25 Fevral 2021 09:41

Nədən Türk dili BMT-nin işlək dillər qrupuna daxil edilməyib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Yunus Əmrə və Türkcə ili” elan etmişdir. Bununla əlaqədar keçirilən silsilə tədbirlərin açılış mərasimində danışarkən bildirib: “Türk dili kimliyimizdir, anlayışımızdır, əsrlər boyu mədəniyyətimizin daşıyıcısıdır. Unutmayaq! Vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq”.

Bəşəriyyətin ən qədim dilləridən biridir Türk dili. Bildirilir ki, ən azı 8-9 min il öncələrdən yaranıb. Onun izlərinə “Avropada da, Asiyada da, uzaq Amerikada da, elmi dillə desək toponimlərdə, hidronimlərdə, oykonimlərdə – yəni yer, çay, göl, dağ, dərə və adam adlarında rast gəlinir”. Çox tarixi mərhələlər keçmişdir bu dil. SSRİ məkanında mərkəzi hakimiyyət türk xalqlarının özləri kimi dillərini də bir-birindən ayıraraq başqa-başqa yollarla getməsinə çalışırdı. Xüsusilə Azərbaycan xalqı öz tarixi köklərinə, dilinə yadlaşdırılırdı. Digər Türk diyarlarında da vəziyyət yaxşı deyildi. Yerlərdə əski türk sözlərini yad kəlmələrlə əvəzləyirdilər.

Böyük Yunus Əmrə “dil hikmətin yoludur” deyir. Yəni dil türk xalqı üçün müqəddəsdir. Bu deyimi daha da hikmətləndirən sayin R.T. Ərdoğan səsləyir: Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün doğma Azərbaycanımızda olduğu kimi Türkiyədə də media nümayəndələri daxil, bəzi təhsilli insanlarımız əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmirlər. Sosial media dili gənclərimiz arasında ünsiyyət vasitəsinə çevrilir. Öz dilimizdə lazımi qarşılığı ifadələr, sinonimlər olsa da küçə lövhələrində əcnəbi sözlərdən gen-bol istifadə edilir. Danışıqlarda anlamsız qısaltmalar, qüsurla işlədilən yad kəlmələr dilimizin gələcəyini təhlükəyə sürükləyir.

Avropalaşmış Türk qardaşım, De, nədəndir bu gün mənlə üz-üzəsən Danışırsan, fəqət nə mən, nə övladım anlayır? Ötənlərdə sözlərimi Ulu şair Yunus İmrə anlardı Nə söyləsə mən də onu anlardım. İllər keçdi, sular axdı, bulaq kimi qaynar dilim Durulmaqdan, saflaşmaqdan dayandı… Sözlərimiz nədən belə bir-birndən ayrıldı? Bir sinədə çeşid-çeşid dürlü sözlər Biçim-biçim ifadələr niyə belə yad oldu? Dönməz Nazim bundan yana demiş ki:

“Beni səndən, səni bendən ayırdılar” … Kim ayırdı bizi bizdən Sənmi, mənmi,- bilmirəm.

Dədə İmrə əsrlərlə öncə deyib:

“Məni məndə demə, məndə deyiləm

Bir mən vardır, məndə məndən içəri”…

Gözəl deyib. İndi yenə dupdurudur, şirindir! Böyük ustad, heyran sənin dilinə! Çağdaş qardaş, canbir qardaş, Türk qardaş, Belə danış, təmiz söylə mən də qanım Mən də deyim, qurban sənin dilinə!

Qüdrətli Türkiyədə doğma dilin saflığını qorumaq uğrunda mübarizə aparan ziyalılar az deyil. Onlardan biri, Dədə İmrə dilində-üsulunda, yəni əsilli-köklü türk şivəsində yazan Abdulla SATOĞLU özünün “Necoldu” şerində haqlı olaraq soruşur: “Qaymağını kim yığıb? Dilimiz üzsüz qalıb”…

Dünyada 250 milyondan çox insan türkdillidir. Planetimizdə ən çox danışılan dillər sırasında türk dili 5-incidır. Hazırda Yer üzünün 30-dan çox ölkəsində–Şərqin qapısı Çindən, uzaq Saxa Muxtar respublikasından, Başqurdıstan, Tatarıstan, Mərkəzi Asiya ölkələrindən tutmuş Orta Avropada Balkanlara qədər məmləkətlərdə, eləcə də İranda, İraqda, Əfqanistanda ya ana dili, ya ikinci dil kimi işlədilir türk dili. Daha neçə-neçə məmləkətdə də türkcə anlaşmaq mümkündür. Bə nədəndir türk dili BMT-nin işlək dillər qrupuna daxil edilməyib?

Bu məsələ Bütün Türk Dünyasını düşündürür.

Rafiq HƏSƏNOV,

veteran jurnalist

Paylaş: