim. Çünki bir neçə il öncə gördüklərimi-yaşadıqlarımı “Mən tanıqlıq edirəm” adlı kitabımda geniş təsvir etmişəm. Lakin aradan bu qədər müddət keçdikdən sonra bir daha geri dönüb o olayların qiymətinin verilməsi zərurətini vurğulamaq istərdim.

20 Yanvarı bizə yaşadan Sovet İttifaqı idi. Əslində isə Rusiya. Üstəlik də bugünkü Rusiya SSRİ-nin rəsmən hüquqi varisidir. Ona görə də Sovetlərin pis-yaxşı nə əməli varsa həm də Rusiyanın əməlidir. O baxımdan Azərbaycan xalqına yaşadılmış 20 Yanvar faciəsinə görə də bugünkü Rusiya məsuliyyət daşıyır və daşımalıdır!

Bu gün Rusiyanın Azərbaycanda hərbi mövcudluğu bərpa edilib. Aradan uzun illər keçdikdən sonra. Biz keçmişə taxılıb qalmırıq, irəli baxırıq və ona görə də Rusiya ilə normal qonşuluq münasibətləri qurmaqda maraqlıyıq. Lakin Rusiyanın özü də bu cür yanaşma sərgiləməlidir. O baxımdan hazırda Ermənistanın işğalından azad edilmiş Qarabağ torpaqlarının bir kəsimində sülhyaratma missiyasını yerinə yetirən 2 minədək Rusiya hərbçisi bir fürsətə çevrilə bilər.

Rusiya Azərbaycan xalqının sevgisini qazanıb özünə etibarı bərpa etmək istəyirsə, Qarabağdakı sülhməramlılar davranış və əməllərinə çox ciddi diqqət etməlidirlər. Bəzən onların davranışları haqqında xoşagəlməz xəbərlər eşidirik. Belə olmamalıdır. Torpaq Azərbaycanındır. Dəvət edən tərəf Azərbaycandır. Qanunlar da Azərbaycanındır. Ona görə də sülhməramlı dediklərimiz bu çərçivədən kənara çıxmamalıdır.

Qeyd etdiyimiz kimi, biz gələcək nəsillərə Rusiya ilə birgə – dinc yanaşı yaşamağın mümkünlüyünü aşılamaq istərdik. Lakin qarşımızda 20 Yanvar 1990 kimi heç vaxt unudulmayacaq bir əngəl var. Əlavə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, özəlliklə də 26 fevral 1992-ci ildə Xocalıda yaşadığımız soyqırımda da Rusiyanın təkzibedilməz iştirakı var. Belə olan halda Rusiya özünə inamı qaytarmaq, normal münasibətlər qurmaqda doğrudan maraqlı olduğunu göstərmək üçün davranışlarını götür-qoy etməlidir. Əks təqdirdə Azərbaycan xalqı 20 Yanvar 1990 başda olmaqla Rusiyanın bizə yaşatdıqlarının təsiri altında qərar verməli olacaq ki, bu da heç bir yaxşı perspektiv vəd edə bilməz…

Bir daha 20 Yanvarın xalqımız üçün önəminə dönmək istərdik. Qeyd etdik, bu, bizim üçün bir qürur günüdür. Baxmayaraq ki, Qanlı Sovet-Rusiya imperiyası bizi qorxutmaq, məhv etmək istəmişdi, dayandıq, duruş gətirdik və illər sonra belimizi dikəldib torpaqlarımızı belə işğaldan azad etdik. O baxımdan 20 Yanvar bizim üçün ağlaşma – hüzn günü deyil. Bu, bizim üçün özünə dönüş, fəxarət günüdür! Üstəlik, torpaqlarımızın işğaldan azad edilməsi də bizə əlavə stimul və haqq verir.

Yeri gəlmişkən, 31 il sonra 20 Yanvarı belə ürəklə – pozitiv qeyd edə bilməyimiz Azərbaycanın hazırkı Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, dəqiq hesablanmış siyasətinin nəticəsidir. Məhz onun bu siyasəti Azərbaycan xalqının illər sonra tam olaraq özünə dönməsini mümkün etdi. Məhz onun sayəsində Azərbaycan xalqı bir yumruq kimi birləşərək işğalçı Ermənistanı dizə gətirib torpaqlarımızı işğaldan azad edə bildi. Məhz onun sayəsində bugünkü Azərbaycan dünyanın ən sayılıb-seçilən dövlətləri arasında yer almaqdadır!

Nə deyirik? Təki bundan sonrakı mərhələdə bir daha faciələr yaşamayaq. Təki dövlətimizin inkişafı daha da sürətlənsin və Rusiya da daxil olmaqla qonşu dövlətlər artıq anlasın ki, Azərbaycanla münaqişə və rəqabət deyil, dostluq yolu tutmaq daha faydalıdır. Çünki Azərbaycan dosta gerçəkdən də dost kimi yanaşır.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al