Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Bu məqalədə biz tariximizin ən yeni mərhələsində azərbaycanşünaslığın elmi-nəzəri istiqamət kimi inkişafına və formalaşmasına zəmin yaradan amilləri ön plana çəkməyi, bir neçə nəsil Azərbaycan ziyalılarının klassik irsi üzərində formalaşan milli-ideoloji platformanın Heydər Əliyevin ideya və təşəbbüsləri işığında inkişafına nəzər salmağı, Qarabağın və işğal altında olan digər torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində, şübhəsiz ki, xalqımızın birliyinə və ruh yüksəkliyinə,  qələbəmizə xidmət etmiş azərbaycançılıq ideyalarının tədqiqi və tədrisi məsələlərinə diqqəti yönəltməyi qarşıya məqsəd qoymuşuq.

Elmi-nəzəri-ideoloji platforma olaraq bugün azərbaycanşünaslıq kifayət qədər yüksək elmi-metodiki səviyyədə təhlil və təsdiq olunub. Artıq bizdə azərbaycançılıq dünyagörüşü və azərbaycanşünaslıq elmi barədə dolğun təsəvvürlər, milli-mənəvi, milli-mədəni, milli-ideoloji təbliğat mexanizmləri formalaşıb. Bəli, mübaliğəsiz olaraq təsdiq edək ki, bu gün elmimiz ümumtürk tarixi-mədəni kontekstindən, türk-islam sivilizasiyaları mövcudluğundan, Azərbaycan superetnosu varlığından doğan bütün reallıqların məcmusunu özündə əxz edə bilən, dil, ədəbiyyat və folklorumuzun, tarixi gerçəklik və yaddaşımızın tipik və təsirli nümunələrinə istinad edən ciddi azərbaycanşünaslıq elmi-nəzəri platformasını təqdim edib. Bu platformanın təşəkkülünə və təsdiqinə gedən yolun final mərhələsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir…” tezisi ilə bağlılığı heç kəsdə şübhə doğurmur. Bu proseslərin sürətlənməsi məhz 90-cı illərin sonu – 2000-ci illərin ilk onilliyinə, diaspor təşkilatlarımızın yaradılması, dünya azərbaycanlılarının ilk qurultaylarının keçirilməsi dövrünə təsadüf edirdi. İctimai-siyasi hadisələr elmi təfəkkürdə və ölkənin tədris mühitində azərbaycançılığın və azərbaycanşünaslığın intişarına vəsilə oldu. Buna güc və təkan  verən isə istər dilimizdə, istərsə də şifahi və yazılı ədəbiyyatımızda mövcud olan söz və düşüncə bazası, milli birlik idealı və azadlıq  axtarışları idi. Qənaətim budur ki, biz son on-on beş il ərzində azərbaycançılığı və azərbaycanşünaslığı elmimizə, tədris vəsaitlərimizə, orta və ali məktəb dərsliklərinə, sinif otaqları və universitet auditoriyalarına, mətbuatımıza gətirməyi, böyüməkdə olan gənc nəsli milli, Vətənimizə və xalqımıza məhəbbət rühunda tərbiyə etməyi bacardıq, onların vətənpərvərliyi sayəsində İkinci Qarabağ savaşında zəfər çaldıq. Ali Baş Komandanın çağırışı ilə xalq dəmir yumruq kimi azərbaycançılıq ideyaları ətrafında və Azərbaycan amalları uğrunda birləşməyi bacardı… Böyük güclərin böyük və məkrli planlarının boşa çıxması Türk birliyi təfəkkürünü, Avrasiyanın köklü və nəhayətsiz tarixi-mədəni irsinə məxsusluğumuzu dərketmə prosesindən keçdi. Ciddi itkilərlə yaşadığımızı bir an belə unutmadığımız 30 il bizə nə qədər əziyyət və itkilər gətirsə də, azərbaycançılıq idealları, milli qeyrət və təşəbbüs ehtirasları xalqımızı yaranmış şəraitdə müşahidəsi çətin sezilən passionarlıq məqamına yetirdi. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin ifadə etdiyi kimi, bir ananın eşqi bir, yolu bir, dili bir, dini bir, ili bir, ayı bir iki oğlu bu tarixi məqamda bir yerə gəldi. Avrasiya tarixi-mədəni arealının əsl varisləri olan türk xalqları və ölkələrinin gerçək tarixi birliyi üçün əzəmətli bir səhifə açıldı…

Təəssüf ki, sovet illərində məktəbdə tədris olunan Azərbaycan tarixi üzrə dərsliklərdə xalqımızın çoxəsrlik şanlı tarixi öz əksini tapmadı. Lakin zaman-zaman ayrı-ayrı şəxslərin göstərdiyi tarixi şücaət, həyatlarını böyük təhlükə altına atmaları sayəsində tarixi və qan yaddaşımız qorundu. Ötən əsrin 50-60-cı illərində Mirzə İbrahimov və Şıxəli Qurbanov kimi böyük Azərbaycan ziyalıları ana dilinin işlədilməsi, milli dəyərlər və ənənələrin bərpası problemini gündəmə gətirdilər. 60-cı illər Azərbaycan ədəbiyyatı xalqın təhtəlşüurunda qorunub qalan, artıq unudulmaqda olan anlayış və məfhumlara can verdi. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə respublika Konstitusiyasında Azərbaycan dilinə Dövlət dili statusu verildi.

80-ci illərin sonunda Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr milli ruhun yüksəlməsi və milli dirçəlişin baş qaldırması ilə müşayiət olundu. Qanlı 20 Yanvar xalqımızın iradəsini qırmağa müyəssər olmadı, əksinə onun azadlıq və müstəqillik arzularını alovlandırdı. Bu tarixi mərhələdə Heydər Əliyev kimi dünyada səsi və sözü eşidilən liderə malik xalq hələ sovet rejimi çökməmiş Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağını bərpa etdi. Digər sovet respublikalarından fərqli olaraq müstəqilliyimiz ağır itkilər bahasına elan və təmin olundu. Məhz Ulu Öndərin təşəbbüs və çıxışları ilə elmi-nəzəri və milli-ideoloji platforma kimi artıq 90-cı illərin ikinci yarısında azərbaycanşünaslığın gündəmə gətirilməsi elmi-nəzəri və ictimai-siyasi dairələrdə güclü canlanmaya səbəb oldu. Təbii ki, qədim tarixə, dövlətçilik ənənələrinə malik 50 milyonluq xalq öz milli-ideoloji platformasının bazisini artıq çoxdan qoymuşdu. Müstəqilliyin və dövlətçiliyin yeni – növbəti mərhələsi tarixi təcrübəyə əsaslanaraq mövcud olmuş və hətta elmi-nəzəri status daşımış anlayış və məfhumlara yeni mahiyyət verməyi tələb edirdi. 100 illik yubileyini qürurla qeyd etdiyimiz birinci müstəqillik dövrünədək və o dövrdə formalaşmaqda olan milli-ideoloji anlayışlar, elmi-nəzəri baxışlar, eləcə də Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətinin ana xəttini təşkil etmiş Əli bəy Hüseynzadənin Türkləşmək, islamlaşmaq və avropalaşmaq prinsipi sonradan sovet ideoloji təpkisinin təsirləri altında zorla arxivləşdirildi. Ötən əsrin 20-ci illərində I Türkoloji qurultayın keçirilməsi, latın qrafikasına keçid, türkçülük ideyalarını, Azərbaycan sevdasını könüllərdə və yaddaşlarda yaşatmağa ünvanlanan Hüseyn Cavid şeiri və mənzum dramları, Almas İldırım, Əhməd Cavad, Məhəmməd Hadi, Mikayıl Müşfiq və b. poeziyası, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əhməd Cəfəroğlu, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və digər mütəfəkkirlərimizin irsi artıq o zamanlardan azərbaycanşünaslığın özülünü qoymaqda idi. Bu, elə bir möhkəm özül idi ki, sovet ideologiyasının tüğyan elədiyi dövrdə belə onillərlə Azərbaycan fundamental elmi və humanitar təfəkküründən türkologiya çıxdaş edilə bilmədi, Bakı sovet türkologiya məktəbinin mərkəzi statusunu qoruyub saxladı. Azərbaycan mühacirəti nümayəndələri azərbaycanşünaslıq ideyalarını, azad və demokratik Azərbaycan ideyasını öz fiziki varlıqları imkan verdiyi günədək bir irs kimi qoruya və bugünkü nəsillərə ötürə bildilər.

1993-cü ildə ikinci dəfə respublika rəhbərliyinə qayıdan və müstəqil ölkənin Prezidenti seçilən Heydər Əliyevin Azərbaycan sevgisi, məlum və kövrək çıxışları, Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması istiqamətində atdığı addımlar, müstəqil ölkə kimi ilk konstitusiyamızın yaradılmasından tutmuş, tarix, dil, milli kimlik, təhsil və maarifləndirmə, sosial-mədəni, iqtisadi, siyasi-diplomatik və s. köklü məsələlərədək bütün sahələrdə azərbaycançılıq məfkurəsinin və azərbaycanşünaslıq ideyalarının ön plana gətirilməsi bu anlayışları elmi-nəzəri və milli-ideoloji platforma kimi elmi diskursa cəlb etdi. Dünya azərbaycanlılarının I qurultayında Heydər Əliyev azərbaycançılıq anlayışının mahiyyətini açıqladı: Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bununla da cəmiyyət, o cümlədən, elm, təhsil və mədəniyyət müəssisələri, ictimai, humanitar və siyasi elmlər qarşısında aydın və konkret vəzifələr qoyuldu.

Mənəvi cəhətdən bu vəzifənin icrasına hazır olan Azərbaycan humanitar təfəkkürü tezliklə bir sıra fundamental araşdırmaları təqdim etməyə nail oldu. Bu mənada akademik N.Cəfərovun Azərbaycanşünaslığa giriş, filosof-alim S.Xəlilovun Heydər Əliyev və azərbaycançılıq məfkurəsi, ədəbiyyatşünas alim  N.Şəmsizadənin “Azərbaycançılıq” kitabları,  F.Ələkbərovun Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış adlı ikicildliyi,  Bakı Slavyan Universitetində hazırlanmış  Azərbaycanşünaslığa giriş dərs vəsaiti və sair mənbələr mühüm tədqiqat və təbliğat resursları  kimi əhəmiyyət kəsb etdi. Azərbaycançılığın və azərbaycanşünaslığın XX əsrin sonları – XXI əsrin əvvəllərində onlarla monoqrafiya, tədris vəsaiti və məqalənin tədqiqat predmeti və obyektinə çevrilməsinə, ilk növbədə, Heydər Əliyevin proqram xarakterli çıxışları təkan vermiş oldu.

Azərbaycançılıq anlayışına təkcə hər hansı platforma və ideologiya müstəvisində baxmaq düzgün olmazdı. Bu, bizim özümüzün, öz mövcudluğumuzun, bütövlüyümüzün fəlsəfəsinin, həyat və düşüncə tərzimizin, xalqımızın və Vətənimizin özünüqoruma immunitetindən doğan bir təfəkkürdür. Bu yerdə biz azərbaycançılıq amalını beş sözlə (AZADLIQ, MÜSTƏQİLLİK, BƏRABƏRLİK, QARDAŞLIQ, DOSTLUQ) ifadə edən böyük ziyalımız Anarın azərbaycançılıq ətrafında düşüncələrinə müraciət etmək istərdik: “Azərbaycan türk dünyasının bir parçasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası da var və bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli yerə malikdir…”.

Müasir azərbaycanşünaslığın inkişafında bir sıra xarici müəlliflərin rolu danılmazdır. Azərbaycanla bağlı faktların dolğun və tərəfsiz təqdimatına, əhəmiyyətli arxiv mənbələrinə, ölkəmizin müasir həyatını bariz şəkildə əks etdirən hadisələrə söykəndiyinə görə bu sırada biz daha çox iki rus müəllifinin əsərlərini qeyd edirik. Sankt-Peterburq Universitetinin professoru Yuri Pompeyevin “Qarabağ gündəliyi” trilogiyasını müstəqilliyimizin ilk 20 ilinin əsl salnaməsi hesab etmək olar. Müəllifin kitaba yazdığı “Yeni Azərbaycan” adlı ön sözdə ölkənin Birinci xanımı Mehriban Əliyevanın müsahibəsindən gətirdiyi sitata diqqət yetirərkən (“O (Prezident İlham Əliyevi nəzərdə tutur), bütün problemlərə sinə gərməyə, milli maraqları qorumağa, nəhayətsiz vətənpərvərlik və öz işinə sadiqlik nümunəsi göstərməyə qadirdir”) görürük ki, respublikamızda gedən mürəkkəb proseslərin dərin təhlilini verən və dialektikasını anlayan Yuri Pompeyev əsl uzaqgörənlik nümayiş etdirmiş, haqqında bəhs etdiyi Qarabağ probleminin xalqın və onun liderinin iradəsi ilə gec-tez Azərbaycanın xeyrinə həll olunacağına inamını ortaya qoymuşdu. Müasir azərbaycanşünaslıq materiallarının axtarılması, araşdırılması və geniş oxucu kütləsinə təqdim edilməsinə ciddi töhfələr verən Heydər Əliyev Fondunun dəstəyi ilə akademik  Rudolf İvanovun 2011-ci ildə “Azərbaycan tarixi oçerkləri” seriyası adı altında Moskvada işıq üzü görmüş iki kitabının (“Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri” və “Kəlb-Əli-xan Naxçıvanlının dövrü və irsi”) Rusiya oxucusunda Azərbaycan həqiqətlərinə ayıq münasibət yaratdığına əminik. Göstərilən mənbələr bugün respublikamızın ali təhsil müəssisələrində Azərbaycanşünaslıq ixtisası üzrə hazırlanan mütəxəssislər üçün əsas tədris resurları kimi böyük əhəmiyyət daşıyır.

Öz çıxışlarında ana dilimizin, anadilli ədəbi abidələrimizin yayılma və işlənmə arealından danışarkən, Heydər Əliyevin onları geniş Avrasiya tarixi-mədəni arealı kontekstində görməsi fikrinə də diqqət yetirməyi lazım bilirik. Fikrimizcə, Azərbaycan deyilən tarixi-mədəni-etnik-siyasi mövcudluğun böyük Avrasiya arealında təsəvvür edilməsi tariximizə, dil və ədəbiyyatımıza daha geniş kontekstdə işıq salınması imkanı yaratmaqla, yeni və məhsuldar bir elmi istiqamətin başlanğıcı ola bilər. Son bir neçə ildə ortaya qoyulmuş Azərbaycan tədqiqatları içərisində Cavanşir Feyziyevin Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli və Fərhad Əliyevin Avrasiyaçılıq: geopolitik diskurs kitabları bu nöqteyi-nəzərdən böyük maraq doğurur.

Milli ideal mücahidi Xəlil Rza poeziyasından gətirdiyimiz parça dünya azərbaycanlılarının əsl amalını onilliklər boyu ifadə edib və hələ neçə yüzilliklər ərzində bəyan edəcəkdir:

Mənə ildırım ver qələm yerinə,

Dəftərim Muğanın sinəsi olsun.

Bəşər dəryasında Azərbaycanım

Ən güclü səadət ləpəsi olsun.  

Bu sətirlər bizi həm də Ulu Öndərin dahi Səməd Vurğunun “Azərbaycan” şeirindən can yanğısı ilə gətirdiyi və müasirlərimizin yaddaşında silinməz izlər buraxmış “Ayrılarmı könül candan?/ Azərbaycan, Azərbaycan!” sözlərinin ritorikasının sehrinə salır.     

Telman CƏFƏROV,

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle