Niyə Putin Ukraynada böhran olmasını istəyir? – “EUObserver”

Niyə Putin Ukraynada böhran olmasını istəyir? – “EUObserver”

Rusiya qəflətən Ukraynada iri miqyaslı müharibəyə hazırlaşmağa başladı. Bəs prezident Vladimir Putinin əsl niyyəti nədir?

Turkustan.info Novator.az saytının tərcümə etdiyi “EUObserver” internet nəşrində (redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşir) dərc edilmiş “Niyə Putin Ukraynada böhran olmasını istəyir?” başlıqlı məqaləni təqdim edir. Məqalənin müəllifi Endryu Rettmandır.

Hərbi icmalçı Pavel Felgenqauer mətbuata açıqlamasında durumu belə şərh edib: “Müharibənin olub-olmayacağı məlum deyil. Bunu zaman göstərəcək. Qərb bununla bağlı nə edəcəyini bilmir”.

Pavel Felgenqauer “Rosbalt” nəşrinin “Rusiya niyə müharibəyə başlamaq istəyir” sualına belə cavab verib: “Bunu psixoanalitikdən soruşun. Faktlar göz qabağındadır, artıq hər şey baş verir. Bir aydan sonra müharibədir. Mayın əvvəlinə hər şey hazır olacaq”.

İcmalçının açıqlaması Putinin gözlənilmədən Rusiya qoşunlarını Ukrayna sərhədinə çəkməsindən bir neçə gün sonraya təsadüf edir. Rusiya prezidenti gücünü möhkəmləndirmək üçün Baltik donanmasının dörd hərbi gəmisini də La-Manşdan Qara dənizə göndərib.

Felgenqauerin sözlərinə görə, Rusiyanın işğal etdiyi Krım yarımadası tərəfdən hücuma keçə biləcək tank briqadası var. Rusiya Ukraynadan qopartdığı şərq bölgəsində “Donbas xalq dəstəsi” və “Luqansk xalq dəstəsi”nə də gizli nəzarəti həyata keçirir.

Rusiya Silahlı Qüvvələrinin sərhədə yeridilməsi Ukraynanın şərqindəki təmas xəttində hərbi əməliyyatların alovlanması fonunda baş verir. Bu, müdaxilə üçün Rusiyanın əlində bəhanə ola bilər. Baş verənlər Brüsseli çox narahat edir.

Ukraynanın Avropa İttifaqında səfiri Nikolay Toçiski kəşfiyyat məlumatlarına istinadla bildirib ki, Rusiyanın məqsədi öz vətəndaşlarının müdafiəsinə zərurət yarandığını bəhanə gətirib qoşunlarını Ukraynanın şərqində yerləşdirməkdir: “Rusiyanın işğalçı qoşunlarını Ukraynanın içərilərinə yeritməyə cəhd edəcəyi də istisna olunmur”.

Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis mediaya açıqlamasında bildirib ki, Avropa İttifaqı ayıq-sayıq, Ukraynadakı tərəfdaşlarına yardım etməyə hazır olmaldır.

Avropa Birliyinin diplomatlarından biri ağır hadisələrin baş verəcəyindən qorxduğunu söyləyib. O, 2008-ci ilin Gürcüstan müharibəsini, Rusiya tanklarının demək olar Tbilisiyə soxulduğunu xatırladaraq deyib: “Rusiyanın təxribat törədib sonra da Ukraynanı aqressivlikdə günahlandırması eynilə Gürcüstan ssenarisidir”.

Kreml Rusiya qoşunlarının səfərbər olunmasının səbəbinə faktiki olaraq heç bir izah verməyib. Felgenqauerin fikrincə, Rusiya hakimiyyəti eləcə bunu deyir: “Bacarırıq, edirik”.

NATO-ya üzv ölkələrdən birinin kəşfiyyat zabiti bildirib ki, Rusiyanın susması onu qorxudur, çünki bu sükutda meydan oxumaq havası var.

Nikolay Toçiskinin sözlərinə görə, Putin Ukraynanı yenidən ələ keçirmək istəyini ortaya qoyub: “Rusiya imperiyasını Ukraynasız tam bərpa etmək mümkün deyil. Ona görə Ukraynanı fəth etmək Putinin arzusudur”.

Felgenqauer “Rosbalt”a açıqlamasında bildirib ki, Putin Berdyans, Mariupol və Odessa limanlarını ələ keçirib Ukraynanı dənizdən ayırmağa cəhd edə bilər: “Putin hətta Moldovanın Rusiyanın işğalı altında olan bölgəsinə – Dnestryanıya dəhliz də çəkə bilər. Ya da Qərblə danışıqlara başlaya bilər. O, adətən bu cür hərəkət eləyir”.

Ən pis ssenarini bir yana qoysaq, çox güman ki, Putin Avropa və Ukraynanı qorxudub onları bəzi güzəştlərə məcbur etməyə çalışır. Ola bilər, Putin ABŞ prezidenti Cozef Baydenin yeni administrasiyasının gücünü sınayır.

NATO-nun yüksək çinli sabiq məmuru Ceymi Şi hesab edir ki, Putinin “qılınc oynatması” Kiyevi Ukraynanın işğal olunmuş şərq bölgəsindəki oyuncaq rejimlərə xüsusi status və səlahiyyətlər verməyə məcbur etmək məqsədi daşıyır.

Ceymi Şinin sözlərinə görə, Kreml Fransa və Almaniyanın Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməsini də istərdi: “Ona görə Kreml elə təsəvvür yaradır ki, bunun alternativi müharibədir, Zelenskiyə təzyiq olmasa silahlı qarşıdurma hadisələrin inkişafının ən real variantıdır”.

Ceymi Şi qeyd edir ki, Putin Bayden administrasiyasının Ukrayna ilə bağlı qərarını əvvəlcədən sınamağa çalışır: “ABŞ durumun kəskinləşməsinə hazırdırmı? Yoxsa o, status-kvoya sadiq qalacaq? Geniş miqyaslı münaqişə təhlükəsi Birləşmiş Ştatların Kiyevə göstərdiyi hərbi yardımın həcmini artıra və ya azalda bilərmi?”

Ancaq Ceymi Şi onu da əlavə edir ki, hətta Putin istəsə belə Ukrayna ərazilərinin bir hissəsini ələ keçirmək çətindir: “Əks tərəfin müqaviməti daha güclü olacaq və Rusiyanın xərcləri daha da çoxalacaq. Artıq Ukrayna ordusu da güclənib və ölkənin şərqindəki 7 illik hərbi əməliyyatlar onun döyüş təcrübəsini püxtələşdirib”.

Amma vəziyyət gərginləşərsə, sonra nə olur olsun Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar dəyərini itirə bilər. Eyni zamanda gələcək gərgin hadisələr hazırda Rusiyada həbsdə olan və səhhəti getdikcə pisləşən Aleksey Navalnı kimi bir sıra müxalif fəalların taleyini beynəlxalq ictimaiyyətin diqqətindən yayındıra bilər.

Avropa İttifaqı onlarla rusiyalı məmura insan haqlarının pozulması, kimyəvi silah tətbiqi, kiber hücumlar və Ukraynadakı müharibə səbəbindən sanksiyalar tətbiq edib. İttifaq habelə Rusiyanın bəzi bankları və energetika şirkətləri ilə biznes qurulmasına məhdudiyyətlər qoyub.

Ancaq Avropa Birliyinin Navalnının həbsinə görə tətbiq etdiyi sanksiyalar Rusiyanın Avropada həqiqi müharibə aparmaq təhdidinin yanında “ağcaqanad sancması” kimi bir şeydir.

Ukrayna prezidentinin keçmiş müşaviri, ölkənin Avropa İttifaqında sabiq səfiri, hazırda Kiyevdə “New Solutions Centre” analitik mərkəzinə rəhbərlik edən Konstantin Yeliseyev məhz bu fikirdədir. O, “EUObserver”ə açıqlamasında deyib: “Əgər Putin Almaniyanın “Şimal axını – 2” qaz kəməri tikintisi layihəsini dayandıracağından və ya Avropa İttifaqının Rusiyanı SWİFT beynəlxalq ödəniş sistemindən çıxaracağından qorxsaydı bir daha düşünərdi”.

Konstantin Yeliseyevin sözlərinə görə, Rusiyaya qarşı ən təsirli əks tədbir Ukrayna xalqına Avropa Birliyinə üzv olmaq imkanının verilməsi və NATO-nun bu ölkəni üzvlük fəaliyyət planına daxil etməsi olardı: “Bu, Putinə ən böyük zərbə olardı. Belə qərar Ukrayna Pravoslav Kilsəsini Rusiya pravoslavlarının tabeliyindən çıxarıb ona müstəqil status verilməsi kimi bir hadisə olardı”.

2018-ci ildə Ukrayna kilsəsinin Rusiya kilsəsindən ayrıldığını yada salan Konstantin Yeliseyev vurğulayır ki, Ukrayna Pravoslav Kilsəsinə status verilməsi qərarı Rusiyanın son yüz ildə ən böyük uğursuzluqlarından biridir: “Avropa İttifaqı ölkələri və Bayden administrasiyası Putinlə necə rəftar edəcəklərini bilirmi? Bax, bunu zaman göstərəcək”

O biri yandan Ceymi Şin qeyd edir ki, istənilən halda Ukraynanın NATO-ya üzv olması üçün ona fəaliyyət planının təqdim edilməsi hələ tezdir: “İttifaq üzvləri Ukraynada korrupsiya ilə mübarizə və məhkəmə sisteminin yenidən qurulması istiqamətində islahatları, habelə bölgədə sabit mühit görmək istəyirlər. İndiki məqamda hələlik NATO ölkələrinin səfirləri Rusiyanın ünvanına sərt şifahi xəbərdarlıqlar edirlər və bununla da alyans Ukraynanı dəstəkləmək fikrinə sadiqliyini göstərir. NATO eyni zamanda münaqişəni kəskinləşdirməməyə və təmkinli olmağa çağırır”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle