“İlahiyyat İnstitutunun yaradılması təhsilimizdə böyük bir boşluğu doldurdu” – Rektor

“İlahiyyat İnstitutunun yaradılması təhsilimizdə böyük bir boşluğu doldurdu” – Rektor

Bir ildən çoxdur ki, qlobal pandemiya dünyanı öz təsiri altında saxlayır, o cümlədən Azərbaycana da virus təsirsiz ötüşməyib. Qeyd edim ki, bu şəraitə əvvəlcə, demək olar, heç bir müəssisə hazır deyildi. Sonradan bu bəla ilə birgə yaşamağa alışdıq. Əyani təhsil də COVID-19 səbəbindən qapanmağa məcbur oldu. Ötən ilin mart ayında bu istiqamətdə ilk tədbirlər görüldüyü vaxtdan bir il ötüb. Bu müddət ərzində tədrisi onlayn formatda davam etdiririk. Pandemiyanın təhsilə təsirinə gəlincə, tələbələrimizin dərsi mükəmməl qavramasını deyə bilərikmi? Məncə, xeyr. Ənənəvi təhsilin verdiyi imkanların hər birini distant təhsil qarşılaya bilmir. Fikrimcə, pedaqoqların çoxu mənimlə razılaşar. Tələbələr də, şagirdlər də parta arxasında daha məsuliyyətli olurlar. Bizim bəzi dərslərimiz var ki, onlayn tədrisdə müəllim də, tələbə də çətinlik çəkir. Bunlar dil fənləri və “Quranı-Kərim”in tədrisidir. Ümumilikdə götürdükdə, hazırdakı tədris qənaətbəxşdir. Tələbələrin çoxu dərsi mənimsəyir, tədrisə məsuliyyətlə yanaşır. İmkanı olmayan tələbələrə xüsusi kömək göstərməyə çalışırıq ki, onların hər biri dərslərdə iştirak etsin.

Bu fikirlər Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun distant təhsil ilə bağlı müsahibəsində yer alıb. Turkustan.info AZƏRTAC-a istinadla müsahibəni təqdim edir.

–Təhsilin onlayn formada təşkili müəllim-tələbə münasibətlərinə necə təsir göstərir?

–Müəyyən mənada təsir edir. Onlayn tədris onlar arasında sərhəd yaradır. Ünsiyyət vasitəsi kimi tədrisin məsafədən təşkili bəzən əngəllər yaradır. İnstitutumuz fəaliyyətə başladığı ilk dövrdən müəllimlər tələbələrimizlə təkcə sinif otağında görüşmürlər. Təhsilalanlarımızın problemləri yarandığı zaman qapımızı döyüb bizimlə əlaqə yarada bilirdilər. Onların hər birinin problemləri ilə indi də yaxından maraqlanmağa çalışırıq. Tələbələrimizin hər hansı bir problemi olduğu zaman çəkinmədən bizə zəng vurur, sözlərini deyə bilirlər. Hazırda İlahiyyat fakültəsinin dekanlığı rəhbərlik proqramı çərçivəsində tələbələrimizlə mütəmadi olaraq görüşür, müxtəlif vebinarlar təşkil edirlər.

–Aİİ-də distant təhsilin inkişafı üçün hansı addımlar atılır?

–2020-ci ilin mart ayından qlobal pandemiya səbəbindən əyani tədris distant təhsillə əvəzləndi. İlk olaraq dərsləri videoformatda keçməyə başladıq. Daha sonra Təhsil Nazirliyi “Microsoft Teams” proqramı təqdim etdi ki, dərslər bu platformadan keçirilməyə başlandı. Ali məktəblər sırasında həmin proqramı tez mənimsəyib tətbiq edənlərdən biri məhz İlahiyyat İnstitutu oldu. Dərslər cədvəllərə uyğun olaraq onlayn formatda davam etdirildi. Doğrudur, əyani təhsil daha əlverişlidir, lakin mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. Distant təhsilin inkişafı, problemlərin aradan qaldırılması məqsədilə mütəmadi olaraq iclaslar keçirilir, təklif və iradlar dinlənilir və nəticə çıxarılır.

Qeyd edim ki, institut tərəfindən onlayn dərslərə nəzarət mexanizmi də yaradılıb. Bunun üçün kafedra müdirləri dərslərə qoşulur. Bu semestrin artıq sonuna yaxınlaşırıq. Hazırda yay imtahan sessiyasının onlayn formatda təşkili qaydaları yenidən nəzərdən keçirilir, qarşıya çıxan problemlər aradan qaldırılır. Mən müəssisəmizin bütün fədakar kollektivinə, xüsusən müəllim heyətinə təşəkkürümü bildirirəm. Məhz onların peşəkarlığı və işgüzarlığı sayəsində bu proseslərdən üzüağ çıxırıq.

–Məlumdur ki, din təhsilində əsas amillərdən biri xarici dil bilgilərinin olmasıdır. Mükəmməl dil biliklərinin mənimsənilməsi üçün hansı işlər görülür?

–Azərbaycan İlahiyyat İnstitutunda təkcə İslam dini deyil, həmçinin digər dünya dinləri tədris edilir. Araşdırmalar aparılması üçün xarici dil bilgilərinin olması mütləqdir. Dil biliklərinin mükəmməl mənimsənilməsi üçün təkcə dərslərlə kifayətlənmirik. Ərəb və ingilis dillərindən kurslarımız var ki, onlar da hazırda onlayn formatda davam edir. Ərəb dilində klassik mətnlərin oxunmasını asanlaşdırmaq məqsədilə tələbələrimizə, həmçinin əqaid, fiqh kimi fənlərdən kurslar təşkil edirik. Nəzərinizə çatdırım ki, hazırda xarici ölkə universitetləri ilə əlaqələr yaradaraq, tələbələrimizin dil kurslarında onlayn iştirakını təmin edirik. Bunlardan biri Türkiyədə fəaliyyət göstərən Akdemİstanbul dil kursları ilə olan əməkdaşlığımızdır.

–Xarici ölkə universitetləri ilə əlaqələriniz necə qurulur? İkili diplom, xaricdə təhsil proqramları barədə düşünürsünüzmü?

–Xarici ölkə universitetləri ilə əlaqə qurduğumuz zaman təhsil sahəsində hərtərəfli əməkdaşlıq yaratmağa çalışırıq. İkili diplomla əlaqəli xarici universitetlərlə müzakirələr aparılır. Həmçinin “Erasmus+” və “Mövlana” proqramları üzrə bir çox universitetlərlə əlaqələr yaratmışıq, müqavilələr bağlamışıq. Məqsədimiz budur ki, tələbələrimizin müəyyən semestr ərzində həmin universitetlərdə təcrübə keçməsini təmin edək. Hazırda pandemiya səbəbindən tələbələrimiz bu universitetlərdə təhsillərini davam etdirə bilmirlər. İnanıram ki, əyani formada təhsil tezliklə bütün dünyada bərpa ediləcək və biz də bu imkanlardan faydalanacağıq.

–Bəs əcnəbi tələbələrin qəbulu necə, bu proses davam edirmi?

-İnstitutumuzda 2019-2020-ci tədris ilində xarici ölkələrdə yaşayan beş, 2020-2021-ci tədris ilində isə üç soydaşımız təhsilə başlayıb. Bu il də proses davam etdiriləcək. Qeyd edim ki, xaricdə yaşayan soydaşlarımız üçün dövlətimiz İlahiyyat İnstitutunda çox gözəl şərait yaradıb. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın Aİİ-də təhsil almaları üçün bütün imkanların mövcud olduğunu deyə bilərəm. Onların İnstitutda təhsil almaları üçün lazım olan qaydalar isə Aİİ-nin saytında (ait.edu.az) təfərrüatı ilə izah olunub.

–Aİİ-nin fəaliyyətə başlamasından artıq üç il ötür. Bunun bir ili sizin rektorluğunuz dövrünə təsadüf edir. Bu dövr ərzində nələri əldə etmisiniz? Plan və hədəfləriniz hansılardır?

–Din mənəvi dəyərlər sistemidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda tədris ödənişsiz əsaslarla həyata keçirilir. Ümumiyyətlə, dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından bir sıra uğurlara imza atmışıq. Ölkəmizdə həm dini, həm də dünyəvi elmləri mükəmməl əxz edən ziyalı və milli-mənəvi dəyərlərimizə bağlı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfə veririk.

Məlumdur ki, dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu, dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət göstərir. Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca təhsil müəssisəsinə ehtiyac duyulurdu. Üç il öncə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması təhsilimizdə böyük bir boşluğu doldurdu.

Nəzərinizə çatdırmaq istəyirəm ki, institutumuzda həm savadlı dinşünaslar, həm də islamşünaslar yetişir. Gələcəkdə digər dinlərlə əlaqədar mütəxəssislər hazırlamağı düşünürük. Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr keçirlər.

İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir və bütün imkanlarımızla bu istiqamətdə çalışırıq. Sözügedən istiqamətdə müəyyən işlər görülüb və proses davam etdirilir. Bir çox xarici universitetlərlə tələbə-müəllim mübadiləsi ilə bağlı müqavilələrimiz mövcuddur. Pandemiya bitdikdən sonra həmin əməkdaşlığı birbaşa həyata keçirməyi düşünürük. Əsas məqsədimiz qabaqcıl universitetlərin təcrübəsini öyrənmək, həmçinin tətbiq etməkdir. Eyni zamanda, Aİİ-yə təşrif buyuracaq xarici mütəxəssislərə yeniliklərimizi, praktiki fəaliyyətimizi nümayiş etdirəcəyik. Müəllimlərimizin bir neçə dildə sərbəst ünsiyyət qura bilmək bacarıqları bu prosesin aparılmasında bizə kömək edəcək.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle