9 aprel – Göyçəlilərin yaddaşından silinməyəcək qanlı gün

9 aprel – Göyçəlilərin yaddaşından silinməyəcək qanlı gün

İlqar MÜZƏFFƏROĞLU,

AJB-nin üzvü

9 aprel 1919-cu il. Həmin gün Azərbaycanın qədim yurdu İrəvan quberniyasının azərbaycanlılar yaşayan 15 mahalından biri olan ulu Göyçənin qan yaddaşına əbədi yazılan bir gündür. Bu günü göyçəlilər zaman-zaman unutmayacaqlar.

1918-ci ilin 28 mayında Qərbi Azərbaycan torpağında cəmi 9 min kvadrat kilometr ərazidə özlərinə dövlət qurub, o dövlətin paytaxtını da bizdən hədiyyə alan ermənilər az sonra Azərbaycan türklərinə əsl mənada qənim kəsildilər.

İrəvanda, Zəngibasarda, Vedibasarda, Kərkibasarda, Sərdarabadda, Ağbabada, Hamamlıda, Cəlaloğlunda, Lorda, Pəmbəkdə, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Qazaxda Azərbaycan türklərinə qarşı əsil qətliamlar törədərək, 575 min əhalinin 565 minini tarixi yurd-yuvalarından qovmuş, qırıb məhv eləmişlər. Və ikicə ilə ərazilərini Azərbaycan torpaqları hesabına 25 min kvadrat kilometrə çatdırmışlar.

Erməni cəlladları 1919-cu ilin 9 aprelində qədim Göyçə mahalına da hücum edərək azərbaycanlılar yaşayan 38 kəndi büsbütün yandırmış, on minlərlə əhalini, minlərlə günahsız insanları insanlıq qanunlarına sığmayan üsullarla qətlə yetirmişlər.

Fikrimizə aydınlıq gətirmək üçün bir tarixi fakta nəzər salsaq ermənilərin inkvizasiya qanunlarında belə yazılmayan vəhşiliklər törətdikləri məlum olur. O zaman Baqram adlı bir erməni yasavulu qanla yazmışdı bunu erməni tarixinə: “Mən Basarkeçərin müsəlman-tatar əhalisini heç nəyə, məhəl qoymadan məhv elədim. Mənim bəzən gülləyə heyfim gəlirdi… Buna görə də yaralı kişiləri, qadınları, uşaqları quyulara doldurub üstlərinə ağır daşlar töküb, öldürürdüm”.

Bu hələ harasıdır?! Ermənilər həmin vaxtlar iclas adı ilə bir neçə kəndin 700 nəfərdən çox adamını Şişqayada dama doldurub diri-diri yandırmış, məşhur

el aşığı Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlayıb, əzabla qətlə yetirmişdilər…

…80-ci illərdə, Göyçə mahalında Basarkeçər rayonunun Göysu kəndinin qonağı olarkən yaxın dostum Məhəmmədin 75 yaşlı atası Qurban kişi yaddaşından silinməyən həmin o dəhşətli günü – 1919-cu ilin 9 aprel gününün damarlarda qan donduran faciələrindən danışdı mənə.

– …Novruzdan 17 gün keçmişdi. Aydın yaz günəşinin ilıq nəfəsindən qar yorğanını üstündən götürən Göyçə torpağının kürəyi yenicə tərləyirdi. Günə qarşı yerlərdə və ala-tala taxıl zəmilərində yaşıl xalı sərilirdi, təzə-təzə.

Buna baxmayaraq, zirvələrin yamaclarında, qayaların quzeyində, dərələrin yaxasında pəmbə buludları andıran tala-tala qar görünürdü. Kölgə yerlərdə isə qışın soyuq nəfəsi hələ də duyulmaqda idi.

Yuxarı Şorca kəndinin ağsaqqal-qarasaqqal kişiləri kəndin gündöyən yerinə yığılaraq, Göyçə qışının şaxtasını iliklərindən, sümüklərindən sümürüb çıxara-çıxara olanlardan, keçənlərdən danışırdılar.

Birdən aşağılardan ermənilər yaşayan Kəvər və Yeni Bəyazid tərəflərdən göy gurultusunu andıran boğuq bir səs eşidib göyə tərəf boylandılar. Amma göyün üzü Göyçə gölü kimi tər-təmiz idi.

Az sonra həmin səs bir daha eşidildi. Özü də bir dəfə yox, bir neçə dəfə daha bərkdən guruldadı. Bu səsə hətta evlərdəki arvad-uşaqlar da bayıra çıxıb, ətrafa boylandılar. Heç nədən xəbəri olmayan camaatın ürəyindən müxtəlif fikirlər keçdi. Kimi dedi Kəvər qarnizonu məşq eləyir, kimi dedi Yeni Bəyaziddəki ingilislər toplarını sınayır və s. və i.a.

Elə bu zaman aşağı kəndlərdən atını Yuxarı Şorcaya çapan bir atlı onlara yaxınlaşıb az qala bağıra-bağıra dedi:

– Ermənilər Çamırlıda, Gözəldərədə, Qızılvəngdə, Subatanda camaatı qırıb çatır, siz də özünüzü günə verirsiniz. Tez olun, arvad-uşağı kənddən çıxarın! Əli silah tutanlar isə kəndlərdə səngər qurub, mahaldan qaçan elatı qorusun.

Elə bu zaman Yeni Bəyazidə yaxın olan müsəlman kəndlərindən burum-burum qalxan tüstü göy üzünü bürüyürdü. Ermənilər həmin kəndlərə od vurmuşdular. Acı xəbər ildırım sürəti ilə kəndə yayıldı. Kimin nəyə gücü çatır, götürüb, tövlədəki mal-qoyunu kəndə tərəf hayladı.

Bir azdan digər kəndlərin – Qoşabulağın, Yarpızlının, Qanlının, Daşkəndin, Qaraqoyunlunun, Qayabaşının… köçləri də şorcalıların köçünə qarışdı. Hamı özünü Çalmalı aşırımına çatdırıb, Kərikdən Kəlbəcərə keçməyə tələsirdi. Kəndləri talan edib yandıran, ələ keçən əhalini yerindəcə qətlə yetirən ermənilər bu köçün qabağını qaytarmaq və qaçan nə var qırıb, məhv eləmək üçün sürətlə irəliləyirdilər.

Göydən güllə yağış kimi yağırdı. Bu yağışdan başlarını itirmiş adamlar və mal-qoyun qəfil güllədən qorunmaq üçün hara gəldi qaçır, qaça bilməyənlər yerindəcə erməni gülləsinə tuş gəlirdi.

Yal-yamacda səngər qurub erməniləri gülləyə tutan cavanların atəşləri deyəsən, dığaları qorxutdu. Onlar qaçanları qovmaqdan əl çəkib, kəndləri talamağa, yollarda qalan mal-qoyun sürülərini sürüb aparmağa girişdilər. Bu sakitlikdən soluqlanan Göyçə camaatı köçünü Çalmalı dağına, “Yab” aşırımına tərəf dəhmərlədi.

Aşırıma çathaçatda camaat daha bir dəhşətli faciə ilə üzləşdi. Göy üzünü qara buludlar bürüdü. Bala-bala yağan qar bircə anda dəhşətli çovğuna-tufana çevrilib, camaatın heyini kəsdi. Çovğundan başlarını itirən adamlar, heyvanlar özlərini hara gəldi təpirdilər. Dərəyə, yarğana təpilən nə varsa çovğun basıb bələyirdi. Bircə saatın içində dərələri, yarğanları qar sovruğu doldurdu. Hərə öz hayına qalmışdı. Daha ölənləri, itənləri axtaran da yox idi.

Yüzlərlə insan-uşaq, böyük, qoca, qarı, minlərlə mal-qara, qoyun-quzu qar altında qalmış, şaxtada donub ölmüşdü. Sağ qalanların isə zülmət gecədə əli heç yerə çatmırdı.

Səhər tezdən Kəlbəcər camaatı haraya gəldi. Yalda-yamacda donvuran və hələ də sağ qalan adamları yaxın kəndlərə daşıdılar. Ölənləri dəfn elədilər. “Dardərə”də, qar altında qalan insanları isə heç cürə çıxarmaq mümkün olmadı.

Düz iki aydan sonra “Dar dərə”nin qan əridi. Dərəyə baxan adamlar gördüklərindən dəhşətə gəldilər. Dərə büsbütün insan cəsədləri, mal-qara cəmdəkləri ilə dolu idi. İnsanları dəfn elədilər, heyvan cəmdəkləri isə qurda-quşa yem oldu və sümükləri dərə boyu səpələndi. Elə o vaxtdan “Dardərə” camaatın dilində dönüb oldu “Sümüklü dərə”.

…Düz 70 ildən sonra – 1989-cu ilin noyabr ayında ermənilər bu qanlı cinayətləri yenidən təkrar etdilər. Göyçə mahalının 50 mindən çox sakini, minillik yurdlarından qovulub, min bir zəhmətlə və zillətlə qurduqları evləri, yığdıqları var-dövlətləri talan edildi. Camaat isə güc-bəla ilə həmin o qarlı gədikləri aşaraq Gədəbəyə, Kəlbəcərə, Şəmkirə, Xanlara, Gəncəyə gəldilər…

Sonra isə quduzlaşan ermənilər Azərbaycan Respublikasının dövlət sərhəddinə basqın edib ərazimizin 20%-ni işğal etdilər. 900-dən çox yaşayış məntəqəmizi yandırdılar, yüzlərlə mədəni-maarif və sənaye müəssisələrimizi talan elədilər və bir milyondan çox soydaşlarımızı minillik yurdlarından didərgin saldılar…

Bütün bunları düşünə-düşünə çex jurnalisti Yulius Fuçikin məşhur “Ey insanlar, ayıq olun” və bir də bizim bir atalar məsəlini daim xatırlayıram: “Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz!”

Biz ayıq-sayıq olmalı, qeyrətə təpilib, silaha sarılmalı, itirdiklərimizi Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə geri qaytarıb, Azərbaycan dövlətlərinin sərhədlərini bərpa etməliyik.

O gün uzaqda deyil!

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle