25 Fevral 2021 09:04

Türkiyəli diplomat: “Bir millət, bir ordu, bir diaspor olacağıq”

“Qəhrəman əsgərlərimiz və şəhidlərimizin sayəsində 44 gündən sonra torpaqlarımıza qovuşduq. Dağlıq Qarabağ Azərbaycanın öz tarixi torpaqlarıdır. Biz  öz torpaqlarımızı işğaldan azad etdik”.

Bu fikirləri Modern.az-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib.

Diplomatın sözlərinə görə,  44 günlük savaş hər iki qardaş dövlət üçün tarixdir:

“Eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığı bir tarixdir. Dünya bunu bir daha duysun. Qardaşlığımız möhkəmdir. Bu hər zaman da belə olacaq. Biz bir millət iki dövlətik. Yeri gələndə isə bir dövlət, bir millət belə ola bilirik. Bundan sonra isə daha da güclənərək  bir millət, bir ordu, bir diaspor olacağıq. Cənab prezidentin də söylədiyi kimi, bir millətin iki diasporu ola bilməz”.

Hulusi Kılıç Cənubi Qafqazda Ermənistanın düşdüyü vəziyyəti də şərh edib:

“2020-ci ilin 11 dekabrında hörmətli Rəcəb Tayib Ərdoğan  “altılıq platforması”nın  hər kəsə qazanmaq imkanı yaradacaq bir təşəbbüs olmağından bəhs etmişdi. Əgər Ermənistan bu prosesə qatılıb müsbət addımlar atsa, Türkiyə-Ermənistan əlaqələrində yeni səhifə açıla biləcəyi kimi, bölgədə sülh və inkişaf da bərqərar olar. Bu gün Cənubi Qafqazda  inkişafa ən çox ehtiyacı olan ölkə Ermənistandır. Ona görə də Ermənistanın reallıqla barışması mütləq vacibdir. Əgər bunu qəbul etməzsə, daha da pis vəziyyətə düşəcək. Bugünkü Ermənistanın diaspordan çörək gözləməsi ilə dövlət ola bilməz. Ona görə də Ermənistan vəziyyətlə barışmaq məcburiyyətindədir”.

Paylaş: