Məhəmməd Hadinin dünyagörüşündə azərbaycançılıq, islamçılıq, türkçülük

Məhəmməd Hadinin dünyagörüşündə azərbaycançılıq, islamçılıq, türkçülük

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

I Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Məhəmməd Hadi (1879-1920) Şamaxıda anadan olmuş, ibtidai təhsilini məhəllə məktəbində almış, sonralar Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından doğma türk dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdir. 1902-ci ilin yanvarında Şamaxıda baş verən zəlzələdən sonra Kürdə­mirə köçən Hadi maarifpərvərlərin, o cümlə­dən Ağa əfəndinin yardımı ilə bir məktəb açıb tədrisə başlamışdır (1902-1905). 1904-cü ildə Tiflis­də keçirilən Zaqafqaziya müəllimlər qurultayında iştirak edən Hadi 1905-ci ildə yaxın dostu Mustafa Lütfinin dəvəti ilə Həştərxana gedə­rək “Bürhani-Tərəqqi” qəzetində çalışmışdır. 1906-cı ildə Əli bəy Hü­seynzadənin dəvəti ilə Bakıya qayıdan Hadi əvvəlcə “Füyuzat” jurn­alında, daha sonra “Tazə həyat” və “İttifaq” qəzetlərin­də işləmişdir, 1910-cu ildə Hadi İstanbula getmiş, burada “Tənin” qəzetində tərcüməçi kimi fəaliyyət göstərməyə başlamışdır. O, 1911-1912-ci illərdə “Tənin” qəzeti ilə yanaşı, “Rübab”, “Şahbal”, “Mehtab”, “Şahrahi-səbah” kimi müxtəlif mətbuat orqanlarında da şeirlər, məqalələr, tərcümələr çap olunmuşdur. Bir sıra inqilabçılarla yanaşı, 1913-cü ildə Osmanlı dövləti Hadini də həbsə edib, Səlanikə sürgünə göndərmişdir. 1914-cü ildə Bakıya qayıtmağa nail olan Hadi “Tatar diviziyası”nın tərkibində müharibəyə gedənə qədər əsərlərini “İqbal”, “Sədayi-həqq” və “Bəsirət” qəzetlərdə dərc etdirmişdir. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Karpata getmiş, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra etmişdir.

1918-ci ildə Vətənə döndükdən sonra Hadi bir müddət Gəncə­də qalıb, daha sonra Bakıya gəlib. Hadi 1918-1919-cu illərdə yazdığı bütün əsərləri bir yerə toplayaraq dörd kitab halında çap etdirmişdir. 1920-ci ilin iyunun əvvəllərində Gəncədə vəfat etmişdir.

Onun əsas əsərləri aşağıdakılardır: “Firdovsi-ilhamat” (1908), “Aləmi-müsavatdan məktublar” (1908), “Eşqi-möhtəşəm” (1914), “Şükufeyi-hikmət” (1914), “Əlvahi-intibah” (1918) və b.

Hadinin sosial-siyasi görüşləri maraqlı olduğu qədər də ziddiyyətlidir. O, ilk dövrlərdə islamçılığa daha çox meyil göstərib müsəlman xalqların, o cümlədən Qafqaz-Azər­baycan türklərinin maariflən­məsi, cəhalət və dini xurafatdan qurtul­ması uğrunda müba­rizə aparmışdı. Hadi “Məktəb”, “Məktəb şərqisi”, “Lövheyi-təsviri-maarif”, “Maarifə dair” və digər şeirlərində yazırdı ki, müsəlman xalqlarının nicatı, səadəti, azadlığı məktəb və təhsildən, bir sözlə, dünyəvi elmləri öyrənməkdən başlayır. Ona görə, Qərb millət­ləri dünyəvi elmlərə yiyələnib tərəqqi etdiyi bir dövrdə müsəlman xalqlarının bütün bunlardan uzaq qoyan isə islam dini deyil, onun adından danışan ruhanilərdir. O, yazırdı:

Əcanib qıldı hər bir karın itamam,

Biz isək əski tacdır, əski həmmam.

Nələr icad edir ərbabi-sənət,

Sənayelə qılır təhsili-sərvət.

Tutub sənətlə dünyanı əcanib,

Fəqət biz qalmışıq məhrum, xaib.

Əfəndim söyləyirminbərdə hər an:

Bizə lazım deyildir elmiəbdan”.

Deyir: – “Üqba gərək dünya fənadır,

Cahan islamə zindanibəladır”.

Siz etdiz bizlərə dünyanı zindan,

Yıxılsın xanəniz, ey kəmşüuran!

Sənaye rahını kəsdiz həmişə,

Dediz lazım deyil islamə pişə.

Sənaye nolduğundan bixəbərsiz,

Həqiqət meyvəsiz, bərsiz şəcərsiz. [1]

Bu baxımdan “Həyat” qəzetində nəşr olunan məqalələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin də öyrənilməsinin zəruriliyndən bəhs edən Hadi yazırdı ki, ruhanilərin uydurduqlarına inanıb dünyəvi elmlərə yuxarıdan aşağı baxmaq tamamilə yanlışdır: “Demək ki, elmi-əbdan əsasi-mədəniyyət və binayi-aləm-bəşəriyyətdir. Ülumi-əbdaniy­yə ol­mazsa, Adəm övladı tərəqqi, təali təməddün istehsalına bir dürlü mü­vəffəq olmaz. Küreyyi-ərzin ədvari-əvvəlində olduğu kimi bir vəhşəti-abad və bir xərabazəri-dəhşət halında qalar. Elmi-əbdan sayə­sində bir ömrani-abad feyz olur, şen olur, məmur olur… Bəli, elmi-əbdan mühəndisi-cahani-mədəniyyətdir”. [2]

Hadinin fikrincə, bu dünyada təbii sərvətlərdən lazımınca faydalanmağın, xoşbəxt yaşamağın da yeganə yolu dünyəvi biliklərə yiyələnməkdir. Çünki dünyəvi elmlərin sayəsində insanlar həm dini daha dərindən anlamış olur, həm də yer üzərindəki otlar, ağaclar, mədənlər, maddələr, zərrəciklər barədə məlumat əldə edirlər. Hadi yazırdı: “Halbuki yuxarıda zikr olunan ülumi-əbdaniyyə sayəsində hər bir maddə də bir mənfəət, bir fayda olduğu kəşf olunmuş və aləmdə heç bir əbəs və batil şey olmadığı məlum və aşkar olmuşdur deməklə, Quran fəlsəfəsini parlaq bir surətdə kəşf edib aləmə göstərən elmi-ədyan deyil, elmi-əbdandır; elmi-əbdan olmayacaq olsaydı, fəlsəfeyi-islamiyyə ədmi-abadi-nisyanda qalıb kimsəyə bəlli olmaya­caqdı. Elmi-əbdan gündən-günə tövsiyeyi-daireyi-hüdud etdikcə islamiyyət günəşi, afaqi-insaniyyəyi tənvir və bütün cahanə parıl-parıl nəşri-ziya eyləyir”.[3]

Bununla da, Hadi demək istəyirdi ki, Quran fəlsəfəsində də dünyəvi elmlərə zidd olacaq heç bir mülahizə yoxdur. Üstəlik, Quran fəlsəfəsi hər zaman müsəlmanları dünyəvi elmləri öyrənib zamanla ayaqlaşmağa dəvət etmişdir. Hadi “Lövheyi-təsviri-maarif” şeirində də göstərirdi ki, Qurani-Kərimlə yanaşı, Məhəmməd peyğəm­bərin (s.) hədislərində də elm öyrənmək hər şeydən üstün sayılmışdır. O yazırdı:

Beşikdən qəbrədək təhsil edək adabu irfani,

Əgər Çin ölkəsində olsa cuyəndə olaq elmi,

Qılıb kəsbi-fəzail, edəlim tövsii-ruhani.

Ülumə talib olmaq fərzdir mərdanü nisvanə,

Edib məmur elmə bizləri məhbubi-yəzdani…

Buyurmuş fəxri-aləm: “Elm bir nuri-ilahidir”,

Cəhalət isə bir zülmət, edər gümrah insani.

Demiş ol fəxri-kövneyn: “Aləmi seyri-sülukimdə –

Cəhalət əhlini gördüm düçari-qəhri-rəbbani”….[4]

Ümumiyyətlə, Hadiyə görə peyğəmbər böyük bir islahatçı olub, dünyada yeni bir səhifə açmışdır. Peyğəmbərin mövludu ilə yalnız Ərəbi­standa deyil Yaxın Şərq bölgəsində müsbət anlamda ciddi inqilabi dəyişiklər baş vermişdir. O, yazırdı:

Cənabi-Əhməd əsri: xalq biürfan halında,

Cəhalət cisimlənmişdi əbucəhlan halında.

Həmişə qətlü qarət, adətən bir şan halında.

Əvət, gördüm o dövrü dövri-xunxaran halında.

İşıqlı yol da gəldi həzrəti-Quran halında. [5]

Hadi peyğəmbərin movlüd gününə həsr etdiyi şeirində də yazırdı ki, bu gün kainat onun dünyaya gəlişi ilə zinətlənmiş, zülmətin yerini nur tutmuşdur.[6] Ancaq müsəlmanlar son əsrlərdə Qurana və peyğəm­bərin hədislərinə əməl etməkdən uzaqlaşdıqları üçün İslam aləmi geriləmiş və cəhalətə düçar  olmuşdur. O, yazırdı:

Etmərik qanuni-şəri-Əhmədidən inhiraf,

Vurmarıq biz yavəgulər tək əbəs lafü kəzaf,

Çünki var cəngi-qərəzdən qəlbimiz mirati-saf,

Ayrı bir məqsədimiz yoxdur, ey əhli-etisaf,

Zülmə var ikrahımız, dad istərik, dad istərik. [7]

Hadi açıq şəkildə yazırdı ki, hazırda mədrəsələr dövrün tələblərinə cavab vermir. Əksinə, dini məktəblərdə cəmiyyətə mənəvi cəhətdən şikəst uşaqlar hazırlanır. Çünki burada uşaqlara ya eşq dastanları öyrədilir, ya da təhsil şəriət kitablarına, dini əfsanələrə əsaslanır. Bu baxımdan Hadi uşaqların zehinlərində xurafat fikirlər yaradan kitabları tənqid edərək, yeni tipli kitabxanaların açılmasını təklif edirdi. Bunu əsaslandırmaq üçün yenə də Quranın özünə müraciət edən Hadi, onun fikir­lərinə qarşı çıxan mühafizəkar islamçı­ları isə kəskin şəkildə tənqid atəşinə tutmuşdur: “Əsr tazə, icabat, vəqt tazə…, biz isə köhnə həmam, köhnə tas, köhnə qafa, əski fikirmizdən niyə əl çəkmə­yiriz, cahani-mədəniyyət niyə baxmayırız… Zəman və ədvarın  düçari-təəddül olduğu əqlən-nəqlən, təcrübətən müsəlləm və mühəqqəq bir keyfiyyət­dir… İnsaf əfəndim, mürvət əfəndim, illərcə göz nuru sərf olunaraq oxunan, oxudulan sərf-nəhv, bəyan-məyan, məntiq, fiqhdən tədris bağçasından bir qönçə dərilmədi, bir meyvə qoparılmadı, böylə degilmi ya..! Hala meydani-fəaliyyətdə və ciddiyyətdə bulunan üsuli-qədimiyi, təlim və tədris qadidəsini yeni bir qəlbə soxmaq, zəmanə təbiq etmək dinsizlik moçibimi”.[8]

M.Hadi Şərqlə Qərbi də müqayisə edərək yazırdı ki, Qərbdə maarif, elm, hürriyyət, səadət, işıq, bəsirət, qanun olduğu halda, Şərqdə cəhalət, əsarət, zülmət, ətalət, səfalət, mövhumat, fanatizm hökm sürür. Onun fikrincə, Qərbdə insanlar elm, sənət öyrənib sənayedə, hərbdə qüvvətləndikləri halda, Şərqdə hələ də millətlər elm və sənayeni islama zidd sayır, şeytan əməli adlandırırlar. Eyni zaman­da Qərbdə elmli, bilikli insanlara ehtiram göstərildiyi halda, Şərqdə cahillər və nadanlar hörmət-izzət sahibidirlər:

Məğribdə var maarif, Məşriqdə var cəhalət,

Məğribdə hürrdür xəlq, Məşriqdə var əsarət,

Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,

Məğrib işıqlı yerdir, Məşriq zəmini-zülmət,

Bizlər dəfini-zülmət

Məğrib cahani-cuşan Məğrib cahani-himmət,

Məğribdə var çalışmaq, Məşriqdə var ətalət.

Məşriqdə çox sönükdür idrakü əqlü fikrət,

Məğribdə əhli-fikrə qiymət qoyar cəmaət.

Qərbin gözü açıqdır, Məğribdə var bəsirət,

Kordur desəm əhali Məşriqdə, etmə heyrət!

Bax, cameə ləbaləb xabidəgani-qəflət,

Vaiz xürafələrdən etməkdədir hekayət.

Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,

Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə.[9]

 

 

[1]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.24-25

[2]Hadi Məhəmməd. Elmi-əbdanə həqiqi bir nəzər. «Həyat» qəzeti, 1906-cı il, №182

[3]Hadi Məhəmməd. Elmi-əbdanə həqiqi bir nəzər. «Həyat» qəzeti, 1906-cı il, №182

[4]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.25-26

[5]Yenə orada, s.354

[6]Hadi Məhəmməd. «Mövlüdi-fəxri-aləm», Füyuzat №15, 1907, 13 aprel

[7]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.153

[8]Hadi Məhəmməd. Elmi-əbdanə həqiqi bir nəzər. «Həyat» qəzeti, 1906-cı il, №182

[9]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.267

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle