“Görürəm ki, bizim ev-eşiyimizə qayıtmağımıza imkan verməyəcəklər” – DEPUTAT

“Görürəm ki, bizim ev-eşiyimizə qayıtmağımıza imkan verməyəcəklər” – DEPUTAT

Elman Məmmədov: “Laçın dəhlizində sülhməramlılar deyil, Azərbaycan sərhədçisi dayanmalı, Azərbaycanın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərməlidir”

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti yenidən mandatlarından kənara çıxmaqdadır. Belə ki, kontingent indi də 1941-45-ci illər Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünə həsr olunan “Ailə tarixi – Zəfər tarixi” adlı aksiya keçirməyə başlayıb. Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda qeyd edilib ki, Dağlıq Qarabağın Əskəran bölgəsinin Xanabad kəndinin İkinci Dünya müharibəsində həlak olan 104 sakininin abidəsi önündə aksiyaya start verilib. Nazirlik aksiya ilə bağlı fotolar da yayımlayıb. Şəkillərdən görünür ki, orada ermənicə yazılar həkk olunan abidənin önündə erməni sakinlərə sülhməramlılar da yardım edir.

Nəzərə alsaq ki, Qarabağdakı Rusiya hərbçilərinin vəzifəsi işğaldan azad edilmiş əraziləri erməni terrorçu silahlı birləşmələrindən təmizləmək, sülhməramlı əməliyyatları həyata keçirməkdir, o zaman bu cür humanitar aksiyaların təşkili suallar yaradır.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutaq Üçtərəfli Bəyanata əsasən, bölgəyə Rusiyanın sülhməramlıları yerləşdirildi. Elə həmin gündən etibarən hərbi kontingent zaman-zaman səlahiyyətlərinə aid olmayan məsələlərlə məşğul olmağa başlayıb. Xankəndidə Azərbaycanın erməni əhalisinin evlərini təmir etməkdən tutmuş, onlara qaz-işıq çəkilməsinə, müxtəlif bayramları qeyd etməsinə, yeyib-içməklərinə kimi – demək olar, hər əməl törədirlər. Təkcə öz mandatlarına uyğun olan hərbi vəzifədən başqa.

Təbii ki, sülhməramlıların bu cür addımları Azərbaycan ictimaiyyətinin qıcıqlanmasına səbəb olmaqla yanaşı, həm də beyinlərdə müxtəlif fikirlərə yol açır – Rusiya hərbçilərinin bu canfəşanlığının səbəbi nədir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Xocalıdan olan deputat Elman Məmmədov da sülhməramlıların davranışlarının xoşagəlməz olduğu və bunun arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi düşüncəsindədir. AYNA-ya müsahibəsində millət vəkili vurğulayıb ki, Rusiya sülhməramlıları özlərinə çəki-düzən verməli, mandatlarına uyğun hərəkət edərək, davranışlarına korrektələr etməlidirlər:

“O video təxribatdır, inanmayın” – DEPUTAT

– Mənim deyəcəklərim subyektiv fikirlərimdir. Mövqeyimi bir Azərbaycan vətəndaşı, bir qarabağlı kimi bildirirəm. Bunun dövlət siyasətinə, dövlətlərarası münasibətlərə heç bir dəxli yoxdur. Rusiya sülhməramlıları Azərbaycan ərazilərinə gəldiyi gündən etibarən onların hərəkətləri SSRİ dövrünün sonlarını xatırladır. 1988-ci ildən, Qarabağla bağlı hadisələr başlayandan, 1993-cü ilə qədərki dövrdə rus əsgərləri nə edirdilərsə, bu gün həmin əməlləri törətməkdədirlər. Ermənilərlə o vaxt da hərbi əməkdaşlıq edirdilər, indi də bunu həyata keçirirlər. Münaqişə başlayan illərdə ermənilərə necə dostluq, havadarlıq edirdilərsə, bu gün də həmin dostluğu, havadarlığı edirlər.

– Amma həmin illərdə sülhməramlı deyildilər…

– Bilirsiniz, BMT-nin və digər beynəlxalq qurumların sülhməramlı missiya ilə bağlı qayda-qanunları var, müəyyən konvensiyalar var. Bu missiyanın formulu beynəlxalq hüquqda əksini tapıb. Amma Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə gəldikləri gündən sülhməramlı missiya yerinə yetirmək əvəzinə ermənilərə əmioğluluq funksiyasını yerinə yetirirlər. Rusiya hərbçiləri əvvəlcə Qarabağda özlərinin törətdikləri müharibə nəticəsində qaçıb-gedən erməniləri Xankəndiyə qaytarmağa başladılar. Həmin erməniləri müdafiə etdilər, onlar üçün evlər təmir etdilər, ev tikdilər, humanitar yardım daşıdılar, tibb məntəqələri açdılar və s. Azərbaycan dövlətinin hərbi cani, cinayətkar kimi, xalqımıza qarşı törətdikləri soyqırıma görə cinayət işi açılmış terrorçulara əməkdaşlıq, tərəfdaşlıq edirlər. Hər gün sülhməramlıların terrorçularla yeyib-içdiklərini, hoqqalardan çıxdıqlarını görürük. Axı, bunların heç biri sülhməramlıların missiyasına aid və uyğun deyil. Bugünədək üzərlərinə düşən missiyanın heç birini etməyiblər.

– Məsələn, Qarabağda əlisilahlı erməni terrorçularının zərərsizləşdirilməsi, təmizlənməsi…

– Bəli, əsas missiyalarından biri məhz budur. Rusiya sülhməramlılarının missiyasına birbaşa aid olan odur ki, nəzarət etdikləri ərazilərdə hələ də fəaliyyət göstərən erməni diversiya-təxribat qruplarını, terrorçu dəstələri tərksilah etsinlər və Qarabağdan çıxarsınlar. Missiyalarından biri odur ki, mənim kimi məcburi köçkünü Xocalıya qaytarmaq üçün tədbir görsünlər. Bunun heç birini etmirlər axı. Sanki sülhməramlılar Qarabağa erməniləri müdafiə etmək, onlara hamilik etmək üçün gəliblər. 1990-cı ilin əvvəllərində Qarabağda Rusiya əsgərləri postlar düzmüşdülər, bu gün qoyulan postlar həmin postlardır. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi boyu yenə həmin hərbi postları düzüblər. O vaxt postların qurulmasında məqsəd Dağlıq Qarabağın müdafiəsini təşkil etmək idi. Bu gün də eyni hal təkrarlanır – Şuşa, Hadrut və Xocavəndin bir hissəsini çıxmaq şərti ilə. Mən bunları deyirəm, amma məqsədim Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığa, xoş münasibətlərə, tərəfdaşlığa, qonşu dövlətlər arasındakı inkişaf edən əlaqələrə kölgə salmaq deyil.

– Amma Rusiya sülhməramlıları Qarabağda etdikləri ilə bu münasibətlərə ziyan vururlar.

– Deməyim odur ki, bu sülhməramlıların ipini çəkmək lazımdır, yerini göstərmək lazımdır. Axı, sülhməramlı nəyə görə mənim dövlət sərhədimdə dayanmalıdır?! 5 kilometrlik Laçın dəhlizinin qurtaracağı Azərbaycan-Ermənistan dövlət sərhədidir. Niyə orada bu gün Azərbaycan sərhədçisi dayanmır? Dövlət sərhədini niyə mənim əsgərim qorumur? Əvəzində sülhməramlı dayanıb, postunu qurub. Bu gün sülhməramlılar Qarabağa o dəhlizdən kimi istəyir gətirir, kimi istəyir aparırlar. Bu gün sülhməramlıların nəzarətində olan Xankəndidə, Əskəranda, Xocalıda, Xocavəndin bir hissəsində, Ağdərədə qalmış erməni quldur dəstələri niyə tərksilah edilmir? Bu terrorçuların təminatı hardan ödənilir? O quldurlara silah-sursat, ərzaq hardan gəlir? Təbii ki, Laçın dəhlizindən. Laçın dəhlizinə nəzarət sülhməramlıların missiyasına daxildir. Bu nəzarəti niyə həyata keçirmirlər? Bu suallara, məsələlərə Rusiya aydınlıq gətirməlidir.

– Və biz Laçın dəhlizindən Xankəndiyə gələn ermənilərin də kimliyini bilmirik…

– Bəli, bilmirik. Sülhməramlılar oraya gələnlərin qarşısını almır, əksinə şərait yaradır. Ermənistanın rəsmiləri, it-qurd, kimin kefi istəyir Xankəndiyə gəlir-gedir. Onlara deyən yoxdur ki, axı, sən əcnəbi vətəndaşsan, hansı icazə ilə Azərbaycan sərhədini keçirsən?! Sülhməramlılar Azərbaycanın icazəsi olmadan başqa ölkənin vətəndaşlarını niyə Qarabağa buraxır? Bu suallar açıq qalır. Sülhməramlılar qanuni missiyalarını icra etmək yerinə, Vitali Balasanyan, Araik Arutunyan və başqa canilərlə, terrorçularla stol arxasında oturub müzakirə aparır, yeyib-içirlər. Bir tərəfdə separatçıların əski parçası, digər tərəfdə Rusiya bayrağı – oturub müzakirə edirlər. Bu məsələlərə aydınlıq gəlməlidir.

– Sülhməramlıların orada nəzərdə tutulan saydan artıq olması barədə də məlumatlar var. Buna münasibətiniz necədir?

– Necə olacaq? Çox pis! Bugünlərdə Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gedib. Aydın olmadı ki, o, hansı yolla, hansı əsasla oraya gedib, Azərbaycanın icazəsi olubmu. Güman ki, həmişəki kimi özbaşına hərəkət ediblər. Digər yandan, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə etmişdi ki, Qarabağda 30-dan çox hərbi şəhərcik tikəcəklər və bunların hər birində 300-dən çox hərbçi yaşaya biləcək. Bu şəhərciklərdə qalacaq hərbçilərin sayını hesablayanda 10 mindən çox hərbçi edir. Axı, sülhməramlıların sayı 1960 olmalıdır. Yaxşı, bu qədər əsgəri, humanitar yardım, tikinti materialı adı altında bu qədər hərbi texnikanı Qarabağa niyə daşıyırlar? Bir vaxt görəcəyik ki, yenə Qarabağı silah-sursatla doldurublar.

Bunlar hamısı qaranlıq məqamlardır ki, Azərbaycan ictimaiyyətində narazılıq və narahatlıq yaradır. Narahat olanlardan biri də mənəm. Mən Xocalıma, doğma ev-eşiyimə qayıtmaq istəyirəm. Amma baxıram ki, sülhməramlıların fəaliyyəti mənim kimisinin ev-eşiyinə qayıtmasına imkan verməyəcək. Bunlar Qarabağa erməni yerləşdirməklə məşğuldurlar. Harada bir erməni tapırlar, sürüyüb gətirirlər bizim ərazilərimizə, ev tikirlər, yaşamlarını təmin edirlər.

– Biz necə bilməliyik ki, Qarabağa qaçqın adı ilə qaytarılan ermənilər həqiqətən Qarabağ ermənisidir, yoxsa Ermənistan ermənisidir?

– Yenə deyirəm, Laçın dəhlizində Azərbaycan sərhədçisi dayanmalıdır, Azərbaycanın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərməlidir. Ərazimizə kim gəlir, kim gedir – bunu bilməliyik. Buna biz nəzarət edə bilmirik. Sülhməramlılar nəzarət edir, onlar da kimi istəyirlər buraxırlar. Baxmırlar, bu şəxslər terrorçudur, quldurdur və s. Bu yaxınlarda məlumat yayıldı ki, tikinti işçiləri adı altında Qarabağa Ermənistandan terrorçular, cinayətkarlar gətirilir. Hesab edirəm ki, bu məsələlərə ciddi diqqət yetirməliyik. Təhlükəsizliyimizi qorumalıyıq, gələcəkdə ola biləcək xoşagəlməz hallardan özümüzü müdafiə etmək üçün indidən tədbir görməliyik.

– Sizcə, belə neqativ hallar çoxaldıqca yeni müharibə ehtimalı gündəmə gəlirmi və Moskva müharibədə maraqlıdırmı?

– Məsələ burasındadır ki, Qarabağ işğaldan azad ediləndən sonra Türkiyə hərbçiləri də gəlib, Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Dəqiq məlumatım olmasa da, eşitdiyimə görə, Türkiyə hərbçilərini ruslar Qarabağın dağlıq ərazisinə buraxmırlar. Yəni, dəhlizə nəzarətdə Türkiyə hərbçilərinin rolu yoxdur. Olsaydı, yenə demək olardı ki, Türkiyə hərbçiləri quldurların, qansızların Qarabağa gəlməsinin qarşısının alınmasına çalışırlar. Müharibə 2020-ci ilin noyabr ayının 10-da bitib. Bu gün 2021-ci ilin aprelidir. Bu 5 ay ərzində sülhməramlıların birbaşa vəzifəsi idi ki, nəzarətində olan ərazilərdəki qeyri-qanuni silahlı birləşmələri oradan rədd etsinlər. Oradakı cinayətkarları da tutub Azərbaycana təhvil verməlidirlər. 5 ay az müddət deyil, etdilərmi? Xeyr!

Belə olan halda, Azərbaycan öz qanunlarına və beynəlxalq hüquqa istinad edərək ərazilərindəki terrorçu qrupları məhv etmək hüququnu özündə saxlayır. Belə getsə, yəqin ki, antiterror əməliyyatları başlayacaq. Bu, müharibə deyil, Azərbaycanın ərazilərini qeyri-qanuni ünsürlərdən təmizləməkdir. Necə ki, çox hörmətli qonşumuz Rusiya uzun illərdir Şimali Qafqazda antiterror əməliyyatları keçirir. Digər başqa dövlətlər də ərazilərində cinayətkar ünsürlərə qarşı əməliyyatlar aparır ki, bu, o dövlətlərin hüququdur. Azərbaycan da həmin yolu tutub antiterror əməliyyastlarına başlayacaq. Çünki Azərbaycana başqa seçim qoymurlar.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle