Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
I Yazı
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Azərbaycanın tanınmış dilçi və türkoloq alimi, mühacir ziyalımız Əhməd Cəfəroğlu (1899-1975) Gəncədə anadan olmuş, 1909-1916-cı illərdə Gəncə gimnaziyasında təhsil almış, daha sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olmuşdur. Fevral burjua və oktyabr iniqlablarından sonra həmin dövrün situasiya ilə bağlı 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdan Cəfəroğlu Nuru Paşanın Qafqaz İslam Ordusuna qatılmış və 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti kimi iştirak etmişdir. O, bundan sonra təsis olunan Bakı Dövlət Universitetinin (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olmuş, ancaq təhsilini yarımçıq qoyaraq Türkiyəyə köç etmişdir.
1920-ci illərdən Türkiyədə mühacirət həyatı yaşayan Cəfəroğlu İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuş, bu universiteti bitirdikdən (1925) az sonra Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslan universitetlərinə göndərilmiş, tanınmış türkoloqların mühazirələrini dinləmişdir. 1929-cu ildə o, İstanbul Universitetinə filologiya doktoru kimi dönmüş və Türk dili tarixi kafedrasının professoru olmuş, həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik etmişdir.
Eyni zamanda, o, “Yeni Qafqasiya”, “Azəri-Türk”, “Odlu Yurd” jurnallarında elmi məqalələrinin bir çoxunu türkçülüyə, o cümlədən azərbaycançılığa və islamlığa həsr etmişdir. 1930-cu illərdə Türkiyədə işıq üzü görmüş “Azərbaycan Yurd Bilgisi” (1932-1934), “Türk amacı” dərgisinin (1942-1943), “Türk dili və ədəbiyyatı məcmuəsinin” redaktoları olan Cəfəroğlunun Azərbaycan mədəniyyəti ilə bağlı əsas diqqət yetirdiyi və tədqiqat obyektinə çevirdiyi sahələrdən biri Azərbaycan türk dili və ədəbiyyatı olmuşdu.
Onun əsas əsərləri aşaıdakılardır: “Gəncə dialektində 75 Azərbaycan bayatı türküsü. Bir dil araşdırması ilə”, “XVII əsr Azəri şairi Məlik bəy Avcı” (1933), “XIX əsr Azəri şairi Siraci” (1932), “Böyük azəri türkçüsü Mirzə Fətəli Axundzadə” (1936), “Azəri ədəbiyyatında istiqlal mübarizəsi” (1932), “Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri” (1934) və b.
Cəfəroğlunun irsində əsas yerlərdən birini milli maarifçiliklə bağlı türk dilnin, türk əlifbasının, türk ədəbiyyatının yaranması və inkişaf mərhələləri tutmuşdur. “Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri” əsərində Ə.Cəfəroğlu “Azərbaycan Yurd Bilgisi” jurnalının məqsəd və məramını açıqlayarkən, bir daha Azərbaycanın istiqlal davasının elmi yöndən əsaslandırılmasının vacibliyini vurğulayır. O, yazırdı: ““Azərbaycan Yurd Bilgisi”nin məqsəd və qayəsi yalnız Azərbaycanı hər bir xüsusda yaxından bilən və tanıyanlara bir tədqiq kadrosu hazırlayaraq mədəniyyət tədqiqi ilə məşğul olmaqdan ibarət olmayıb, eyni zamanda onu bu ölkə ilə əlaqədar irqdaş və dostlarına tanıtmaqdır. Məcmuəmiz bununla da kifayətlənməyəcək və müştərək Türk mədəniyyətinin hələ aydınlaşmamış olan nöqtələrini nurlandırmağa çalışacaqdır”.[1] Bütövlükdə, o, bu əsərində qədim dövrlərdən başlayaraq 20-ci əsrin 30-cu illərinə qədər Azərbaycan türkcəsi ilə bağlı Şərq və Qərb alimlərinin əsas araşdırmalarının mahiyyətindən söhbət açmışdır.
Onun fikrincə, Türkiyə və Azərbaycan türklərinin ədəbi dili moğol istislasına qədər eyni olmuş, ancaq bu dövrdən başlayaraq azəri türkcəsi ortaq kökündən bir qədər ayrlımışdır. Azərbaycan türkcəsi (şimallı və cənublu) İranın təsir dairəsində olduğu üçün ümumilikdə əsas anna oğuzcadan ayrılmasa da, tədricən Anadolu ədəbi türkcəsindən fərqli bir ədəbi dil mahiyyəti almağa başlamışdır: “Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi xənadanı və müstəqil Qafqaz xanlıqları kimi türk idraəçiliyi altında mövcud olan, hətta dini və siyasi cəhətdən müxtəlif dövrlərdə osmanlılığa qarşı çıxan Azəri sahəsi məhəlli ləhcənin inkişafı baxımından daha müsaid şəraitə düşmüşdür. İran istilası və İran siyasətinin təəssübkeşliyi nəticəsində Azərbaycan və Anadolu dil və ləhcə etibarı ilə fərqli inkişaf yolu tutmuşlar”.[2] Cəfəroğlunun fikincə, 18-ci əsrdə İran hakimiyyətinin cənubi Qafqazda zəfiləməsi və müstəqil türk xanlıqlarının yaranması Azəri türk ləhcəsinin yeni mərhləsinin yaranmasına səbəb olmuşdur. Azəri ləhcəsi ilə bağlı araşdırmaların mövcudluğu isə milli Azərbaycan ədəbiyyatı və mətbuatını 19 əsrdən etibarən daha geniş inkişafından irəli gəlmişdir. Cəfəroğlu yazır ki, yalnız milli türk ədəbiyyatının və inkişafından xəbərsiz olanlar Rusiya daxilində azəri türk ləhcəsinə dair meydana çıxan tədqiqatları rus idarəçiylinin xidmətləri sırasına daxil edə bildərlər.[3] Yəni azərbaycan türkcəsi 19-cu əsrə qədər də mövcud olmuş, sadəcə bu dövrdə Azərbaycan türkcəsi özünün intibah dövrünü yaşamışdır (milli mətbuat, milli komediyalar və s.). Bu baxımdan, rusların iddia etmələri ki, “Azərbaycan ləhcəsi” onların sayəsində aşkar olunmuş və tədqiqat obyektinə çevrilmişdir, bununla razılaşmaq olmaz.
Hər halda, bu dövrdə Mirzə Kazımbəyin türk-tatar dilinin “Azərbaycan ləhcəsi”ni tədqiqat obyektinə çevirməsi diqqəti cəlb edir. Cəfəroğlu təəssüf edir ki, Kazım bəy tədqiqatlarını doğma ləhcəsindən daha çox “tatar” ləhcəsi əsasında qurmağa üstünlük vermişdir: “Bu səbədən də Azəri ləhcəsi tədqiqləri onun qrammatika kitabının araşdırdığı məsələlər içərisində görünməz olmuşdur”.[4] Bütün bunlarla yanaşı o hesab edir ki, “Türk dili tədqiqlərinin banşlanğıc dönəmində, xüsusən də Azəri ləhcəsi ilə bağlı hər hansı elmi dilçilik araşdırmalarının mövcud olmadığı şəraitdə Kazımbəyin bu ləhcəni dövrün çağdaş elmi üsulları ilə araşdırması öz elmi dəyərini heç zaman itirməyəcəkdir”.[5] Onun fikrincə, Kazımbəy ilk dəfə ortaq türk dili ideyasını ortaya atmış, sonralar bu ideya İ.Qaspıralı tərəfindən mənimsənilmiş və ümumrusiya türkləri ilə bağlı belə bir təşəbbüs irəli sürülmüşdür: “Lakin təəssüflər olsun ki, arzu edilən bu fikir əməli işdə tətbiq olunmamış, tədricən məhəlli ləhcələrin ədəbi şəkil alması türk ləhcələrinin bir-birindən ayrılmasına gətirib çıxarmışdır”.[6]
Cəfəroğlu yazır ki, fransız, rus, gürcü, erməni və başqa xalqların dilçilərindən J.Berezin “Şərqə səyahət”, İ.R.Tsilosani, L.Budaqov “Türk-tatar-azərbaycan ləhcəsi”, müqayisəli türk-tatar ləhcələri lüğəti”, M.A.Vəzirov-Zui “Tatar-azərbaycan ləhcəsi dərs kitabı”, L.Lazerev “Osmanlı və Azərbaycan ləhcələrinin müqayisəli türk dili müntəxabatı” və “Türk-tatar dili” əsərlərində Türk ədəbi dilinin osmanlı və azəri ləhcələrini bir-birlərindən fərqləndirməyə çalışsalar bir şey əldə edə biləmişlər.[7] Lazerev yazır ki, Azərbaycan və Osmanlı türkləri bir-birləri arasında türkcə danışmağı çox yaxşı bilsə də, amma bir kitab yazanda 90 faiz ərəb-fars sözlərindən istifadə edirlər. Ona görə də, bir türk ərəb-fars dillərinə dərindən bələd olmasa, bu gün türk dilində yazılan kitabı oxuyub bir şey anlamaz. [8]
[1] Cəfəroğlu Ə. Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri. Azərbaycan Yurd Bilgisi. №27-30, İstanbul, 1934.
[2] Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, Mütərcim, 2008, s.266
[3] Yenə orada, s.278
[4] Yenə orada, s.280
[5] Yenə orada, s.280
[6] Yenə orada, s.318
[7] Yenə orada, s.282-286
[8] Yenə orada, s.286