Azərbaycanın bahalı və qarışıq ev bazarı: Vətəndaş niyə evsizdir?

Azərbaycanın bahalı və qarışıq ev bazarı: Vətəndaş niyə evsizdir?

Azərbaycanda yeni üsulla ev almaq olacaq.

Belə ki, Mərkəzi Bank yaxın zamanda əmanət bankının yaradılması məsələsini Respublikanın İqtisadi Şurasının müzakirəsinə çıxaracaq. Əmanət-tikinti bankı ilə ev almaq üçün vətəndaş banka əmanət yatırır və hər ay bu əmanətin üzərinə aylıq ödəniş şəklində vəsait əlavə edir.

Bu proses ipoteka krediti üçün tələb olunan ilkin ödəniş kifayət edənə qədər davam edir.

Məlumdur ki, ölkəmizdə dövlət tərəfindən vətəndaşların mənzillə təmin olunması məqsədilə müxtəlif layihələr hazırlanıb.

Güzəştli ipoteka kreditləri, sosial mənzillər, kirayə mənzil mexanizmləri bəzi vətəndaşlar üçün mənzilə sahib olmaq şərtlərini asanlaşdırsa da, heç də hər kəs üçün əlçatan olmayıb.

Təqdim olunacaq yeni üsulun nə qədər effektiv olacağını isə zaman göstərəcək. İlkin baxışda demək mümkündür pul yığmaq imkanına malik olan vətəndaş bunu təqdim olunan mexanizm olmadan banka əmanət formasında qoymaqla da və ya evində də yığa bilər.

Məlumdur ki, bir sıra Mənzil Tikinti Kooperativləri də kreditlə mənzillər təklif edirlər. Bu cür mənzillər müxtəlif formalarda – bəzən hazır binalardan, bəzən isə tikilməkdə olan, özülü qoyulan binalardan təklif edilir.

Bəs, kreditlə mənzillərin alınmasında MTK-lara müraciət edilməsi halları niyə kütləvi xarakter almır və dövlət evsizlik probleminin həlli məqsədilə müxtəlif variantlar aramaq məcburiyyətinfə qalır?

“Property” qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami ”Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Mənzil Tikinti Kooperativləri kreditlə mənzil versələr də onlarda məbləğin ödənilməsi üçün müddəti az qoyulur:

“Adətən 2-3 il müddət qoyulur, maksimum 3,5 il müddətə kreditlə mənzil verirlər. Vətəndaş ilkin ödəməni etdikdən sonra qalan məbləğ həmin müddətə bölündüyü zaman ilkin ödəniş məbləği böyük olur. Məsələn, 100 min manatlıq mənzilin ən azı 30 faizi ilkin ödəniş olaraq ödənildiyi halda, 70 min qalır ki, onu da aylara böldükdə böyük məbləğ edir. Doğrudur, adətən burada cüzi faiz tətbiq edirlər, təxminən nəğd alışdan 5000 manatədək çox olur. Amma aylıq ödəniş məbləği təxminən 2500 manata gəlib çıxır. Ona görə də hər bir vətəndaşın MTK-dan mənzil almağa maddi gücü çatmır”.

Pərviz Qulami qeyd edir ki, vətəndaşların kreditlə mənzil almaq məqsədilə MTK-lara müraciət etməməsinin yeganə səbəbi budur:

“Bu baxımdan da dövlət sosial layihələr həyata keçirməyə çalışır. Dövlətin MTK-lardan birbaşa mənzil alıb, vətəndaşlara verməsi də baha başa gələr. Çünki onların satış qiyməti daha yüksək olur. Ona görə də dövlət tərəfindən bir sıra layihələr icra olunur-məsələn, MİDA layihəsi – Dövlət tərəfindən Hövsanda, Yasamalda evlər tikilir. Həmin evlər ucuz başa gəlir deyə onları daha aşağı qiymətlərlə vətəndaşlara verə bilirlər”.

Vətəndaşların kreditlə mənzil almaq məqsədilə MTK-lara üz tutmamasının arxasında inazmsızlıq məsələsi dayanırmı?

Ölkəmizdə MTK-ların bir mənzili bir neçə nəfərə satması təcrübəsi də var. Pərviz Qulami bildirir ki, son 4-5 ildə bu cür faktlara rast gəlinmir:

“Belə hallar daha əvvəllər olurdu. Artıq binaların ilkin qeydiyyatı olur, bazada məlumatlar yerləşdirilir deyə bu cür faktların baş verməsi mümkün olmur. Həm də bu cür şirkətlər bazardan çıxarılıb. Bazarda normal şirkətlər fəaliyyət göstərir deyə, bu cür hallara rast gəlinmir”.    /Cebhe.info/

Paylaş:

Share