26 Fevral 2021 10:57

Türkiyə telekanalında göstərilən xəritə Rusiyanı qarışdırdı

“Stratfor”un hazırladığı xəritədə Krımın, Krasnodar, Stavropol bölgələrinin, Rostovun, Həştərxanın və Çuvaşiyanın da Ankaranın “təsir dairəsinə verilməsi” Rusiyanın siyasi dairələrini ciddi narahat edib

Türkiyənin TGRT kanalında yayımlanan xəritə Rusiyanın siyasi aləmində ciddi əks-səda doğurub. ABŞ-ın “Stratfor” mərkəzinin hazırladığı xəritədə 2050-ci ilədək Ankaranın təsir dairəsinin genişlənməsi proqnozlaşdırılıb. “Stratfor”a görə, 2050-ci ilə qədər Türkiyə bütün Yaxın Şərqdə və Şimali Afrikada əsas güc olacaq.

İraq, Misir, Liviya, Suriya, Yəmənə və BƏƏ-yə, hətta Səudiyyə Ərəbistanı kimi ən zəngin ölkələrə də öz iradəsini diktə edə biləcək. Xəritədə Balkanlar, Ermənistan, Azərbaycan, Yunanıstan, Kipr, Gürcüstan, Cənubi Osetiya, Abxaziya və Orta Asiyanın bəzi ölkələrinin də Ankaranın təsir zonasında olacağı bildirilib.

Rusiyanın siyasi dairələrini isə narahat edən xəritədə Krımın, Krasnodar və Stavropol bölgələrinin, Rostovun, Həştərxanın və Çuvaşiyanın da Ankaranın “təsir dairəsinə verilməsi” olub.

1523608580_700x390.jpg (57 KB)

Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov “Türkiyənin Osmanlı İmperatorluğunu yenidən qurmağı xəyal etdiyini” iddia edib. Amma o, Ankaranın Rusiya ərazilərini zorla birləşdirməyə çalışacağına şübhə etdiyini də bildirib. Deputat əlavə edib ki, bu xəritənin “Rusiyanın gerçək tarixi ilə heç bir əlaqəsi yoxdur”. Krasov “rus ruhunun gücünü və silahlarımızı öz üzərilərində sınamaq istəsələr, sınasınlar” deyə, hədələyici tonda bildirib.

Dövlət Dumasının daha bir deputatı Pavel Şperov Türkiyənin Krımla bağlı iddialarını heç vaxt gizlətmədiyini və üç əsr əvvəl olduğu kimi bu yarımadada təsirini bərpa etmək istədiyini deyib.
Rusiyalı şərqşünas Andrey Çipurgin isə daha soyuqqanlı və ağıllı danışıb.

O, xəritənin Türkiyədə deyil, ABŞ-ın “Stratfor” mərkəzi tərəfindən hazırlanmasına diqqət çəkib, “Stratfor”un ABŞ kəşfiyyatına yaxınlığını yada salıb: “Əvvəla, bu proqnozu türklər deyil, “Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” adlandırılan “Stratfor” tərəfindən hazırlandığını anlamalısınız. Bu, “Stratfor”un kobud təxribatıdır. Bu təxribat eyni zamanda, ölkələr arasındakı onsuz da çətin münasibətlərə nifaq salmaq niyyəti güdür. Düşünürəm ki, yaxın günlərdə Ərdoğanın müşavirlərində biri danışacaq və bu vəziyyəti şərh edəcək”. Şərqşünasın fikrincə, Türkiyə son illər həqiqətən də dünyada təsir dairəsini genişləndirmək istəyir. Krım parlamentinin deputatları da xəritənin yayımlanmasına qarşı çıxış ediblər.

Məlumat üçün deyək ki, 1996-cı ildə politoloq Corc Fridman tərəfindən yaradılan “Stratfor” dünya hadisələri haqqında məlumat toplayır və təhlil edir. Onlara məlumat həm mediadan, həm də digər açıq mənbələrdən, həm də şirkətin öz mənbələrindən gəlir. Toplanan məlumatlara əsasən, şirkətin analitikləri iqtisadi və geosiyasi proqnozlar verirlər. “Stratfor”a yarandığından bəri Corc Fridman rəhbərlik edir.

Maraqlıdır ki, Rusiya mənbələri xəbərin dövlət telekanalı TRT-1-də yayımlandığını deyirlər. Amma göründüyü kimi, söhbət özəl telekanal olan TGRT-dən gedir… (musavat.com)

Paylaş: