Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
IV Yazı
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
“Şəhidləri, dilləri, soyları bir olan bu qardaşların hər ikisi istiqlala qovuşmayana qədər türkün tam zəfərindən danışmaq mümkün deyil”, [1] deyən Cəfəroğlu qeyd edir ki, Azərbaycan və Türkiyə türkləri eyni soyu və dili paylaşdıqları halda, bəzi tədqiqatçıların (R.Qurşunluzadə və b.) M.F.Axundzadəni əcnəbi kimi təqdim etməsi anlaşılan deyil: “Bu hər bir Azəri türkünü nə qədər mütəəssir eləyirsə, eyni dərəcədə də bir soydan olan, bir dili paylaşan iki qardaşın – Azəri və Anadolu türkünün ortaq ədəbiyyat, dil və mədəniyyətini parçalamağa rəvac verir və təbii ki, məhz bu səbədən də hər iki tərəfdən olan türkləri əsla məmnum etməyəcəkdir. Mirzə Fətəli əslən və nəslən bir türk olduğu halda onu Türkiyə mühitinə əcnəbi bir müəllif kimi tanıtmaqdan güdülən məqsəd nədir? Anlaşılması ən çətin olan məsələ də elə budur. Əgər məqsəd Azəri türk müəlliflərini Anadolu mühərrirlərinə, Azəri türklərini isə Anadolu türklərinə əcnəbi kimi tanıtmaqdırsa, belə olan surətdə Füzuli və Nəsimi kimi böyük türk şairlərini də sadəcə “əcnəbi” Azəri mühitinə daxil edərək onları ümumtürk mədəniyyəti sahəsindən kənarda saxlamaq lazımdır. Halbuki elə dünən Ulu Qazinin göstərişi ilə Ankarada toplanan ilk türk tarix qurultayında türk birliyinin ana vətəni, mənşəyi, mədəniyyətinin və ümumiyyətlə, bütün mövcudiyyətinin qətiyyən “ayrılıq və qeyrilik” güdülmədən bir küll halında araşdırılması ilə bağlı qərar verilmişdir. Bu gün isə İstanbulda Qurşunluzadələr “reklamçılar”ın təşviqi ilə türk birliyini “əcnəbi” kimi bölücü kəlmələrlə təfriqəyə uğratmaqda davam etməkdədirlər”.[2]
Bu onu göstərir ki, həmişə Türkiyə və Azərbaycan türklərini yalnız dışardan deyil, içəridən də bir-birindən ayrımağa xidmət edən qüvvələr olmuşdur və bu gün də var. Türkülüyn düşməni olan bu qüvvələr heç bir zaman türk millətlərinin birliyinə sevinməmiş, daima onlar arasında nifaq salmağa çalışmışlar. Biz bunu keçmiş tarixdə Teymurlar və Bəyazidələr, Şah İsimayıl və Sultan Səlimlər, Şah Təhmasiblər və Sultan Süleymanların nümunəsində çox görmüşük. Biz bunun 20-ci əsrin əvvəllərində də, Cümhuriyyət dövründə və Cümhuriyyətin işğalından sonra da şahidi olmuşuq. Bu gün də Türkiyə və Azərbaycan birlyinin, ilk növbədə siyasi, iqtisadi və hərbi, daha sonra dil, soy, mədəniyyət və s. sahələrdə birliynin baş tutmaması üçün əlindən gələni edən daxili və xarici qüvvələr vardır.
Eyni zamanda, o, 1960-1970-ci illərdə qələmə aldığı bir çox əsərlərində (“Azəri ədəbiyyatında spekulyasıyaçılıq”, “Şair Şəhriyar”, “Azərbaycan ədəbiyyatı”, “Bilinməyən tərəfləri ilə usta Fuad Köprülü”, “Sovetlər Birliyi türkoloji araştırmalarında rus kültür üstünlüyü davası” və b.) Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə aid çox dəyərləri mülahizələr irəli sürmüşdür.
Ə.Cəfəroğlu hesab edirdi ki, dünya ictimaiyyəti qarşısında Azərbaycanın istiqlal davasının siyasi yönlə yanaşı, elmi istiqamətdə də aparılmasına və əsaslandırılmasına ciddi ehtiyac var. Bütün dünya bilməlidir ki, Azərbaycan Cümhuriyyətinin yaranması təsadüfdən baş verməmiş, bu bir millətin təbii haqqı şəklində meydana çıxmışdır. Ə.Cəfəroğlu yazır: “Elmi münasibətin millətlər arasında gündən-günə sıxlaşması və bir-birini bu səbəb ilə daha çox tanıya bilməsi əvvəlcə böyük millətlərin mövzu daxilində qalan yurdumuzun artıq müstəqilən tədqiqini bir zərurət olaraq tələb etməkdədir. Öz-özünü şəxsən tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqi mövzusundan başqa bir şey olmamışdır. Halbuki Azərbaycan bu ibtidai dövrəsini artıq üzərindən atmış və qapısını da elmi kapitülasyiondan çoxdan bağlamışlar”.
Cəfəroğlu 1932-ci ildə nəşr olunan “Azəri ədəbiyyatında istiqlal mücadiləsi iszləri” silsilə məqalələrində yazırdı ki, Qafqazın və Quzey Azərbaycanın Rusiya tərəfindən işğalı, həmin işğaldan dərhal sonra Azərbaycan türklərinin başladığı milli mücadiləsi qanla yazılmalıdır.[3] O hesab edir ki, çar Rusiyası Qafqazı, o cümlədən Quzey Azərbaycanı işğal etdikdən sonra əski örf, adət və şəriət yerinə yeni rus “zakon”larını qoyması yerli-məhəlli Türk həyatı üçün böyük bir təzad təşkil edirdi.[4] Bu anlamda da, Cəfəroğlunun fikrincə, çarizmə qarşı mücadilədə milli adət-ənənələrə bağlı istiqlal duyğusu ilə yanaşı İslam dini də çox ciddi, mühüm yerə malik idi: “Ruslara qarşı yeganə irəli atılacaq tahrikkar (ən mühüm) şüar İslam dini idi. Zira, ruslar məhəlli əhali nəzərində sırf istiqlal düşməni olaraq qalmamış, eyni zamanda İslam din və etiqadını baltalayan və təhqir edən bir ünsür olaraq tələqqi edilmişdir”. [5]
Ə.Cəfəroğlunun təbrincə desək, bu dövrdə Zakir rusların milliyyətpərvər məhəlli (Quzey Azərbaycan) türk başçılarının ətrafında apardığı oyunların qurbanı olmuşdur.[6] Cəfəroğlu yazır: “Azərbaycanın ən milliyyətpərvər şairlərindən biri olan Zakir düşməni Rusa qarşı qətiyyən boyun əymək istəməmişdir”.[7] Cəfəroğlunun fikrincə, 19-cu əsr Azərbaycan maarifçilərindən milliyyətpərvər, istiqlalpərvər H.Zərdabi isə azəri türkləri arasında birinci olaraq çarizmin Güney Qafqazda ruslaşdırma siyasətini sezmiş, “Əkinçi” də milləti hüquq və haqq davasına cəlb etməyə çalışmış və uzun illər ağır mücadilələr apararaq buna nail olmuşdur.[8]
Ə.Cəfəroğluna görə, 1-ci Rusiya inqilabı (1905) Azərbaycan türklərinin milli özünüdərk prosesində mühüm rol oynamışdır. Milli oyanışın inkişafında isə milli mətbuatın aparıcı qüvvəsi olan “Həyat”, “İrşad” və “Füyuzat” kimi qəzet-jurnallarda milli, islami və bəşəri yazılarla çıxış edən Ə.Ağaoğlu və Ə.Hüseynzadə olmuşdur.[9] Cəfəroğluya görə, xüsusilə də Hüseynzadə türkləşmək, avropalaşmaq və islamlaşmaq üçlü məramı ilə milli istiqlalın fikri mücadiləsinin “Ana Yasası”nı meydana qoymuşdur.[10] Cəfəroğlunun fikrinə görə, onlar mətbuatda milli fikirin inkişafına xidmət etməklə yanaşı, işini ehtiyatlı tutaraq tədrici təkamül yolu ilə getməyə daha çox üstünlük vermişlər. Belə ki, milli ideya onlar tərəfindən mətbuatda müəyyən üsul və sistemə tabe tutulmadan daha çox rəmz və işarələrlə ifadə olunmuşdur: “Bu iki azəri-türk ziyalısı dövrün münəvvər və milliyyətpəvər zümrəsinin fikirlərini öz mətbuatları vasitəsilə yayarkən, cəhalət və təəssübkeşliyin milli inkişaf və istiqlal ideyası önündə böyük maneə olacağını açıq şəkildə görürdülər. Onlar milli varlığın təsdiqi yolundakı mübarizədə yeni bir cığır açdılar və milli mədəniyyət üçün yorulmadan çalışdılar”.[11] Ə.Cəfəroğlu daha sonra qeyd edir ki, ümumilikdə 1-ci rus inqilabı Azərbaycanın həm mədəni tərəqqisi və milli ədəbiyyatının inkişafı, həm də milli məfkurənin formalaşması baxımından böyük bir mərhələnin başlanğıcı olmuşdur: “Bu tarixdən etibarən nisbətən daha geniş nəfəs almaq imkanı qazanan Azərbaycan türkləri siyasi və məfkurəvi təşkilatlanma istiqamətində olduğu kimi, milli ədəbiyyat, teatr, musiqi, mətbuat və maarif sahələrində də böyük addımlar atmaq imkanı əldə etmişdilər”.[12]
Əhməd Cəfəroğlunun fikrincə, milli istiqlal məfkurəsinin, milli ideologiyanın intişar tapmasında, “həqiqi milliyyətçiliyin geniş yayılmasında” M.Ə.Rəsulzadə və onun baş redaktoru olduğu “Açıq söz” qəzeti mühüm rol oynamışdır.[1] Belə ki, Rəsulzadənin öndərliyi ilə ilk dəfə, həmin qəzetdə öz əksini tapan ideyalar get-gedə bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır: “Onun “Açıq söz” qəzeti ilk dəfə milli cərəyanı ardıcıl və şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi arasında bir ilham mənbəyinə çevrilməsinə imkan yaratdı”. [2] O yazırdı: “Bu gün milliyyət hissi ilə yaşayan Azəri gəncliyi arxada qalmış 28 mayıs üçün çarpışmalara davam etməkdədirlər. Onlar qırmızı rusları məğlub etməyənə, Azərbaycanı yenidən özünün hürr və müstəqil bayrağına qovuşdurmayana qədər bu milli mücadilədən bir anda olsun əl çəkməyəcəklər. Bu Azəri türkünün haqqı və hər bir türk oğlunun vəzifəsidir. Bu haqqı inkar edən varsa, bizdən deyildir”.[3]
Cəfəroğlu 1960-cı ildə “Mücahit” dərgisində nəşr olunan “Azərbaycan Cümhuriyyəti” məqaləsində yazırdı ki, bu Azərbaycan Türk Cümhuriyyəti tamamilə demokratik olub hakimiyyəti hüdudsuz və şərtsiz millətə vermişdir. Bu cümhuriyyətdə bütün dinlərə, millətlərə münasibətdə tolerantlıq nümayiş etdirilmiş və himayədarlıq göstərilmişdir. Cəfəroğlu yazırdı: “Azərbaycan onu sevən və onu qoruyan hər kəsin vətəni kimi idi. Qardaş Türkiyəyə qarşı iqrən kültürcə və dilcə bağlı olduğu kimi, Qafqaz daxilində qurulan Gürcüstan, Şimali Qafqaz və Ermənistan cümhuriyyətləri ilə də yaxşı münasibətdə idi. İnsani və ülvi qayələri ilə qurulan bu Cümhuriyyətin ən böyük qayəsi istiqlalına sadiq tam bir varlıq olmaq idi. Türklük qayəsindən bir an üçün olsun belə ayrılmamışdır”. [4]
[1] Yenə orada, s.151
[2] Yenə orada, s.235
[3] Yenə orada, s.362
[4] Cəfəroğlu Əhməd. Azərbaycan Cümhuriyyəti// Ankara, «Mücahit» dərgisi, №31-32, 1960-cı il, iyul-avqust, s.8
[1] Yenə orada, s.366
[2] Yenə orada, s.370
[3] Caferoğlu A. Azeri edebiyatında istiklal mücadilesi izleri//Azərbaycan Yurt Bilgisi,Yıl: 1, sayı: 8-9, 1932, avqust-eylül, İstanbul, s.292
[4] Caferoğlu A. Azeri edebiyatında istiklal mücadilesi izleri//Azərbaycan Yurt Bilgisi,Yıl: 1, sayı: 10, 1932, teşrin-1, İstanbul, s.346
[5] Yenə orada, s.346
[6] Yenə orada, s.340
[7] Yenə orada, s.342
[8] Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı: Mütərcim, 2008, s.234
[9] Füyuzat (1906-1907). Bakı: Çaşıoğlu,2006, s.XIII
[10] Füyuzat (1906-1907). Bakı: Çaşıoğlu,2006, s.XIII
[11] Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, Mütərcim, 2008, s.235
[12] Yenə orada, s.149