Məhəmməd Hadinin dünyagörüşündə azərbaycançılıq, islamçılıq, türkçülük

Məhəmməd Hadinin dünyagörüşündə azərbaycançılıq, islamçılıq, türkçülük

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

II Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Azərbaycan Türk aydını, mühacir milli ziyalılarımızdan Hüseyn Baykaranın da yazdığı kimi, Məhəmməd Hadi irticaçı-müha­fizəkar qüvvələrə qarşı çıxaraq yeniləşməyi, müasirləşməyi təbliğ etmişdi. [1] Hadi yazırdı ki, Qərb xalqları yeni-yeni ixtiralar edib qabağa getdiyi, hətta fəzaya hakim olduğu halda müsəlman xalqları hələ də dünyanın öküzün, yoxsa balığın üstündə dayanmasını mübahisə edirlər. Eyni zamanda müsəlmanların əsas mübahisələri cin­lər və şeytanlarla bağlıdır. Hələ də Yusif və Züleyxa dastanından danışır, bunu məktəblərdə belə uşaqlara öyrədirlər. Halbuki Qərbdə məktəblilərə bu cür eşq dastanları deyil, dünyəvi elmlər, o cümlədən texnika, sənaye ilə bağlı elmlər tədris edirlər. O, yazırdı: “Elmi-sənaye əlhəqq ki, cahan mədəniyyətinin birinci xadimlərindəndir deyilsə, yeri vardır. Yüz min və bəlkə milyonlarca sənədən bəri kürreyi-ərzdə mədfun və məknun qalmış mədənlər, mənbələr, məx­zənlərin xəzaini-layətənahi-təbiətin birər-birər kəşf olunması və zühura çıxmasına səbəb elmi-sənaye degil də, hankı elmdir; əcaba, radium və ziyayi-bərqiyyə, elektrik kimi məfvadi ziyadarın meydani-istifadəyə qoyulmasına, ən müzlim qaranlıq mahiyyətlərin  əşyaiq əsrarı açılıb nuri-səhər kibi afaqa nəşr olunmasına səbəb yenə də o müqəddəs elmi-sənaye, elmi-əbdan degilmidir?.. Kürreyi-ərzdə bulunan nəbatat, cəmadat, heyvanatı insanın dəsti-iqtidarında təsxir edən elmi-ciməli-sənaye degilmidir…”.[2]

Hadi yazırdı ki, müsəlman xalqları arasında birlik əvəzinə nifaqın daha çox olmasına səbəb tarixdə baş verən bir çox olaylardan, o cümlədən Kərbəla faciəsindən nəticə çıxar­mamağımızdır. Hadi yazırdı ki, artıq müsəlmanlar qəflət yuxusundan oyanmalı, cahilliyin daşını atmalı İmam Hüseyn (ə) kimi əqidəli olmalı və əqidə tərafında birləşməlidirlər.[3] Hadi bu ruhlu şeirlərində yalnız vətənin və millətin hürriyyəti, islamın əsil mahiyyəti uğrunda mübarizə aparanlara deyil, bütün bunlara qarşı olanlara da Kərbəla müsibətindən nümunə gətirir və onları səhv yoldan daşındırmağa çalışırdı. [4]

Ümumilikdə, Hadinin islamlığa və yeniləşməyə münasibəti obyektiv səciyyə daşı­mışdır. Dövrünün problemlərini islamda deyil, dini xurafat və mövhu­matda görən Hadi sübut etməyə çalışırdı ki, islam heç bir vaxt dünyəvi elmlərin öyrənilməsinə zidd olmamış, bu kimi əsassız fikirləri yayanlar isə öz şəxsi məqsədlərini, mənfəətlərini güdən ruhanilər olmuşdur. Ona görə də, Hadi dini əsl elm və din alimlərindən öyrənməyin vacibliyini vurğulamışdır. O, insanların xoş­bəxt yaşaması üçün əsas təlim kimi islam dinini göstərmişdir. [5]

Sadəcə, əvvəllər islama çox ümid bağlayan Hadi sonralar bir qədər fikrini dəyişmişdir. O, yazırdı:

İntibah etsin deyə islam fəryad eyləriz,

Min nəva, min növheyi-dilsuz inşaf eyləriz,

Zənn edərdik ümməti-islamı irşad eyləriz,

Qəti-ümmid eylədik biz doğrusu islamdən.

 

Çünki elmü dinü dəhrə iltifatın yox sənin,

Yox deməkdir, yox deməkdir, yox həyatın, yox sənin!

Eyyühəl-islam, ümmidi-nicatın yox sənin,

Qəti-ümmid eylədik biz doğrusu islamdən.[6]

Hadi yazırdı ki, bu gün Avropanın inkişaf etməsi və gələcəyin də onlarla bağlı olması bir həqiqət olduğu halda, müsəlmanların bütün bunları görməzdən gəlməsi mənasızdır.

Bizcə, Hadinin sosial-siyasi görüşlərində islamçılıqla yanaşı, ümumi mahiyyətli türkçülük, ya da onun etnik-milli təcəssümü olan Qafqaz-Azərbaycan türkçülüyü də mühüm yer tutmuşdur.  O, hələ  1900-cü illərdə “Amali-tərəqqi”, “Amali-istiq­bal”, “Təraneyi-milli” və başqa şeirlərində yazırdı ki, cəmiyyət daxilində dini əqidə ilə yanaşı, milli əqidədə də vacibdir. O, “Amali-tərəqqi” şeirində yazırdı:

Həqiqi arizumuz intizami-hali-millətdir,

Məsaimiz bütün məsrufi-istikmali-millətdir,

Əsasi-fikrimiz təmini-istiqbali-millətdir,

Ürəkdə bəslənən amalımız iqbali-millətdir,

Yeganə nöqteyi-mətlub istiqlali-millətdir…

 

Vətənpiryadır bir qönçeyi-növxizi-ruhani,

Soluq baği-həyatə tabbəxş olmaqda ürfani,

Füyuzatilə ehya etmək istər baği-vicdani,

Nəsimi etmədə təhziz hissiyati-insani,

Rəvayihbəxşü bəhcətzayi-gülşənzari-millətdir.[7]

Hadi bir tərəfdən millətlərin inkişafını göz önünə gətirərək “yox millətimin xətti bu imzalar içində”[8] yazsa da, başqa tərəfdən gələcəkdə Qafqaz-Azərbaycan türklərinin xəttinin bu imzalar arasında olacağına ümid edirdi. Ona görə, bunun üçün Azərbaycan türkləri islam dini ilə yanaşı, milli-mənəvi dəyərlərə də sahib çıxmalı, həm dini, həm də milli birlik əmələ gətirməlidirlər. O, yazırdı:

Cahanı titrədər tövhidi-millət,

Qoparmazmı dağı olduqda himmət?

Yaşa, ey ittifaqi-millətəfruz!

Yerə bat, ey nifaqi-xanimansuz!

Nə sünni-şiə var Quranımızda,

Üxüvvət ləfzi var fürqanımızda..[9]

Hadi 1906-cı ilin dekabrında “Füyuzat”da Qahirədəki “Əl-məcəllətül-Osmaniyyə” jurnalında getmiş “Vətənin övladına nidası” məqaləsini milli və mütərəqqi ruhuna görə tərcümə etmişdir. Həmin məqalədə vətənin xarabalığına və yadlar tərəfindən əzilməsinə səbəb kimi, millətin öz vətəninə sahib çıxmaması göstərilirək yazılırdı ki, “başqa vətənpərvərlər görür ki, mən sizin məskən və vətəninizəm, səbəbi-səadət və həyatınızam: Məmafih, məni öylə bir halə – hali-pürməlalə ifrağ eylədiniz ki, mənim də sizin kibi əğyar nəzərində hörmətim, abriyuizzətim bütün-bütünə zail oldu. Aqibət cümləmiz əcnəbilər əlində əsir və dəstgir olduq. Əcaba, nəvsiniz, vicdanınız ədldən sonra zülmə razı oldumu? İnsaf əvəzinə cövr və sitəmə kəsbi-qənaət etdimi? Allaha qəsəm olsun ki, siz zalımlardan mədudsunuz. Nəzəri-ibrət və diqqətilə baxınız. Mənbəi-feyz və bərəkt olan ən gözəl bağ və bağçalarım, ən məhsuldar məzrəə və otlaqlarım qurbani-cəhalətiniz olaraq, bəzisi əcnəbilərə mal və bəzi də xəzanzadə və pamal oldu”. [10] Həmin məqaləni tərcümə etməklə yanaşı, Hadi bu yazının təsiri altında “Nidaül-Vətən” şeirini yazmışdır:

Dünyada əməlimiz fəqət emari-vətəndir,

Vicdanımızın sevdiyi dildari-vətəndir… [11]

Hadi “Dövri-mədəniyyət” adlı məqaləsində yazırdı ki, hazırda bəşər cəmiyyətini təşkil edən millətlərin ən böyük, ən əzəmətlisi mükəmməl və müntəzəm vasitələrə malik olanlardır. Deməli, hansı millət mükəmməl vasitələrə sahib olursa, həmin millət dünyada şərəfli də yer tutur. O, yazırdı: “Çünki mükəmməl vasitələrə, əsbabə malik olanlar alat və əsbab sayəsində ülumi-madiyyə, yəni “elmi-əbdan” vəchlə təhsilə müvəffəq olurlar”. [12]

Hadi “Füyuzat” jurnalında çap olunan “Fəzaili-insaniyyə” əsərində də sosial utopiyasını ifadə etmişdir. Hadinin ideal cəmiyyətində insanlar arasında ədavətə yer qalmamalı, cəmiyyətin bütün üzvləri bir-biri ilə qardaş olmalı, bütün yer üzündə insanlar bir-birinə ən səmimi məhəbbət bəsləməli, bu cəmiyyət behişti xatırlatmalıdır. O, yazırdı:

İnsan o zatdır ki,vəzaifşünas ola,

Nəxli-əməl misali səmərbəxşi-nas ola.

Fəyyaz ola günəş kimi gülzari-fitrətə,

Pərtövfəşani-feyz ola biği-şəhadətə.

Bir abi-saf tək çəməni xəndəzar edə,

Amalımız şükufələrin təbdar edə.

Meydan qəhrəmanı, hüquqaşina gərək,

Nuri-həqiqət ilə dili rövşəna gərək.

İfa edər vəzifəşünasın xidmətin,

Məsudü bəxtiyar qılar mülki-millətin. [13]

“Fəzaili-insaniyyə” ilə yanaşı, onun sosial utopiyasının məz­mun və mənasını başa düşmək üçün “Aləmi-müsavatdan”  əsərinə diqqət etmək lazımdır.  Burada da görürük ki, Hadinin ideal cəmiyyətində siniflər məhv edilmiş, hakim və məhkum, əzən və əzilən, zalım və məzlum qalmamışdır. O, yazırdı:

Hər lanədə gülməklər uçar, gör necə şənlik!

Bu cənnətin arayişi-əndamı gözəllik.

Bir qəhqəhə, bir zülmümə, əlhanixüruşan,

Əmvaci-məsərrat oluyor ruhda cuşan.

Küsmüşdü bu yerdən əcəba dideyi-nəmnak?

Üzlərdə səadət gülüyor, qəlb fərəhnak.

Abad olasan, ay belə gülzari-müsavat,

Haqdır denilərsə sənə cənnati-hüzuzat! [14]

Hətta, belə bir cəmiyyətdə hökumət də, dövlət də ləğv edilməli­dir. Bu ideal cəmiyyətdə qoyulan qaydalar ədalətə və bərabərliyə əsas­lanır. İnsanlar arasında qardaşlıq münasibətləri hökm sürür, burada yaşayanların əqidəsi “insana məhəbbət” şüarına əsaslanır. O, yazırdı:

Biz bilmiyoruz hakimü məhkumü hökumət,

İlqa edilibdir bu məmalikdə imarət.

Hürriyyəti-şəxsiyyəvü azadiyi-vicdan –

Çoxdan qılınıbdır bu gözəl şəhərdə elan.

Hürriyyəti-cəmiyyətü sərbəstiyi-əfkar –

Aşiqlərinə eylədi rüxsarını izhar.

İcra edilir qaideyi-ədlü müsavat,

Olmuş dilimiz dəftəri-ayati-müsavat.

“İnsana məhəbbət” sözü var məzhəbimizdə,

Həpsurey-insan oxunur məktəbimizdə. [15]

 

Türkçülüyə, Azərbaycan türkçülüyünə bağlılığın nəticəsi idi ki, Hadi  Cümhuriyyətin istiqlalını da sonsuz sevgi və hərarətlə qarşıla­mış, istiqlalımıza öygülər yağdırmışdır. “Türkün nəğməsi” şeirində o yazırdı ki, türkün töklən qanları, məfkurə yolunda gördüyü işlər hədər gedə bilməz və onlar getdiyi istiqlal yoldan geri dönməyəcəklər:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz.[16]

Hadi “Məfkureyi-aliyyəmiz” şeirində birmənalı şəkildə Azər­baycan Cümhuriyyətini Türk dövləti adlandırmışdı: “Ey Türk dövləti, və ya bəxti-növcavan”. [17] Eyni zamanda, o, gənc Türk dövlətinin varlığını dünya millətlərinə isbat etməyi zəruri hesab etmişdi:

Məfkurəmiz yolunda nə lazımsa etməli,

Məqsədə doğru əzmü-xüruşanla getməli.

Çıxsın dilərsə qarşımıza həp məzarımız,

Qorxmaz məzardan bu dili-əzmkarımız.

Guş eyləsin bu fikrimi əqvamikainat,

Amalizəval cəlalımız iştə: gözəl həyat!

Vicdanimillətə yazılıbdır bu ayəmiz:

Ən şanlı, ən şərəfli həyatiştə qayəmiz!. [18]

Türkçülüyün mahiyyətini dərindən anlayan Hadi istər geniş anlamda, istərsə də dar anlamda onu izah etməyə çalışmışdır.

 

[1] Baykara Hüseyn. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, s.165

[2]Hadi Məhəmməd. Elmi-əbdanə həqiqi bir nəzər. «Həyat» qəzeti, 1906-cı il, №183

[3]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.112

[4]Yenə orada, s.148

[5] Ağamirov M.M. Məhəmməd Hadinin fəlsəfəsi. Bakı, Azərnəşr, 1987, s.101

[6]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.77

[7]Yenə orada, s.29

[8]Yenə orada, s.130

[9]Yenə orada, s.142

[10]Hadi Məhəmməd. «Nidaül-Vətən», Füyuzat №5, 1906, 18 dekabr

[11]Yenə orada.

[12]Hadi Məhəmməd. «Dövri-mədəniyyət», Füyuzat №13, 1907, 24 mart

[13]Hadi Məhəmməd. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2005, s.49

[14]Yenə orada, s.322

[15]Yenə orada, s.324-325

[16]Bayramoğlu A.M. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat. Bakı, «Elm», 2003, s.105

[17]Osmanlı Vəli. Azərbaycan romantizmi. I cild, Bakı, «Elm», 2010, s.164

[18]Bayramoğlu A.M. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat. Bakı, «Elm», 2003, s.118

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle