26 Fevral 2021 10:26

NASA “Perseverance” kosmik aparatının Marsdan göndərdiyi fotoları YAYDI

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Marsa enən “Perseverance” tədqiqat aparatının çəkdiyi rəngli fotoşəkilləri “Twitter” sosial şəbəkəsində dərc edib.

Turkustan.info xəbər verir ki, kadrların birində Qırmızı planetin səthi, digərində onun üfüq xəttinin peyzajı, üçüncü kadrda isə enişdən öncə aparatın özü görünür.

Qeyd edək ki, bir ton ağırlığı olan “Perseverance” tədqiqat aparatı fevralın 18-də yeddi aylıq uçuşdan sonra “Jezero” krateri rayonunda Marsa eniş edib. “Mars 2020” missiyası ötən ilin iyul ayında start götürüb. NASA-nın tarixində beşinci Mars aparatı olan “Perseverance” Qırmızı planetin quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, həmçinin 25 kamera və iki mikrofonla təchiz olunub.

Aparatın əsas məqsədi Mars səthindən gələcəkdə Yerə çatdırılması nəzərdə tutulan süxur nümunələri toplamaqdır. Onun göyərtəsində Qırmızı planetin atmosferindən oksigen almaq üçün eksperimental qurğu, həmçinin başqa planetdə ilk uçuşu həyata keçirəcək “kosmik helikopter” də var. NASA-nın hədəfi 2030-cu illərədək Mars planetinə insan göndərmək imkanlarına malik olmaqdır.   /Modern.az/

  

Paylaş: