“Soyuq müharibə” yenidən başlayır: “Nəticə faciəli ola bilər”

“Soyuq müharibə” yenidən başlayır: “Nəticə faciəli ola bilər”

“Ermənipərəst siyasətçiləri öz administrasiyasına gətirməklə və ya digər addımları atmaqla, Baydenin bütövlükdə ermənipərəst siyasət yürüdəcəyini söyləmək doğru olmazdı. Baydenin öz, ABŞ-ın öz maraqları var. Bayden də bu maraqların əleyhinə getmək iqtidarında deyil. Eyni zamanda, dünya və regiondakı reallıqlar və düzən dəyişib. Yeni reallıqlara uyğun addımların atılmasına ehtiyac var”.

Turkustan.info politoloq Elçin Mirzəbəylinin telegraf.com-a verdiyi müsahibəni təqdim edir:

– ABŞ-ın yeni Prezidenti Co Bayden ilk çıxışında böyük vədlər verdi, rəqiblərinə hədələyici mesajlar ünvanladı. Bu da o ehtimalı yaradır ki, ABŞ yenidən qlobal meydana oyunçu kimi qayıdır. Bayden ABŞ-ın Donald Tramp dönəmində zəifləyən mövqelərini gücləndirə biləcəkmi?

– Baydenin ilk çıxışında artıq bir sıra qərarların verildiyinin şahidi olduq. Tramınp dövründə qəbul edilmiş qərarların ləğv edilməsi, ABŞ-Meksika sərhədlərində inşa olunan divarın tikintisinin dayandırılması və Amerikanın Ümumdünya Səhiyyə Təşkilatına qayıtması, eləcə də iqlim dəyişiklikləri ilə bağlı qlobal layihələrə dönməsi ilə əlaqədar qərarların verildiyini gördük. Tələsik bir prosesin baş verdiyinin şahidiyik. Görünür, Bayden Tramp tərəfindən “buraxılmış səhvləri”, o səhvlər ki, ABŞ-ın qlobal proseslərdəki rolunun məhdudlaşdırılmasına gətirib çıxarıb – bunları aradan qaldırmaq üçün intensiv addımlar atmağı düşünür. Bayden ABŞ-da kürsüyə əyləşən kimi qərarlar qəbul edən, sərəncamlar verən üçüncü prezidentdir. İndiyə qədər heç kim bir gündə bir neçə sərəncam verməyib. Ondan əvvəlki prezidentlər bir sərəncamla kifayətləniblər. Yəni Baydenin kifayət qədər tələsdiyini görürük.

Verdiyi açıqlamalardan da görünür ki, Bayden hədəflərini müəyyən edib. Bu hədəflər Baydenin öncəki fəaliyyətində – Obama dövründə də nəzərə çarpmışdı. Baydenin seçki platformasında da bu məqamlar yer almışdı. Amma nəzərə almaq lazımdır ki, pandemiya dönəmində digər dövlətlərdə olduğu kimi, ABŞ iqtisadiyyatında da ciddi geriləmələr baş verib, sosial paketlər dövlət büdcəsinə ciddi ziyan vurub. Bu dönəmdə iqtisadi fəallıq azalıb, ayrı-ayrı dövlətlərin qlobal iqtisadi proseslərdəki iştirakının zəifləməsi də ABŞ-a öz təsirini göstərib. Bu baxımdan, ilk növbədə, pandemiyanın özünü, sonra onun nəticələrini aradan qaldırmaq lazımdır.

Demokratların dövründən qalma xeyli problemlər var ki, Tramp bu məsələlərin həllinə nail ola bilmədi. Obamanın “Ərəb baharı” layihəsində törətdiyi fəlakətlər vardı ki, bunların nəticələrinin aradan qaldırılmasına ehtiyac var. ABŞ-ın özünün beynəlxalq səviyyədə imici və müttəfiqləri ilə münasibətləri normallaşdırılmalıdır. NATO-ABŞ, Avropa İttifaqı-ABŞ münasibətlərində bərpa edilməli olan çoxsaylı məqamlar var. Bu məsələlərin Baydenin dörd illik hakimiyyəti dövründə həll edilə biləcəyini düşünmürəm. Dünyadakı mövcud proseslər də buna imkan vermir.

Əgər məsələyə, ABŞ-ın nə edəcəyi kontekstindən yanaşsaq, təbii ki, çoxsaylı fərziyyələr irəli sürə bilərik. Dünya təkcə ABŞ-dan ibarət deyil. ABŞ-ın qlobal proseslərdəki rolunun artmasının əleyhinə olan kifayət qədər dövlət var. Artıq regional güc mərkəzlərinin qlobal proseslərdəki aktivliyinin artdığının şahidi oluruq. Buna görə də, məsələyə “Bayden istədiyini edəcək” prizmasından yanaşmağı doğru saymıram. ABŞ-a güclü müqavimətin olduğunu da nəzərə alsaq, dörd illik fəaliyyəti dövründə ABŞ-ın yeni prezidentinə qarşıya qoyduğu hədəflərə çatması üçün sadəcə möcüzə lazımdır.

– Bayden dünyaya demokratiya mesajını da ünvanladı, bu baxımdan onun sələfi Barak Obamanın xəttini davam etdirəcəyi iddia edilir. Hesab etmək olarmı ki, dünya yenidən “narıncı inqilablar”ın cənginə atılacaq?

– Buna cəhdlər olsa, faciə ilə nəticələnəcək. Hər kəs Barak Obama dövründə ABŞ-ın demokratiya ixrac etmək cəhdlərinin şahidi olub. Bunun milyonlarla insanın faciəsinə səbəb olduğunu da hər kəs bilir. Digər yandan, son zamanlarda ABŞ-da baş verən hadisələr, Konqresdaki iğtişaşlar, eləcə də seçki maxinasiyaları ilə bağlı səsləndirilən fikirlər əslində Amerikanın özünün demokratiyaya ehtiyacının olduğunu sübut etdi. Yəni indi ABŞ-ın özünün demokratikləşməsinə ehtiyacı var, nəinki dünyadakı demokratik proseslərdə yenidən Vaşinqtonun rolunun artırılmasına.

İndiki məqamda, ABŞ-ın təqdimatındakı demokratiya anlayışının nədən ibarət olduğunu hər kəs yaxşı başa düşür. Yəni bu “demokratiya”, müxtəlif institutlar vasitəsilə ABŞ-ın maraqlarına uyğun gəlməyən və ya öz milli maraqlarından çıxış edərək siyasət yürüdən dövlətlərin tərksilah edilməsinə yönəldilmiş addımlardır. ABŞ tərəfindən maliyyələşdirilən çoxsaylı fondlar, beynəlxalq təşkilatlar və hüquq müdafiə qurumları var ki, onlar müxtəlif bəhanələr uyduraraq, bu və digər ölkələrdə insan haqlarının pozulması ilə bağlı fondlar yaratmağa cəhdlər göstərirlər və bundan sonra Amerika bunun üzərindən “demokratiya dərsi” keçərək, müxtəlif dövlətlərə təzyiq mexanizmlərini işə salır. Bu iyrənc mexanizmi dünyada hər kəs bilir, düşünürəm ki, yenidən bu proseslərin eyni müstəvidə getməsinə Amerika demokratiyasına inamın ölməsi fonunda kimsəni inandırmaq mümkün olmayacaq. Buna görə də, Baydenin fikirlərinə sadəcə bəyanat kimi baxmaq lazımdır.

İlk növbədə, Amerika cəmiyyətinin problemlərini aradan qaldırmaq lazımdır. Digər yandan, dinlərarası münasibətlərdəki olduqca acınacaqlı durumun aradan qaldırılmasına ehtiyac var. Bundan sonra ABŞ-ın dünyanın hansısa ölkələri haqda danışmağa haqqı çata bilər və bu, müəyyən qədər də olsa, qəbul edilər.

– Senator və vitse-prezident olarkən Baydenin ermənilərlə işbirliyi vardı, ən azı bu barədə iddialar mövcud idi. Sizcə, bu əlaqələr Baydenin xarici siyasətində təsiredici amil olacaqmı?

– ABŞ-ın fundamental maraqları var. Əlbəttə, bu maraqlar Cənubi Qafqazda da, ayrı-ayrı güc mərkəzləri ilə kəsişir və toqquşur. İndiki məqamda ermənipərəst siyasətçiləri öz administrasiyasına gətirməklə və ya digər addımları atmaqla, Baydenin bütövlükdə ermənipərəst siyasət yürüdəcəyini söyləmək doğru olmazdı. Baydenin öz, ABŞ-ın öz maraqları var. Bayden də bu maraqların əleyhinə getmək iqtidarında deyil. Eyni zamanda, dünya və regiondakı reallıqlar və düzən dəyişib. Yeni reallıqlara uyğun addımların atılmasına ehtiyac var. Məncə, indiki şəraitdə Bayden administrasiyası üçün NATO-nun özünün hərbi-siyasi alyans olaraq yenidən mövqelərini bərpa etməsi və daxilindəki konfliktlərin aradan qaldırılması daha prioritet amillərdən biridir. Ukrayna ilə bağlı məsələlərin həlli priortetdir, nəzərə alsaq ki, Baydenin həm də orada biznesi var, bu ölkədəki hadisələrlə bağlı müvafiq addımların atılması maraq çərçivəsindədir.

Erməni məsələsinin fundamental bir məsələ olmadığını düşünürəm. Qənaətimə görə, bu günə qədər yürüdülən siyasət ABŞ-Türkiyə münasibətlərində ciddi problemlərin yaranmasına səbəb olub. Seçkiqabağı ritorikasına baxmayaraq, Baydenin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyində olduğunu hiss etmək mümkündür. Bu baxımdan, bir çox aspektləri nəzərə alaraq, Baydenin çox qabarıq ermənipərəst siyasət yürüdəcəyini düşünmürəm. Əgər yürüdəcəksə, nəticə etibarilə ABŞ-ın öz maraqlarına ziyan dəyəcək. Çünki hazırda ABŞ birbaşa proseslərdə iştirak etmək imkanına sahib deyil. Yəni birbaşa regiondakı prosesləri irəli aparmaq potensialı yoxdur.

– Bəs ABŞ-ın yeni prezidentinin dönəmində Rusiyanı nə gözləyir? İlk çıxışında Moskvaya qarşı sərt ittihamlar səsləndirdi.

– ABŞ-ın atacağı və ya ata biləcəyi addımları nəzərə alırıq, amma Rusiyanın özünü də nəzərə almaq lazımdır. Digər yandan, söhbət təkcə Rusiyadan yox, dünyada cərəyan edən proseslərdən və Çin faktorundan gedir. Mürəkkəb bir geosiyasi mərhələyə daxil oluruq, “soyuq müharibə”nin müəyyən elementləri nəzərə çarpacaq. Ola bilsin ki, bəlli mərhələdə anlaşma üçün müəyyən imkanlar yaradılsın. Bütün hallarda Bayden administrasiyası Rusiya ilə əməkdaşlıq etmək məcburiyyətindədir.

Müəyyən qlobal proseslər var ki, onlar ortaq məqamların uyğunlaşdırılması üçün çalışacaqlar. Əlbəttə Baydenin Rusiyanın onsuz da zəif olan iqtisadiyyatının daha da zəiflədilməsi üçün atacağı addımları var, federasiya daxilindəki proseslərin stimullaşdırılması amili mövcuddur, qarşılıqlı olaraq ritorika güclənəcək. Amma qlobal geosiyasi məsələlərdə çox da ciddi qarşıdurmaların baş verəcəyi qənaətində deyiləm.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al