Peyvəndlər “Delta plus”a təsir edəcəkmi? – “Yoluxma sayında artım mümkündür”

Peyvəndlər “Delta plus”a təsir edəcəkmi? – “Yoluxma sayında artım mümkündür”

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasının Hindistan ştammı (“Delta”) sürətlə yayılmağa başlayıb.

Artıq virus qonşu ölkələr Rusiyada və Türkiyədə də aşkarlanıb. Azərbaycanda “Delta”-ya yoluxma halı qeydə alınmasa da, virusun yayılma sürəti çox olduğundan ölkəmiz üçün də təhlükə qalmaqdadır.

Xatırladaq ki, Hindistan ştammı ilk dəfə Hindistanda ötən ilin oktyabrında aşkar edilib.

Hindistanda yeni mutasiyaya uğramış virus növü olan “Delta plus” isə bu günlərdə sürətlə artmağa başlayıb. Həkimlər yeni versiyanın ağciyərə daha tez və güclü təsir etdiyini deyirlər.

Maraqlıdır, kütləvi şəkildə istifadə edilən peyvəndlərin virusun bu növünə qarşı təsirlidirmi?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, peyvəndlərin hər bir ştamma qarşı təsiri var:

“Peyvənd istehsal edən firmalar özləri açıqlama yaymışdı ki, bu peyvəndlər koronavirusun ştammlarına qarşı yaxşı təsir göstərir. Koronavirusun əsas ştammları Hindistan, Böyük Britaniya və Afrika ştammıdır. Araşdırmalar da göstərir ki, bu ştammlar adi virusdan o qədər də ciddi fərq yoxdur. Buna görə də peyvənd yaranan bütün ştammlara qarşı effektiv ola bilər”.

Mərdan Əliyev hesab edir ki, koronavirusun “Delta” variantı (Hindistan ştammı) Azərbaycanda da yayıla bilər:

“Yoluxma sayında artım mümkündür. Gigiyenik qaydalara mütləq şəkildə riayət olunmalıdır. Amma bizdə həm peyvənd olunanların, həm də yoluxub sağalanların sayı kifayət qədər çoxdur. Nəzərə alsaq ki, peyvənd olunanların əksəriyyəti yaşlı və orta nəsildir, olmayanlar ancaq 18 yaşdan aşağı olan insanlardır. Bu zaman bu ştammın daha da yoluxdurucu olacağını düşünmürəm”.

Paylaş:

Share